Ana səhifə Siyasət |
İsveçdə mühacirətdə yaşayan güneyli siyasi və milli fəal, Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başçısı Eldar Qaradağlının Axar.az-a müsahibəsi:
- Mayın 20-də Berlində keçiriləcək may yürüşünün məqsədi və gözləntiləriniz nədən ibarətdir?
- Yürüşdə məqsədimiz Brüsseldə olduğu kimi, Güney Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, təşkilat və milli fəalların bir arada olmasına çəhd göstərməkdən ibarətdir. Bununla yanaşı, Bütöv Azərbaycan və azərbaycanlı olmağımızı sərgiləmək, türkcə və ingiliscə şüarlarla milli istəklərimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindəyik.
- İranda ümumxalq nümayişləri hansı səbəbdən səngidi? Ümumiyyətlə, bu nümayişlərin yenidən alovlanması gözlənilir?
- Birincisi, Azərbaycanın passiv qalması rejimin daha cəsarətli repressiyalarına zəmin yaratdı. İkincisi, farsçı medianın monopolist və yayındırıcı təbliğatı aksiyaların kütləvi olmasının qarşısını aldı. Üçüncüsü, aksiyalar vətəndaşların bütün istəklərini əks etdirə bilmədi. Fabriklər, təhsil və dini sahə, xırda və orta burjua "qadın-yaşam-özgürlük" şüarına yetərincə əhəmiyyət vermədi. Ən önəmlisi, rejim göstərmiş oldu ki, mitinqləri, aksiyaları yatırmaq üçün hələ də güclüdür.
- Güney Azərbaycan təşkilatlarının İranda baş verən ümumi etiraz aksiyalarındakı rolu və təsirini necə dəyərləndirirsiniz?
- Keçmiş aksiyalarda Güneyin böyük və özünə-adına yaraşan rolu olmadı. Bu üzdən rejimin aksiyaları yatırması çox da çətin olmadı. Rejimin bütün səyi Azərbaycanı bu mitinq və etirazlardan uzaq saxlamaqdır. Azərbaycan bu şansı rejimə verərsə, uduzan Azərbaycan türk milləti olacaqdır. Güney qurumları rejimin bu tələsinə düşməməlidir.
- Avropa və Amerikada fəaliyyət göstərən milli təşkilatların Güneylə bağlı fəaliyyətləri hansı səviyyədədir, qənaətbəxş qiymətləndirmək olar?
- Güney adına çeşidli təşkilatların olması nə qədər doğrudursa, Güney adına meydana gələn ifrat eqoistlik qat-qat ziyanlıdır. İnsan olan şəxs özünü nə qədər sevsə də, millət sevgisini içində qaynayan aşırı eqoizmə təslim etməməlidir. Bəzi partiya başqanlarının belə dərdə düşməsini millət yaxşı görür. Həmin amil bir çox hallarda Güneyə çox ağır zərbələr vurur. Bu üzdən Avropa və Amerikada olan təşkilatlar fəaliyyətlərindən istənilən nəticəni əldə edə bilmirlər. Ümid edirəm ki, Avropa yürüşlərinin davamlı olması bu problemin həllinə kömək edəcək.
- Rza Pəhləvi və digər mərkəzçi müxalif təmsilçilərin son zamanlar daha da aktivləşdiyini görürük. Onlarla hansısa formada əməkdaşlıq mümkündürmü?
- Azərbaycan hazırki fars rejimi üçün nə məna ifadə edirsə, onlar üçün də eynidir. Unutmayaq ki, sabiq İran şahı Rza Pəhləvinin başçılığı ilə türklərin milli hegomonluğuna son verildi. Bu antitürk və antiazərbaycan hərəkəti 1925-ci ildən bu günə kimi davam edir. Bizim mücahid, şahçı faşistlərlə hər hansı görüşümüz ola bilməz. Bu, millətimizin maraqlarına və Azərbaycan Milli Hərəkatına tərs gələr.
Tarix
2023.05.03 / 08:45
|
Müəllif
Axar.az
|