30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.
9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib.
Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.