Yuxarı

Bəhreyn qəzeti Dağlıq Qarabağdan yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan ərazi bütövlüyünün bərpasını tələb edir” sərlövhəli məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi kobud şəkildə pozması, cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərini intensiv atəşə tutaraq bu il üçüncü dəfə Azərbaycana qarşı yeni bir təcavüzə başlaması, cəbhə boyu əhalinin sıx yaşadığı əraziləri və mülki obyektləri qəsdən hədəfə alması, işğalçı ölkənin gələcək hərbi təcavüzünün qarşısını almaq və mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq hüquqa tam uyğun olaraq əks-hücum tədbirlərinə başladığı diqqətə çatdırılır.

Müəllif 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin vasitəçiliyi ilə uzun müddət danışıqlar aparıldığını, nəticələrin yalnız kağız üzərində qaldığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmadığını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı heç bir nəticə əldə olunmadığını qeyd edib. Həmsədrlər müəyyən bir nəticəni əldə etmək üçün prosesi idarə etməyi öz üzərilərinə götürsələr də, 1994-cü ildə atəşkəsin qüvvəyə minməsindən sonra münaqişə dondurulmuş vəziyyətdə qalmış və Minsk Qrupunun qoyduğu hədəflərin heç birinə nail olunmamışdır.

Yazıda son iki ildə Ermənistanın yeni hökuməti tərəfindən həm sözdə, həm də əməldə törədilən bir sıra təxribatların münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə xələl gətirdiyi, işğalçı ölkənin atəşkəsi pozmağa davam etdiyi və Ermənistanın Müdafiə nazirinin daha uzağa gedərək, ölkəni yeni ərazilər üçün yeni müharibəyə hazırlamağa çağırdığı qeyd edilib.

Məqalədə Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Beyləqan və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində mülki insanların həlak olduğu və yaralandığı, çoxlu sayda yaşayış binası və mülki obyektin dağıldığı diqqətə çatdırılır.

Müəllif vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın gərginliyi artırması və təmas xəttində təxribatları barədə xəbərdarlıq edib. Dövlətimizin başçısı öz müsahibələrində və xalqa müraciətlərində atəşin dayandırılması və sülhə nail olmağın yeganə yolunun Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması üzrə konkret cədvəl təqdim etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycan xalqından üzr istəməsi olduğunu bildirib.

Məqalədə İslam aləminin və ərəb ölkələrinin Azərbaycanın haqlı mövqeyini daha fəal dəstəkləməli, dünyanın təcavüzkarla təcavüz qurbanlarını bərabərləşdirməməli olduğu və Cənubi Qafqazda sülh və sabitliyin yalnız bütün işğal olunmuş Azərbaycan ərazilərinin azad edildikdən sonra bərpa olunacağı qeyd edilib.

Səfirin “The Daily Tribune News of Bahrain”in dərc edilmiş “Dünyanın Dağlıq Qarabağla bağlı yanlış anlayışı” sərlövhəli daha bir məqaləsində bir çox insanın Dağlıq Qarabağ münaqişəsindən danışarkən kifayət qədər böyük səhvlərə yol verdiyi, bunu məqsədli şəkildə edənlərin olduğu, ancaq həqiqətdən xəbərsiz olanların da yalan məlumatlara inandığı bildirilir. Səfir əlavə edib ki, bəzi ölkələrin nümayəndələri işğalçı Ermənistanın cinayətlərinə aydın mövqe sərgiləmir, vətəndaşları arasında yanlış fikirlər formalaşdırır. Təəssüf ki, bu cür xoşagəlməz vəziyyət beynəlxalq mətbuatda da tez-tez müşahidə olunur və münaqişənin təfərrüatları barədə heç bir məlumatı olmayan insanlar arasında yanlış rəylər yaradılır.

Məqalədə bu gün ermənilərin Dağlıq Qarabağı "Arsax" adlandırdığı, lakin "Arsax"ın Qafqaz Albaniyasına aid 12 vilayətdən biri olduğu və erməni etimologiyasında Arsax, Alban və Qarabağ sözlərinin mövcud olmadığı, hər üç sözün Azərbaycan dilində mənalarının olduğu bildirilir.

Müəllif diqqətə çatdırıb ki, Çar Rusiyası 1813-1828-ci illərdə Azərbaycan xanlıqlarını özünə tabe etdirdikdən sonra sərhədləri daxilində xristian icması yaratmaq üçün İrandan və Yaxın Şərqdən erməniləri indiki Ermənistan ərazisinə və Dağlıq Qarabağ regionuna köçürməyə başlayıb və həmin dövrdə Rusiyanın Tehranda səfiri olmuş Aleksandr Qriboyedovun rus çarına yazdığı məktubda bir milyondan çox erməninin sözügedən ərazilərə köçürüldüyü açıq şəkildə göstərilib. Rus çarının əmri ilə 1836-cı ildə alban kilsələri rəsmi olaraq ermənilərə verilib və onlar həmin məbədləri, tarixi abidələri öz adlarına çıxaraq min illər boyu bunlara sahib olduqlarına dair yalançı iddialar irəli sürməyə başlayıblar.

Məqalədə Rus imperiyası dövründə başlayan antitürk və anti-Azərbaycan siyasətinin SSRİ dövründə davam etdirdildiyi, Qarabağın iki yerə bölündüyü, 1923-cü ildə Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtariyyət yaradıldığı, Zəngəzurun Ermənistana bağışlanıldığı və 1929-cu ildə isə Mehri rayonunu Ermənistana verməklə Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasındakı sərhədlərin yox edildiyi bildirilir.

Müəllif ATƏT-in Minsk Qrupunun 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradıldığını, lakin 28 il ərzində onun münaqişənin həlli ilə bağlı heç bir nəticə əldə etmədiyini qeyd edir.

Məqalədə torpaqlarımızı düşmən tapdağından azad edən rəşadətli Azərbaycan Ordusunun qarşısında aciz qalan düşmənin öz raketlərini cəbhə xəttindən uzaq olan Azərbaycanın digər şəhər və kəndlərinə atdığı, Gəncə, Mingəçevir, Beyləqan, Tərtər, Bərdə, Xızı və digər rayonları və Abşeron yarımadasını atəşə tutduğu, mülki əhali arasında ölənlərin və yaralananların olduğu qeyd olunub.

Sonda vurğulanıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Ermənistanın BMT-nin 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməsi, öz ordusunu Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasıdır.

Tarix
2020.10.19 / 03:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla