Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya
Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov AzərTac-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Fuad müəllim, "Beynəlxalq Şəffaflıq" təşkilatı
tərəfindən hazırlanan "2016-cı il Qlobal Korrupsiya Barometri"
hesabatının Azərbaycana dair nəticələrini necə
qiymətləndirərdiniz?
- Azərbaycan ilə bağlı nəticələr ölkəmizdə korrupsiyaya qarşı
mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın
səviyyəsinin azalmasını göstərir. Bununla bağlı hesabatda əks
olunan statistik göstəricilərə diqqətinizi cəlb etmək istərdim.
Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı
cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu
göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz)
üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır.
Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiya qarşı
mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə
bağlıdır. Belə ki, Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda
41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53
faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda
65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80
faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan
üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı
(53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta
göstəricidən dəfələrlə yaxşıdır.
Digər bir statistika isə vəzifəli şəxslərin və siyasətçilərin
korrupsiyaya hansı səviyyədə məruz qalması ilə əlaqədardır. Belə
ki, Böyük Britaniyada respondentlərin 27 faizi, Portuqaliya və
Macarıstanda 30 faizi, İtaliyada 36 faizi, Yunanıstanda 39 faizi,
Slovakiyada 40 faizi, Ukraynada 63 faizi hesab edir ki, onların
ölkələrində vəzifəli şəxslər və siyasətçilər fəaliyyətlərində
korrupsiya hallarına yol verirlər. Azərbaycan üzrə bu göstərici isə
11 faizdir. Ölkəmiz bu istiqamətdə də Avropa İttifaqı (24 faiz) və
postsovet ölkələri (31 faiz) üzrə müəyyən edilmiş orta
göstəricilərdən yaxşı nəticəyə malikdir.
Göründüyü kimi, hesabatın Azərbaycan ilə bağlı nəticələri
ümumilikdə proqressivdir. Belə ki, cari hesabatın nəticələrinin
təşkilatın 2010-cu və 2013-cü illərdə keçirilmiş analoji
hesabatlarının nəticələri ilə müqayisəsi ölkəmizdə korrupsiyanın
səviyyəsinin azaldığını göstərir.
- "Beynəlxalq Şəffaflıq" təşkilatının cari hesabatı və
"Korrupsiya Qavrama İndeksi"nin Azərbaycanla bağlı nəticələri
arasında fərqi nə ilə əlaqələndirirsiniz?
- Bildiyiniz kimi, "Beynəlxalq Şəffaflıq" təşkilatının iki
ənənəvi qiymətləndirmə mexanizmi mövcuddur: "Korrupsiya Qavrama
İndeksi" və "Qlobal Korrupsiya Barometri". Hər iki hesabatın
Azərbaycanla bağlı nəticələrində irəliləyişlərin olması qeyd
edilir. "Beynəlxalq Şəffaflıq" təşkilatı tərəfindən 2016-cı ildə
təqdim edilən "Korrupsiya Qavrama İndeksi"ndə Azərbaycanın mövqeyi
ötən illə müqayisədə 7 pillə irəliləyib. Buna baxmayaraq, hesab
edirik ki, "Qlobal Korrupsiya Barometri" daha şəffafdır və
ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən
tədbirləri daha dəqiq əks etdirir. Çünki bu hesabat birbaşa olaraq,
vətəndaşların mövqeyini ifadə edir. "Korrupsiya Qavrama İndeksi"ndə
isə hesabatın hazırlanmasında müxtəlif subyektiv mənbələrdən və
təşkilatların hesabatlarından istifadə olunur.
- Həmin hesabatlarda Azərbaycanın mövqeyindəki
irəliləyişləri nə ilə izah edərdiniz?
- Əlbəttə, bu nailiyyətlər Azərbaycanda korrupsiyaya qarşı
mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır.
Korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş
dövlət proqramları və onların effektiv icrası, cənab Prezidentin
təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərinin uğurlu
fəaliyyəti, bu sahədə hüquq-mühafizə orqanlarının səmərəli işi,
beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik və
beynəlxalq təşəbbüslərdə aktiv iştirak bu sahədəki uğurlarımızı
şərtləndirən əsas amillərdəndir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Korrupsiyaya
qarşı mübarizə və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət
planlarında nəzərdə tutulan tədbirlər 2012-2015-ci illərdə dövlət
orqanları tərəfindən tam icra olunub. Vətəndaş cəmiyyəti
institutları da müstəqil formada Milli Fəaliyyət planlarının
icrasının monitorinqini həyata keçirib və nəticələrini yüksək
qiymətləndirib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü
ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə
dayandırılıb, lisenziyaların sayı və onların verilməsi müddəti
azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan prosedurlar
əhəmiyyətli dərəcədə sadələşdirilib. Elektron hökumət portalı
tərəfindən göstərilən xidmətlərin sayı artıb və vətəndaş cəmiyyəti
institutlarının dövlət orqanlarının fəaliyyətində sıx iştirakı
təmin edilib.
Korrupsiya cinayətlərinin təqibini həyata keçirən Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin strukturu
təkmilləşdirilib, ştat vahidləri artırılıb və maddi-texniki
imkanları genişləndirilib. Azərbaycan Respublikasının Baş
Prokurorluğu nəzdində fəaliyyət göstərən "Qaynar xətt" əlaqə
mərkəzinin texniki və insan resursları inkişaf etdirilib, mərkəzə
daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi
təmin olunub.
Azərbaycanın innovativ antikorrupsiya təcrübəsi Avropa Şurasının
Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və
Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin
müvafiq alt qurumları tərəfindən də müsbət qiymətləndirilir. Bundan
əlavə, 2015-ci ildə Azərbaycan brendi olan "ASAN xidmət" BMT-nin
ali mükafatı olan "Dövlət xidmətlərinin göstərilməsinin
təkmilləşdirilməsi" kateqoriyasında ən yüksək - birinci yerə layiq
görülüb.