"Bozbaş Pikçers" Azərbaycanda ən çox baxılan yumor
komandalarındandır. Bu komandanın üzvləri istər ayrı-ayrılıqda,
istərsə də qrup şəklində əksəriyyət tərəfindən bəyənilir. Biz də
"Bozbaş Pikçers"in sevilən aktyorları ilə söhbətləşmək qərarına
gəldik. Vaxtları az olsa da, onlar bizim suallarımızı
cavablandırdılar və ilk dəfə olaraq, komanda şəklində məhz
Axar.az-a müsahibə verdiklərini bildirdilər.
Axar.az "Bozbaş Pikçers" yumor komandasının aktyorları ilə
müsahibəni təqdim edir:
- İlkin, necə oldu ki, "Bozbaş Pikçers" komandası
yarandı?
İlkin Həsəni: - Belə deyim də, 2004-cü ildə mən
Ramil Babayevlə (Şöşü) birlikdə "Bozbaş Pikçers"i yaratdım. İlk
olaraq, xarici kliplərlə yerli musiqiləri sintez etdik, sonra
filmləri dublyaj etdik, daha sonra isə indi çox məşhurlaşan Şəmi və
Şöşü obrazlarını yaratdıq. İllər keçdi və komandamız daha da
böyüdü. 2011-ci ildə bizə dostlarım – Azər Baxışəliyev (Ağsaqqal),
Nicat Rəhimov (Şirin) və Elşən Orucov (Fəlakət) da qoşuldu.
- Azər, bildiyim qədər, komandada Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetini bitirməyən yeganə aktyor sənsən. Necə
oldu ki, ixtisasca diplomat olmağına baxmayaraq, ölkənin ən maraqlı
komandalarından birinin üzvünə çevrildin?
Azər Baxışəliyev: - Əslində, mənim komandaya
gəlişim elə də təsadüfi olmadı. Çünki mən məktəbdə oxuduğum
vaxtlardan bəri KVN komandalarında oynayırdım. Universitet vaxtı da
bütün KVN uşaqları ilə əlaqəm var idi. Bu əlaqə məni ATV
telekanalına gətirdi, orada "Çəkirəm haa" verilişində işləməyə
başladım. Daha sonra mən dostlarım – İlkin, Ramil və Elşənlə daha
çox birlikdə olduq. "Bozbaş" proyekti artıq serial kimi çəkilməyə
başlayanda da bir yerdə işləməyə qərar verdik.
- Ramil, bu komandanın yaranmasında rol oynayanlardan
biri də sənsən. Bəs, sən özün hazırkı yumor komandalarından hansını
bəyənirsən?
Ramil Babayev: - Düzdür, Azərbaycanda bir çox
yumor komandası fəaliyyət göstərir, amma mənim ən sevdiyim – Tahir
və Cabir İmanov qardaşlarının yaratdığı "Planet Parni iz Baku"
komandasıdır. Onlara təşəkkür edirəm ki, əfsanəvi "Parni iz Baku"
komandasını bu günə kimi yaşadırlar.
- Nicat, sən böyük aktyorumuz, xalq artisti Yaşar
Nurinin yaxın qohumusan, necə düşünürsən, onun yolunu davam
etdirirsən, ya sənin öz üslubun var?
Nicat Rəhimov: - Yaşar Nuri böyük sənətkardır.
Mən onun kimi ola bilmərəm. Allah hərəni ayrı-ayrı yaradıb, fərqli
istedad verib. Mənim yolum başqadır, amma rollarımda Yaşar Nuriyə
toxunuram, bəzi oxşarlıqlar olur. Hansısa bir sözdə, hərəkətdə
baxırsan ki, ona oxşayıram. Bu da özümdən asılı olmur, qanda var,
qohumuq, ondan irəli gəlir. Mənə çox deyiblər ki, üslubunuzda
oxşarlıq var.
- Elşən, bütün Azərbaycan sənin Fəlakət obrazına gülür
desək, yanılmarıq. Bəs, səni kim və ya hansı hadisələr güldürə
bilir?
Elşən Orucov: - Mən daha çox internetdə olan
şeylərə gülürəm. Bəzən internetdə elə videolar rastıma çıxır ki,
məndə böyük maraq doğurur. Son vaxtlar ancaq belə videolara
gülürəm.
- Bütün rayonlarda çəkiliş etdiniz, hətta Azərbaycanın
hüdudlarını aşaraq xaricdə də çəkilişlər apardınız. Yəqin ki,
çəkiliş vaxtı başınıza maraqlı hadisələr gəlib.
R.B: - Hə, belə şeylər çox olub. Deməli, bir
dəfə çəkiliş zamanı tullananda çiyin sümüyüm sınmışdı. Uşaqlar çox
dedilər ki, təcili həkimə gedim. Amma mən uşaqların təkidinə
baxmayaraq, çəkilişi yarımçıq saxlamadım və davam etdim. Çəkiliş
bitdi və biz həkimə getdik, orada sümüyümün ortadan ikiyə bölünməsi
məlum oldu.
- Ramil, sən digər komanda üzvlərinə görə mediaya daha
qapalısan, ümumiyyətlə, necə bir insansan?
R.B: - Əslində, insanın özündən danışması
düzgün olmaz. Mənim haqqımda yaxşı olar ki, dostlarım danışsın.
Həyata baxışım isə çox gözəldir. Allaha çox şükür ki, əlim var,
ayağım var, gözlərim görür, tam sağlamam. Həyat isə çox gözəldir.
Sadəcə, onu yaşamağı bacarmaq lazımdır. Hər günümüzə şükür edib,
ətrafdakı рisliklərdən dərs almaq lazımdır. Mən nə qədər zarafatcıl
olsam da, o qədər ciddiyəm. Hər şeyin öz yeri var, mən özümü
harada, necə aрarmağı bacarıram.
- Eyni sualı hər birinizə verirəm: Özünüzü necə biri
kimi görürsünüz?
İ.H: - İlkin Həsəni özünü təmkinli, çox
səbirli, çox qulaq asıb, az danışan biri kimi görür.
A.B: - Mən, əslində, çox ünsiyyətcil adamam.
Demək olar ki, hər gün dostlarımla görüşürəm, oturub deyib-gülürük.
Məncə, belə olmasaydı, heç "Bozbaş Pikçers" yaranmazdı. Bizim
verilişin bəyənilməsinin səbəblərindən biri də elə budur. Biz əvvəl
dost olmuşuq, daha sonra isə komanda.
N.R: - Mən həm zarafatcılam, həm də ciddi. Amma
hər şey öz yerində yaxşıdır, hərdən qapalı oluram.
- Nicat, ciddilik demişkən, nə zamansa dramatik rolda
çıxış etmək fikrin varmı?
N.R: - Hə, dramatik rolda çıxış etmək mənim
arzumdur. Məndə alınar, özü də yaxşı alınar. Mən hər zaman hazıram.
İnanıram ki, öhdəsindən gələ bilərəm.
- Elşən, bir çox adamın kumirisən, bəs, sənin kumirin
kimdir?
E.O: - Kumir deməzdim, amma həmişə sənətini çox
sevdiyim və böyük həvəslə izlədiyim aktyor Yaşar Nuri olub.
- Yavaş-yavaş sona yaxınlaşırıq, istəyirəm, ölkəmizin ən
məşhur ağsaqqalı da hələlik son sözlərini desin. Azər, necə
düşünürsən, sən yaşlananda necə ağsaqqal olacaqsan?
A.B: - Ümid edirəm ki, yaşlananda oynadığım
obraz kimi bir ağsaqqal olmayacağam. Çünki elə adamla yola getmək
çox çətin olar. (gülür)
- Hər kəs səbirsizliklə "Axırıncı yol" filmini gözləyir,
çəkilişlər bitib. Bəs, filmi nə zaman təqdim
edəcəksiniz?
İ.H: - "Axırıncı yol" bizim üçün həqiqətən
çətin oldu, 3 ay davam edən çəkilişlər bitib, hazırda montaj
işlərinə başlamaq üzrəyik, təqdimat isə mart ayında olacaq.
- Eşitdiyimə görə, formatı dəyişirsiniz, serial yeni
üslubda olacaq, elədir?
İ.H: - Bəli, "Axırıncı yol" macəra
komediyasının çəkilişlərini bitirdik, indi yeni serial layihəmizə
hazırlaşırıq. Tam qərarlaşdırmamışıq ki, necə olacaq, amma beynimdə
təxmini ideyalar var. Bu yaxınlarda yeni serialın adı və obrazları
ilə bağlı məlumat verəcəyəm.