Bu ilin aprel ayında anamın
sağ ayağında xırda küt ağrılar başladı. Anam bununla bağlı narahat
olduğunu bildirdi; onu dərhal yaşadığımız Cəlilabad rayonunun
Göytəpə qəsəbəsində yerləşən xəstəxanalardan birinə
apardım.
Həkimlər anamın ayağının soyuqladığını bildirib, müalicə
yazdılar. Dərmanlara 50 manat verdim. Amma bu müalicə kursunu keçsə
də, səhhətində müsbətə doğru heç bir irəliləyiş olmadı. Əksinə,
müalicədən sonra anamın belində də ağrılar başladı və bu dəfə onu
Cəlilabad rayonunda yerləşən Diaqnostika Mərkəzinə apardıq. Tibb
müəssisəsində anamın belini yoxlayarkən həkimlər bir şey
anlamadıqlarına görə bizə bildirdilər ki, Bakıya gedin və orada
xəstənin belini dəqiq yoxlatdırın, bizim müəssisədə elə bir aparat
yoxdur ki, dəqiq diaqnoz qoya bilək. Burada bu xəbəri bizə deyən
həkimlərə 50 manat ödədik.
Bakıya, "Grant Hospital"a gəldik, neyrocərrah Sənan həkimlə
görüşdük. Sənan həkim anamın belini yoxlatdırmaq üçün bizi
"Gənclik" metrosu yaxınlığında yerləşən "Bakı klinikası"na
göndərdi. Orada anamın beli MRT müayinəsindən keçirildi. Bunun üçün
klinikaya 125 manat ödədim. Sonra Sənan həkimin yanına qayıtdıq və
həkim cavablara baxdıqdan sonra bildirdi ki, anamın belində
"qrija", yəni on milli onurğa yırtığı var. Amma bunun qorxulu bir
şey olmadığını, müalicə ilə düzələcəyini dedi.
Sənan həkim də anama müailcə yazdı və biz həmin dərmanları
alaraq anamı rayona apardıq. Bu dəfə reseptə 100 manata yaxın pul
verdim.
Müalicə başa çatdı, amma anamda ağrılar elə əvvəlki kimi
qalmışdı. Biz yenidən Sənan həkimin yanına gəldik.
Sənan həkim bizi N.Nərimanov rayonunda yerləşən "Türk Amerikan
Medical Center" klinikasında öz həkim yoldaşı olan neyrocərrah
Əliosman Qədimbəylinin yanına yolladı. Burada Əliosman həkim MRT
nəticələri ilə tanış olduqdan sonra bildirdi ki, xəstə 15 gün masaj
olunmalı və fizioterapiyadan keçməlidir.
Həkimin izahından sonra belə məlum oldu ki, anamın onurğa
sümüyündəki çıxıntılar sinir damarını sıxır və bu da xəstəyə
şiddətli ağrılar verir. Anam həkimin dediyi kimi, 15 gün müalicə
olundu və bu, müsbət təsir etdi: anam dözülməz ağrılardan az da
olsa canını qurtara bildi. 15 günlük müalicə zamanı hər gün
klinikaya 37 manat pul köçürdüm. Bu da ümumilikdə 555 manat
elədi.
Bundan sonra anamı yenidən rayona, öz evimizə qaytardıq. Amma
çox keçmədi, yenə şiddətli ağrıların əsiri oldu. Anam bildirdi ki,
həm belində, həm də sağ ayağının sümüyündə ağrılar var. Ağrıdan
səhərə qədər qışqırırdı və vurulan ağrıkəsici iynələrin heç biri
təsiri olmurdu.
Kənddəki ailə həkimimizin məsləhəti ilə bizi əslən Cəlilabad
rayonundan olan, hazırda Bakıda işləyən neyrocərrah Cəmil həkimlə
tanış etdilər. Anamı yenidən Bakıya gətirdik. Anamın beli yenidən
MRT olundu, yəni aparata salındı. Bu dəfə artıq anamın belində beş
yerdə yırtıq göründü. Cəmil həkim bildirdi ki, xəstə təcili
əməliyyat olunmalıdır.
Beləliklə, Cəmil həkim anamı iyulun 9-da Batamdarda yerləşən
"Caspian Hospital" klinikasında əməliyyat etdi. Əməliyyat üçün
klinikaya 700 manat pul ödədim. İki gündən sonra sevinə-sevinə
anamı rayona apardıq ki, bundan sonra yaxşı olacaq.
Əməliyyat olunandan beş gün sonra anamın yenə dözülməz ağrıları
başladı. Bunu Cəmil həkimə bildirdikdə isə həkim dedi ki, bu
normaldır və əməliyyatdan sonra ağrılar olmalıdır. Amma bel
yırtığından əməliyyat olunan bir neçə qonşu bizə gələrək, anama
bildirdilər ki, bizdə belə ağrılar olmayıb.
Avqustun əvvəllərində anamı halsız vəziyyətdə yenidən Cəmil
həkimin yanına gətirdim. Cəmil həkim anama iki həftəlik müalicə
yazdı. İynə və dərmanlara 60 manat pul ödədim. Anama vurulan qan
iynələrindən sonra şiddətli ağrılar sakitləşməyə başladı. Cəmil
həkim özü Türkiyəyə getdi və bildirdi ki, avqustun 20-dən sonra
Bakıda olacaq. Bu vaxt ərzində biz onunla telefonla əlaqə
saxladıq...
Anamın vəziyyəti pisləşdi və Cəmil həkim Türkiyədə olduğuna görə
anamı müalicə edən Əliosman Qədimbəylinin yanına gətirdik. Əliosman
həkim bildirdi ki, qan analizi verilməlidir. Anamın əməliyyat
olunduğunu biləndə isə təəssüfləndi ki, əməliyyata ehtiyac yox
idi.
Anam qan analizi verdi və analiz üçün klinikaya 118 manat
ödədim. Analizin cavabını aldıqdan sonra Əliosman həkim cavablarla
tanış oldu və bildirdi ki, bu, xərçəngin əlamətləridir. Bu diaqnozu
dəqiqləşdirmək üçün bizi N.Nərimanov rayonunda yerləşən "MediStyle
Klinikası"na yolladı.
Avqustun 17-də burada anam dörd aparatdan keçdi. Bütün bunlar
üçün klinikaya 455 manat ödədim. Avqustun 18-də cavabları alıb
Əliosman həkimin yanına gəldim. Həkim bildirdi ki, anamın qanında
myeloma xəstəliyi - yəni, qan xərçəngi və həmçinin onurğa sümüyündə
də xərçəng xəstəliyi var. Xəstəlik sürətlə yayılır və anamın nə
qədər yaşayacağı məlum deyil. Səhəri gün, yəni, avqustun 19-da
səhər saatlarında anam 49 yaşında dünyasını dəyişdi…
Yəqin anladınız ki, anamda ilk gündən xərçəng xəstəliyi olub.
Əgər vaxtında doğru diaqnoz qoysaydılar və müalicə də bu
istiqamətdə getsəydi, ən azı, "onurğa yırtığı" adı ilə xərçəng
xəstəsini əməliyyata götürməsəydilər, anam indi də yaşayırdı.
Savadsız həkimlərin pul hərisliyi anamın dünyadan vaxtsız köçməsinə
səbəb oldu.
Bunları nəyə görə yazdım? Yazdım ki, bəlkə, eyni situasiyada
olan kimlərinsə gözünə bu yazı sataşar və bəlkə də eyni vəziyyətdən
daha doğru nəticə çıxarmağa onlara yardımçı olaram.
Ana müqəddəsdir, müqəddəslərimizi tamah naminə əlimizdən alan
cahil həkimlərdən görəsən, kimə sığınaq?
Qeyd: Gənc şair Vasif Əlihüseynin anası Şəlalə
Əlihüseynova avqustun 19-da 49 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!