"Bir neçə həftə öncə anamın təzyiqi qalxdı və
burnundan qan gəlməyə başladı. Həkimə müraciət etdik. Müayinələrin
aparılmasına baxmayaraq, bizə konkret heç kim heç nə demədi.
Məsləhət bildik ki, başqa həkimə aparaq. Özəl xəstəxanaların birinə
müraciət etdik və bizə "tomoqrafiya olunmalıdır", - dedilər.
Kompüter tomoqrafiyasından sonra həkim bizə anamda ağciyər
infeksiyasının ola biləcəyini bildirdi. Ancaq əmin olmayıb, başqa
həkimə müraciət etdik. O həkim də xəstənin bronxoskopiya olunmasını
məsləhət bildi. Bronxoskopiya nəticəsində isə bizə anamın ağciyər
xərçəngi olduğunu dedilər", - Bakı sakini Sevinc Mehdiyeva
deyir.
Axar.az xəbər verir ki, S.Mehdiyeva son 1 aya yaxın müddətdə 15
həkimə baş çəkib.
Valideynini müayinə edənlər isə Bakının ən yaxşı həkimləri
olub:
"Həkimin bizə anamın xərçəng olduğunu dediyi zaman yaşadıqlarımı
təsəvvür edə bilməzsiniz. Həmin an bütün dünya başıma çökmüşdü.
Biopsiya götürdülər və dedilər ki, 10 gün sonra gələrsiniz. Həmin
10 gündə isə anamın gözlərinə baxa-baxa məcbur gülürdüm. Ona heç nə
hiss etdirməməliydim. 10 gün sonra biopsiyanın cavabını götürməyə
tamamilə ümidsiz getdim və nəticəni əlimə alan zaman nə edəcəyimi
bilmədim. Tez onkologiyada tapdığım həkimlərdən birinə cavabda nə
yazıldığını soruşdum. Nəticəyə görə anamın xərçəng olmadığını
dedilər. Yenidən bu diaqnozu qoyan həkimin yanına getdim. O
bildirdi ki, yenidən baxılmalıdır. İkinci dəfə nümunə götürdülər.
Həkim yenidən diaqnozunda xərçəng qeyd etdi. Yenə də 1 həftə əzabla
gözlədik. Nəhayət cavab gəldi. Yenə də eyni cavab idi. Hər hansı
xərçəng hüceyrəsinə rast gəlinməmişdi".
S.Mehdiyeva deyir ki, sonda bir həkim taparaq ona müraciət
ediblər. Müayinələrdən sonra anasının infeksiyaya yoluxduğunu və
onun nəticəsində qanaxmanın baş verdiyini qeyd ediblər:
"İndi 10 günə yaxındır ki, soyuqdəyməyə və infeksiyaya görə
müalicə alır. Şükürlər olsun ki, hər şey qaydasındadır. Ancaq bu
həkimlərin mənə yaşatdığını unuda bilmirəm. Hər gün özümə sual
verirəm ki, günahım nə idi ki, mənim yaxınlarım belə həkimlərə
möhtac olur? Bu gündən sonra hər hansı bir yaxınım xəstələndikdə
birbaşa ya Türkiyəyə, ya da İrana üz tutmağı düşünürəm. Yoxsa bütün
əzizlərimi bu həkimlər öldürəcəklər".
Səhv diaqnoz ucbatından əziyyət çəkən təkcə Sevinc xanım və onun
yaxınları olmayıb. Bununla bağlı hər gün sosial şəbəkələrdə
müxtəlif insanlar başına gələni yazır, redaksiyamıza məktub
ünvanlayırlar. Son olaraq hüquqşünas Aqil Layıcov da iyunun 18-də
sosial şəbəkədə qeyd etdiyi statusunda buna bənzər hadisəyə
toxunub. O, qeyd edib ki, onun tərəfindən həkim səhlənkarlığı
(malpraktis) ilə bağlı 4 iddia qaldırılıb. Hamısı da uğurla
nəticələnib:
"Yenə görünən odur ki, həkim terroru davam etməkdədir. Dünən
yanıma bir valideyn gəlib. 3 yaşlı uşağına dələduz klinikalardan
biri Hepatit C xəstəliyi diaqnozu qoyub. Ana və ata bu diaqnozdan
sonra həyəcandan şəkərə tutulub. Sonra başqa klinikaya gediblər və
bu dəfə uşağa ilik xərçəngi diaqnozu qoyulub. Ana və ata dərhal
özlərini itirərək yıxılıb və bu zaman qadının qabırğası sınıb. Bu
minvalla ana və atanın başına gəlməyən qalmayıb. Evlərini satıb
uşaqlarını Almaniyaya aparıblar. Verilən diaqnoz isə sadəcə
soyuqlama müəyyən edilib. Türkiyədə də soyuqlama diaqnozu qoyulub.
Artıq ana, ata şəkər xəstəliyi tapıb və müflis olublar. Bununla
bağlı məhkəməyə müraciət edəcəm. İctimai əsaslarla aparılan bu işə
qoşulub dəstək etmək istəyənlər olsa, buyura bilərlər. Dostlar
görünən odur ki, belə iddiaların sayı daha çox olmalıdır ki, bu
bisavadlarla mübarizə aparaq və məsuliyyətə cəlb etdirək. Amma çox
təəssüf ki, bu məsuliyyətsizliyin sayı atrmaqdadır".
Hüquqşünas Aqil Layıcov Bizimyol.info-ya açıqlamasında bildirib ki, artıq
həmin məsələ ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət
edilib:
"Görünən odur ki, istənilən məhkəmə qərarlarının olmasına
baxmayaraq, lazımi addımlar atılmır. Həkim terroruna hələ də "yox"
deyilmir. Əslində, qanunvericilikdə də bu sahədə boşluqlar var.
Həkimlər də manevrlərdən istifadə edərək terrora davam edirlər.
İstənilən halda qeyd olunur ki, əməliyyatlar və diaqnozlar
ictimaiyyətə açıq olmalıdır. Digər tərəfdən, bizdə bu məlumatlar
qıtdır, ictimaiyyətə açıq deyil. Tibbi praktiki səhiyyə işçilərinin
- həkimlərin, əczaçıların işi ilə bağlı sertifikatlaşdırma
qaydaları var. Bizdə isə necə gəldi hamıya sertifikat paylayırlar.
Bunun da hansı mexanizmlə, hansı şəffaflıqla verildiyi bəlli deyil.
Məhz bu səbəblər gələcəkdə pasientlərin hüquqlarının pozulmasına,
yersiz ölümlərin artmasına səbəb olur. Elə klinikalar var ki,
onların heç minimal şəraiti belə yoxdur. Buna baxmayaraq, həmin
klinikaların nəyə görə fəaliyyət göstərməsi, Səhiyyə Nazirliyinin
və buna nəzarət edən digər qurumların hara baxması sual doğurur.
Məsələn, "Medi Sina" klinikası vardı. Mütləq Elnarə Tofiq qızı kimi
vətənə, millətə yararlı şəxsiyyət ölməli idimi ki, ondan sonra
həmin klinikanın lisenziyası ləğv olunsun? Eyni zamanda həkimlər
məsuliyyətə cəlb olunsun. Yəni bunu əvvəlcədən görmək mümkün
deyildimi ki, bu fəlakətin qarşısı alınsın?"
A.Layıcov deyir ki, tibbi sığortanın tətbiq olunması belə heç
nəyi dəyişməyəcək. Yenə həmin həkimlər xəstələri müalicə
edəcək:
"Tibbi sığorta səhiyyənin keyfiyyətini artırası deyil. Digər
sığorta sahələri var. Bəyəm digər sığorta sahələri işləyirmi ki,
tibbi sığorta da işləsin? Mən sabah tibbi sığortadan yararlanıb,
yenə gedib həmin həkimlərə müraciət edəcəm. Digər tərəfdən, demək
lazımdır ki, həkimlərin təminatı da çox zəifdir. Belə olan halda
həkimlər bir neçə yerə parçalanmağa məcburdur. Belə olduqda da
həmin işin heç bir keyfiyyəti olmur. Həkimlərlə bağlı məhkəməyə də
müraciət etdikdə, onların işi əksər hallarda ekspertizaya
göndərilir. Ekspertiza da 99 faiz öz həkimlərinin tərəfini tutur.
Burada şəffaflığın olmaması faktı da var. Məhz şəffaflıq olmadıqda
ekspertiza rəyi düzgün olmur. Bu da öz növbəsində həkimlərin
məsuliyyətsizliyinə, bacarıqsızlığına, eyni zamanda onların
savadsızlığına gətirən amillərdən biridir".
Həkim Adil Qeybulla da deyir ki, diaqnostika məsələsində
çətinliklər dünyanın hər yerində var:
"Amerika Birləşmiş Ştatlarında metostatik formada tapılan
onkoloji xəstələrdə mənbə müayinə ilə tapıla bilmir. Ancaq
diaqnostikada bir də görürsünüz ki, hansısa bir xəstəliyin əlaməti
olduqda həkimlər onu bir az daha şişirdərək konkret bir xəstəliyin
üstünə gəlirlər. Son nəticədə görünür ki, bu birbaşa həmin xəstəlik
deyil, ancaq ona apara biləcək bir yoldur və s. Əslində, diaqnostik
səhvlərin obyektiv səbəbləri də var. Məsələn, lazımi avadanlığın,
şəraitin olmaması, xəstəliklərin bəzən atipik gedişi və s. Bütün
bunlar səhv diaqnostikaya gətirib çıxara bilər. Bir də subyektiv
səbəblər var. Xəstənin anamnezinin düzgün araşdırılmaması, onunla
kifayət qədər söhbətin aparılmaması, şikayətlərinə diqqətlə qulaq
asılmaması kimi məsələlər də diaqnostik səhvlərə gətirib çıxara
bilir".
A.Qeybulla deyir ki, diaqnostik səhv xəstənin həyatı bahasına
başa gələ bilər:
"Xəstənin lazımsız müalicələr almasına gətirib çıxara bilər ki,
bu da yolverilməzdir. Bu məsələdə fikrimcə, çıxış yolu budur ki,
hər hansı bir diaqnoz qoyularkən beynəlxalq kriteriyalardan
istifadə olunmalıdır. Bütün dünyada xəstələrin müayinəsi konkret
protokollar üzrə aparılır. Əgər hansısa şikayəti olan xəstəni ürək
xəstəsi kimi dəyərləndiririksə, onun konkret müayinə protokolları
olmalıdır. Bu cür müayinədə hər şey əl altında olur. Məsələn, heç
vaxt histolojik müayinə olmadan xəstəyə xərçəng diaqnozu qoyula
bilməz. Hər hansısa şiş hüceyrəsi varsa, biz onu əvvəl tumor kimi
yazırıq. Yeni törəmədən də toxuma nümunəsi götürülərək analizə
göndərilir. Histologiya onu təsdiq etdikdən sonra pasientin xərçəng
olduğunu demək mümkündür".