Yaxın Şərqdəki son hərbi hərəkətliliyin xəritəsi regionda kifayət qədər aydın, bir o qədər də təhlükəli modelin formalaşdığını göstərir. İranın cənub sahilləri – xüsusilə Çabahardan Konarəkə, Bəndər-Abbasdan Fars körfəzinin strateji adalarına qədər olan geniş zona – artıq aktiv atəş xəttinə çevrilib. Bu mənzərə qarşısında əsaslı bir sual yaranır: Hücum edən tərəflər hərbi güclərini niyə məhz cənub sahillərində cəmləşdiriblər? Bu intensiv zərbələr irimiqyaslı quru əməliyyatının anonsudur, yoxsa Tehranın strateji qollarını iflic etməyə yönəlmiş mürəkkəb bir geosiyasi gediş?
Ekspertlərin və hərbi analitiklərin rəyləri göstərir ki, İranın cənub sahil xəttinin hədəf seçilməsi əsla təsadüfi deyil. Bu region Fars körfəzindəki hərbi və iqtisadi güc balansının ürəyi hesab olunur. Hücum edən güclər bu coğrafiyada üç strateji hədəf güdürlər. İlk növbədə, İranın hava hücumundan müdafiə sistemlərini “kor etmək” istəyirlər. Çünki ölkənin cənub zonası ən mühüm erkən xəbərdarlıq radarlarına və raketdən müdafiə komplekslərinə, eləcə də raket buraxılış qurğularına ev sahibliyi edir; bu şəbəkənin zəiflədilməsi daxili rayonlara havadan nüfuz etməyi asanlaşdırır.
İkinci əsas məqsəd Hörmüz boğazına nəzarətdir. Hava zərbələri ilə İranın neft tankerlərini ələ keçirmək və ya sahildən dənizə raket atmaq imkanları neytrallaşdırılır, beləliklə dünya ticarətinin bu əsas magistralı üzərində nəzarəti geri qaytarmağa çalışırlar.
Nəhayət, bu zərbələr birbaşa iqtisadi blokada məqsədi daşıyır. Cənubdakı limanlar və neft terminalları İranın sanksiyalardan qaçış xəttidir. Bu infrastrukturun sıradan çıxarılması beynəlxalq qətnamələrə ehtiyac olmadan Tehranı tam iqtisadi təcrid vəziyyətinə salmaq deməkdir.
Hücumların intensivləşməsi fonunda medianın gündəminə gələn “İranın cənubunun quru yolu ilə işğalı” ssenarisi isə hərbi planlaşdırıcılar tərəfindən qətiyyətlə rədd edilir. Nüfuzlu beyin mərkəzlərinin analitikləri vurğulayırlar ki, İran ərazisinə quru qoşunları ilə daxil olmaq sadəcə logistik bir intihardır. Ölkənin çətin coğrafiyası, geniş ərazisi və strateji dərinliyi hər hansı bir quru müharibəsi ssenarisini tamamilə masadan qaldırır. Sahilin kiçik bir hissəsini belə ələ keçirmək on minlərlə əsgərin riskə atılması və ağır canlı qüvvə itkisinin qəbul edilməsi deməkdir. Məhz buna görə də xarici güclər “uzaqdan idarə olunan tükəndirmə kampaniyası”na üstünlük verirlər. Strategiyanın əsas mahiyyəti quru qoşunlarını cəlb etmədən, yalnız hava və dəniz zərbələri ilə hədəfə çatmaqdır.
Lakin bu hərbi doktrina ülgüc üzərində gəzinti kimidir; hücum edən tərəflərə bəzi müvəqqəti üstünlüklər qazandırsa da, ciddi risklər də gətirir. Taktiki baxımdan pilotsuz uçuş aparatlarının anqarlarının və raket buraxılış qurğularının məhv edilməsi İranın dənizdəki çevik reaksiya imkanını müvəqqəti iflic edir. Üstəlik, uzaqmənzilli raketlərdən və PUA-lardan istifadə insan itkisini sıfıra endirdiyi üçün hücum edən ölkələrin daxili siyasətində anti-müharibə təzyiqlərinin qarşısını alır; bir növ “tabutsuz müharibə” modeli tətbiq olunur. Strategiyanın qarşısındakı ən böyük maneə isə İranın “raket şəhərləri” kabusudur. Tehranın raket arsenalının böyük hissəsi dağların və yeraltı tunellərin dərinliyində gizlədilib. Adi bombalara davamlı olan bu sığınacaqlarda buraxılış qurğularının yerini sürətlə dəyişərək yenidən cavab atəşi açmaq imkanı verir.
Müharibələrin tarixi sübut edir ki, təkcə hava bombalamaları heç bir hökuməti təslim olmağa məcbur etməyib, əksinə, cəmiyyətdə daxili həmrəyliyi və müqavimət hissini artırıb. Digər tərəfdən, İranın əlində hələ də su yollarının gizli minalanması, kamikadze qayıqlar və regional kibertəhdidlər kimi kəskin cavab kartları var. Bu amillərin işə düşməsi qlobal neft bazarında kəskin qiymət artımına və qlobal iqtisadi böhrana yol aça bilər.
Nəticə etibarilə, “işğalsız bombalama” taktikası quru müharibəsinin reallığından bir növ qaçış cəhdidir və tərəfləri ortamüddətli perspektivdə sonsuz bir asimmetrik qarşıdurma dövrünə sürükləyir. Bu qanlı şahmat oyununda qalib gələn ən çox bomba atan tərəf deyil, tükəndirici və sonu görünməyən bir döyüşdə dözümlülük resursları daha çox olan tərəf olacaq.