09:23
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murad Nurtleu ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
“Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murad Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Ceyhun Bayramov ötən gün Qazaxıstana rəsmi səfərə gedib.
***
Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının nümayəndə heyətləri ilə birgə görüşü başlayıb.
Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Murad Nurtleu arasında geniş tərkibdə görüş olub.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Regional və BMT, İƏT, OTS, CICA daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.