Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 Sentyabr 2020


Prezident elan etdi: bu qurumlarda nələr dəyişir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər cənab Prezident Dövlət Neft Şirkəti kimi ən rentabelli sayılan qurumun da fəaliyyətindən narazılıq edirsə və onun büdcədən asılılığını davam etdirdiyini vurğulayırsa, demək, qarşıda bizi növbəti və idarəetmə formasına ciddi təsir edəcək böyük islahatlar gözləyir.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ötən gün Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə haqda danışarkən deyib.

Aynur Camalqızı bildirib ki, hər kəs artıq ölkədə inqilabi dəyişikliklərin getdiyini anlamalı və fəaliyyətini buna uyğun qurmalıdır:

“Prezident ötən çıxışlarının birində də xüsusi olaraq vurğuladı ki, iqtisadiyyat inkişaf edir, yeni reallıqlar ortaya çıxır və bu reallıqlarla ayaqlaşmaq üçün dəyişikliklər mütləqdir. Başqa sözlə desək, Prezident İlham Əliyev islahatların daim davam edəcəyini, təkcə kadr deyil, o cümlədən struktur, idarəetmə sistemində yenilənmələrin aparılacağını və müasir tələblərin təqib ediləcəyini bildirmişdi. Bu, hazırda da davam edir və ötəngünkü müşavirədə gördük ki, Prezident İlham Əliyev prosesi daha da sürətləndirməkdə, ən qısa müddətdə bütün istiqamətlərdə fərqli idarəetmə formasına keçiddə qərarlıdır”.

Politoloqun sözlərinə görə, müşavirədə ən diqqətçəkən məqamlardan biri format idi:

“Prezidentin müşavirəsində Baş nazir, İqtisadiyyat naziri və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri iştirak edirdi və bütün göstəriş və tapşırıqlar da birbaşa onlara ünvanlanmışdı. Əlbəttə, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı müşavirədə digər aidiyyəti qurumlar, o cümlədən Prezidentin çıxışında adı hallanan dövlət şirkətlərinin rəhbərləri də iştirak edə bilərdi. Ancaq biz müşavirədə hökumətin ən strateji-sosial qurum rəhbərlərini və tamamilə fərqli düşüncə tərzi ilə çalışan kadrları müşahidə etdik. Hesab edirəm ki, Prezident özəlləşmə üçün təkliflər irəli sürən yerli və xarici şirkətlərin təşəbbüslərinin qiymətləndirilməməsi, o cümlədən onların fəaliyyətinə maneə yaradılması barədə təsadüfən söz açmadı. Və həm də dövlət qurumlarının özlərinin xarici investorlara təkliflər hazırlaması, layihələr təqdim etməsini də dünənki formatda iştirak edənlərə təsadüfən demədi”.

A.Camalqızı Prezidentin toxunduğu sahələri ümumiləşdirib:

“Prezident İlham Əliyevin hər bir çıxışı konsepsiyadır və ötən gün bizim əslində böyük bir islahat, dəyişikliklər konsepsiyasının tezislərini detallarına qədər öyrənmək imkanımız oldu. Prezident hətta ölkədəki, xüsusilə Bakı şəhərindəki sovetdən qalma, çürümüş, sıradan çıxan, ancaq müəyyən əraziyə malik müəssisələrin canlandırılması istiqamətində ciddi tapşırıqlar verdi. Bu qədər detallarına qədər söylənilən konsepsiyanı həyata keçirəcək şəxslərin qısa müddətdə Prezidentə layihələr təqdim edəcəyinə şübhə etmirəm. Çünki Prezident o təklifləri imzalamağa hazır olduğunu da hökumətin nəzərinə çatdırdı.

Eyni zamanda, xüsusilə vurğulamağı özümə borc bilirəm ki, millət vəkili Qüdrət Həsənquliyevin aylardır səsləndirdiyi özəlləşmə ilə bağlı təkliflərinin nə qədər önəmli olduğu da üzə çıxdı. Prezident bir tərəfdən yerlərdən gələn təkliflərə necə diqqətlə yanaşdığını, digər tərəfdən isə prosesin ən yüksək səviyyədə icrası üçün bütün xırdalıqları gördüyünü öz nitqində nümayiş etdirmiş oldu.

Dövlət büdcəsindən daimi dotasiya alan, xarici borcları dövlət tərəfindən bağlanan, işini müasir tələblərə uyğun qurmayan qurumların adını Prezident qeyd etdi: AZAL, “Azərsu”, “Azərenerji”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Xəzər Dəniz Gəmiçiliyi və s. Neft Şirkəti də tənqid olunanlar sırasında idi. Çünki ölkənin qazlaşdırılması üçün dövlət büdcəsində bu il də 100 milyon nəzərdə tutulub, halbuki bu prosesi Neft Şirkəti özü icra etməlidir.

“Azərsu” da, “Azərenerji” də böyük qurumlardır və dövlət dəstəyinə ehtiyacları olmamalıdır. Ancaq biz illərdir tamamilə başqa halın şahidi oluruq. Bu qurumların özəlləşməyə təqdim edilməsi təklifi də vaxtaşırı səsləndirilir. Ancaq dövlət strateji qurumlar olduğunu, həmçinin “Barmek-Azərbaycan” kimi mənfi təcrübəni nəzərə alaraq, bu sahədə özəlləşməyə indiyə qədər tələsməyib.

Eyni zamanda bu kateqoriyaya Dövlət Neft Şirkəti də aiddir.

Hazırda da bu qurumlardakı islahat prosesinin sürətlə gedəcəyini düşünmürəm – çünki olduqca həssas strukturlardır. Ancaq idarəetmə formasının əsaslı şəkildə dəyişəcəyi şübhəsizdir. Məsələ ondadır ki, Prezident ilk növbədə bu qurumlardan idarəetmə düşüncəsini dəyişməyi tələb edir. Yəni sən dövlət qurumu ola bilərsən, ancaq idarəetmə forması mütləq müasir tələblərə cavab verməlidir, Prezidentin özünün də xüsusi olaraq qeyd etdiyi kimi, sovet düşüncə tərzi bitməlidir. Əslində sovet sisteminin tarixə qovuşmasından az qala 30 il sonra o düşüncəni saxlamaq “qabiliyyəti”nin özü bir möcüzədir. Yeni nəsil gəlib, yeni təfəkkür, iqtisadi münasibətlər formalaşıb, az qala hər gün iqtisadi reallıqlar dəyişir, belə halda 30 il öncənin təfəkkürünü necə saxlamaq olar?”

A.Camalqızı bildirib ki, böyük mənada özəlləşmə ilə dövlət büdcəsinin artıq yüklərdən xilas olmasının vaxtı çatıb:

“Dünyada neft qiymətləri çox dəyişkəndir və ümumiyyətlə, neftdən asılılığa birdəfəlik son qoyulmalıdır. Neft erası da bitir, alternativ enerji mənbələri yaranır. Dünya ölkələri alternativ enerjiyə keçir, elektrik enerjisi ilə çalışan avtomobillərin sayı hər il sürətlə artır. Hələ illər öncə Prezident İlham Əliyev bunu görmüş və alternativ enerji mənbələrinin yaradılması barədə sərəncamlar imzalamışdı.

Hazırkı koronavirus pandemiyası isə daha fərqli iqtisadi reallıqlar diktə edir. Dövlət bütün artıq yüklərdən dərhal xilas olmalıdır. Əksinə, dövlət hazırda dotasiya verdiyi bir çox qurumların yüksək vergi ödəyicisi olmasını tələb edir, çünki bunun üçün böyük potensial var.

Pandemiyaya görə dünyanın nə qədər böyük aviaşirkətləri müflis oldu! AZAL isə qorunur. Onun bütün yükünü dövlət nə qədər çəkməlidir? Hansı vaxta, müddətə qədər?

Prezident İlham Əliyev də hökumətin qarşısında bu tələbləri qoydu: ölkənin köhnəlmiş, atılmış, çürümüş müəssisələrinin dirçəldilməsindən tutmuş rentabelli işləməyə borclu olan qurumlara qədər, bütün sektor müasir tələblərə, hazırkı iqtisadi reallıqlara uyğun çalışmalı, iqtisadi təhdidlərə özü cavab verməlidir. Bunun üçünsə ilk növbədə idarəetmə forması dəyişməlidir. Düşünürəm ki, bunlardan bəzilərinə özəlləşmə, bəzilərinə isə yeni iderəetmə forması tətbiq ediləcək.

Prezidentin ötəngünkü nitq-konsepsiyasının hədəfi budur”.

Tarix
2020.08.08 / 09:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov ABŞ dövlət katibinin müavini ilə danışdı

İlham Əliyev erməni təxribatı ilə bağlı paylaşım etdi - Foto

ABŞ-dan Qarabağ bəyanatı: Gərginlik...

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

Torpaqlarımızı azad edəcəyik – Mehriban Əliyeva

Paşinyan Makronla danışdı

Estoniyadan Qarabağ açıqlaması

Ordumuz bütün cəbhə xətti boyu əməliyyata başlayıb – Səfir

Savelyevdən Qarabağ açıqlaması: Kremlin mövqeyi...

Bu dəfə Ermənistan cavabını meydanda alır - Çavuşoğlu

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla