Ana səhifə Siyasət |
17:47
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. Şəki rayonunun əhalisi 116539 nəfər olan 15 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2020-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Ölkənin qocaman ali təhsil müəssisələrindən biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin inkişaf yolu keçmiş, ötən müddət ərzində xeyli sayda peşəkar neftçi və mühəndis, eləcə də dünyanın onlarla ölkəsi üçün neft mühəndisi və elmi kadrlar hazırlamışdır. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr vermiş bu elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Universitetin qabaqcıl alim və mütəxəssislərinin, professor-müəllim heyətinin yaxından köməyi ilə keçmiş sovetlər birliyində və bir sıra xarici ölkələrdə neft-qaz profilli ali məktəblər təsis edilmişdir. Onun çoxsaylı məzunları arasında tanınmış dövlət xadimləri və görkəmli alimlər vardır.
Fəaliyyətini müasir Azərbaycan təhsilinin strateji hədəflərinə uyğun quran və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Universitet bu gün də ölkəmizin sənayesi və iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik ixtisaslar üzrə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi işində öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. Beynəlxalq təhsil məkanına inteqrasiya yolu seçməklə dünyanın aparıcı ali məktəbləri ilə qurduğu qarşılıqlı əlaqələr, habelə ikili diplom proqramlarının tətbiqi Universitetdə görülmüş işlərin uğurlu nəticələrindəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” 1998-ci il 13 mart tarixli 685 nömrəli, “Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” 1998-ci il 30 mart tarixli 693 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1578-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 729 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2012, № 10, maddə 952; 2013, № 11, maddə 1333; 2014, № 10, maddə 1214, № 12, maddə 1550; 2017, № 9, maddə 1634; 2018, № 5, maddə 968; 2019, №9, maddə 1492) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə “və 91-ci maddəsinin birinci hissəsində” sözləri “, 91-ci maddəsinin birinci hissəsində və 94-cü maddəsinin beşinci hissəsində” sözləri ilə əvəz edilsin;
1.2. 2.20-ci, 2.22-ci və 2.27-ci bəndlərin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.28-ci bənd əlavə edilsin:
“2.28. həmin Məcəllənin 94-cü maddəsinin beşinci hissəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.
2. “Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 177; 2003, № 10, maddə 546; 2004, № 12, maddə 1005; 2007, № 2, maddə 87, № 6, maddə 601; 2009, № 10, maddə 776; 2014, № 10, maddə 1215) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasa “on səkkizinci abzasında” sözlərindən sonra və 36-cı maddəsinin ikinci hissəsində” sözləri əlavə edilsin;
2.2. dördüncü abzasda “36-cı maddəsində” sözləri “36-cı maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilsin;
2.3. doqquzuncu və onuncu abzasların sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“həmin Məcəllənin 36-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2617; 2019, №10, maddə 1581) ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.2.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.4-cü yarımbənd əlavə edilsin:
“3.2.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi”
Tarix
2020.02.06 / 19:51
|
Müəllif
Axar.az
|