Axar.az
Yuxarı

Axar.Az Logo

Lavrovun gedişi, Ərdoğanın gəlişi: Bakı üçün yeni mərhələ

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ ətrafındakı son proseslər fonunda Şuşada “Xarıbülbül” festivalının keçirilməsi və festivalın şifrələrinə baxdıqda məsələnin sadəcə mədəni tədbirdən ibarət olmadığını deyə bilərik. Bakı Lavrovun gedişindən sonra növbəti mərhələyə hazırlaşır...

Lavrovun regiona səfərinin detalları və ana hədəf hesab olunan tərəfləri var idi.

Kommunikasiyanın bərpası prosesini, İrəvanda Azərbaycan üçün mina xəritələrini, Bakıda Ermənistan üçün “hərbi əsir” mövzusunu, eləcə də sərhədlərin demarkasiya və delimitasiyasını və s. müzakirə etmək hər iki paytaxta səfərin detalları idi.

Birinci ana hədəf bu detalların birləşdiyi “Moskvanın hakim rolunu təsdiqləmək”, xüsusilə bölgədə aktivləşmək istəyən Vaşinqtona nümayiş etdirmək idi. Lavrov buna nail oldu, tərəflərin şərtlərini dinlədi, hər iki paytaxtda ayaq basdığı torpağın mövqeyinə yaxın çıxış etdi: İrəvanda “Zəngəzur dəhlizinin açılmasının könüllü olduğunu” deməklə Paşinyan hakimiyyətinə jest etdi, Bakıda “qeyri-konstruktiv mövqeləri qəbul etmədiyini” dedi, mina xəritələri məsələsinə toxunmaqla balans qorumağa çalışdı.

İkinci ana hədəf üçtərəfli bəyanatın bütün şərtlərinin icra edilməsindən sonrakı dövrə hazırlıqdır. Lavrov Prezidentlə görüşdə və Ceyhun Bayramovla mətbuat konfransında bu məsələyə toxundu, qeyd etdi ki, müharibədən sonra regionda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsidir. Rusiya anlayır ki, üçtərəfli bəyanatların icrasının gecikməsi regiona üçüncü qüvvələrin daxil olmasına qapıları açır və Moskvanın “hakimliyinə” risklər yaranır. Lavrov da tərəflərin razılaşmalara sadiqliyini yoxlamaq, eyni zamanda, Rusiyanın bütün şərtlərin icrasına zəmanət verdiyini açıqlamaq üçün gəlmişdi. Bakı üçün vacib olan və razılaşmada ən kilid nöqtə 10 noyabr bəyanatının 4-cü bəndi – erməni qoşunların çıxarılmasının icra edilməsidir.

10 noyabr və 11 yanvar bəyanatlarının bütün bəndlərinin icrası ilə bağlı bu və ya digər formada proses gedir, təkcə 4-cü bənddən başqa və zaman keçdikcə məsələ daha da aktuallaşır.

Bunun icrası regionda vəziyyəti dəyişdirəcək:

1. Erməni qoşunlarının çıxarılması İrəvanı münaqişə tərəfi olmaqdan de-fakto çıxarır;

2. Qarabağda qalan ermənilərə Laçın dəhlizi verilsə də, Ermənistanın onların qarant dövləti olmasını aradan qaldırır;

3. Bakının öz ərazisindəki separatçıların neytrallaşması hüququ ön plana çıxır və asanlaşır;

4. Rusiya Qarabağda Azərbaycan və Türkiyənin qarşısında 1+2 formatına düşür;

5. Azərbaycanın Xankəndiyə qayıdışının praktiki mərhələsi də məhz bu prosesdən sonra başlana bilər;

Regionda “hakimliyini” qorumaq və üçüncü qüvvələrə qapı açmamaq üçün Rusiya razılaşmaların bütün şərtlərinin icrasının vacibliyini gündəmə daşıyır və anlayır ki, erməni qoşunların çıxarılması onun rıçaqlarını da zəiflədir. Bu baxımdan, Lavrovun özü ilə yeni planı da gətirdiyi istisna deyil.

a) Xankəndidə ermənilərin idarəçilikdə hansısa formada qalması;

b) Ermənilərin yaşadığı ərazilərə “muxtariyyət”in verilməsi;

c) Erməni əhalinin keçmiş “dqr”-in ərazisinə daxil olan bölgələrə qayıtması, beləliklə, sülhməramlıların nəzarət traektoriyasının genişlənməsi (Hadrut planı haqda yazmışdıq);

Rusiyanın Qarabağdakı növbəti mərhələdə mümkün planları bunlar ola bilər, çünki problemin davamlı qalması rusların da qalması və Azərbaycan və Ermənistana klassik təsir vasitəsinin saxlanılması deməkdir. Əks təqdirdə Moskva bölgəni itirə biləcəyini anlayır.

Lavrov Bakıda bu qədər açıq müzakirə aparmasa belə, üçtərəfli bəyanatın bütün şərtlərinin icrasından sonrakı dövrün necə olacağını masaya daşıdığı ehtimalı böyükdür. Rusların Qarabağla bağlı yeni istək-təkliflərinin olması isə ehtimal yox, reallıqdır.

Putinin “baş diplomatı” regiona səfərində birinci ana hədəfinə nail olsa da, Əliyevin bəyanatları və görüşdə səsləndirdiyi fikirlər Bakıdan “əliboş” qayıtdığı versiyasını önə çıxarır.

- Əliyev Lavrovun gəldiyi gün Naxçıvandan “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” bəyanatı ilə rusları qabaqladı.

- Bakıda Lavrovu qəbul edərkən, “Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir” ifadəsi ilə Xankəndi, Xocalı və Xocavəndin statusunu açıqladı: bu, qapalı görüşlərdə Rusiyanın istək-təkliflərinin qəbul edilmədiyi deməkdir;

- Lavrov Bakını tərk edəndən sonra, Şuşaya yola düşdü və yolüstü dayanacaq kimi Xocavəndi seçdi: bu dayanacağa texniki məsələ olaraq da baxa bilərik, lakin rusların “Hadrut planı” fonunda diqqəti çəkir, xüsusilə Əliyevin “Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır” sözlərindən sonra;

Və nəhayət, Şuşada “Xarıbülbül” festivalı...

Festival Azərbaycanın “yumşaq güc” (soft power) diplomatiyası üçün önəmlidir: müharibənin bitdiyini və torpaqlarımızı azad etdiyimizi nümayiş etdirmək; xarici qonaqların, o cümlədən, işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlb edilməsi prosesinə zəmin hazırlamaq, çünki xarici kapital üçün ilk növbədə təhlükəsiz mühit lazımdır, bunu praktiki olaraq mədəni tədbirlərin keçirilməsi ilə göstərmək mümkündür; bu, indiki dövrdə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak edəcək xarici şirkətlərə hesablanıb və s.

Festivalın keçiriləcəyi planlaşdırılırdı, hərçənd zamanın seçimi – Lavrovun gedişindən sonra, Ərdoğanın gəlişindən öncə - özündə müəyyən siyasi şifrələri daşıyır.

Və festivalda siyasi mesaj olaraq diqqətçəkən məqam etnik azlıqların milli folklorları ilə çıxış etməsi idi.

Birincisi: Azərbaycanın çoxmillətli, çoxkonfensiyalı ölkə olduğu Şuşadan nümayiş etdirildi;

İkincisi: “Biz daim birlikdəyik, döyüşdə də, bayramda da” mesajı verildi;

Üçüncüsü və ən mühümü: Azərbaycanın birgəyaşayış modeli dünyaya və Qarabağdakı ermənilərə Xankəndinin dibində, erməni əhalinin gözləri önündə göstərildi.

Bu, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı, Xankəndinin Azərbaycan torpağı olduğu, statusun olmayacağı, Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığı, “Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir” mövqeyinin davamıdır və bunun Lavrovun gedişindən sonra nümayiş etdirilməsi Bakının Qarabağda “növbəti mərhələni” necə gördüyünü bəyan etməsidir.

Ərdoğanın gəlişindən öncə Azərbaycanın atdığı addımlar Bakı və Ankaranın da “növbəti mərhələyə” hazırlaşdığından xəbər verir. Bu səfərlə Xankəndidə olan ruslara Şuşadan Türkiyənin Qarabağda mövcudluğu və Azərbaycanın yanında olduğu mesajı veriləcək. Səfərdən sonra Bakının şərtlərində, xüsusilə 4-cü bəndin icrasında israrı güclənə bilər. Bütün bunların fonunda Azərbaycan Ordusunun 15 min şəxsi heyətlə yenidən anti-terror təlimlərinə hazırlaşması diqqət çəkir və məqsəd “razılaşma tam icra edilməsə, anti-terror əməliyyatları masada alternativ variantdır” mesajının verilməsidir...

Tarix
2021.05.13 / 12:26
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Qarabağla bağlı telefon trafiki: Moskvadan Ankaraya...

Xətaidə etiraz aksiyası: icra başçısı hadisə yerində - Video

Qırğızıstan XİN başçısı Bakıya gəlir

XİN rəhbəri səudiyyəli həmkarı ilə görüşdü

Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

Prezident hərbçiləri təltif etdi

İlham Əliyev ona general rütbəsi verdi

Bayramov Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşdü

Onlar Şuqovuşana görə təltif edildi – Sərəncam

Bakı Səudiyyəni Qarabağda bərpa işlərinə dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla