Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac
coğrafiyasını genişləndirib.
Axar.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər
Əsədov iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında deyib.
Nazir qeyd edib: "Möhtərəm cənab Prezident. Hörmətli iclas
iştirakçıları. Zati-aliləri, rəhbərliyinizlə həyata keçirilən aqrar
islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə
gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin
müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd
təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və
keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və
fəallığın yüksəlməsinə səbəb olmuşdur. İnstitusional islahatlar
demək olar ki, başa çatdırılaraq elmi müəssisələrin fəaliyyətindəki
paralelliyin aradan qaldırılması, nazirliyin balansında olan
toxumçuluq, tingçilik və damazlıq üçün nəzərdə tutulan torpaq
sahələrinin konsolidasiya olunaraq birbaşa funksional vəzifələrin
icrası məqsədlərinə yönəldilməsi, informasiya-məsləhət
xidmətlərinin yaradılması, aqrar sahənin əlavə fiskal tənzimlənmə
alətləri ilə dəstəklənməsi tədbirləri daha intensiv davam
etdirilmişdir".
Onun sözlərinə görə, aqrar sektorun texnika təminatındakı
problemlər həll edilmiş və lazımi həcmdə gübrə ehtiyatının
yaradılması təmin olunmuşdur: "Bütün bunların nəticəsində ilin
birinci yarısında faktiki yetişdirilmiş məhsula uyğun 7 faiz artım
gözlədiyimiz halda, havaların 25 gün aramsız yağışlı keçməsi
səbəbindən biçinə 15 gün gec başlanılması ilə əlaqədar
göstəricilərin xeyli hissəsi iyul ayına təsadüf etdiyinə görə artım
3,1 faiz təşkil etmiş və bu artım bütün əsas növ kənd təsərrüfatı
məhsulları üzrə müşayiət olunmuşdur.
Möhtərəm cənab Prezident, bütün bunlar nəzərə alınarsa, ilin
sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın
olacağını proqnozlaşdırırıq. Dünya Bankının verdiyi proqnozlara
görə isə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz,
2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım
gözlənilir ki, bunun da hesabına Azərbaycanın hesabatın əhatə
etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən
birini tutacağı qeyd olunur".
H.Əsədov bildirib ki, ilkin proqnozlara görə, cari ildə ölkədə 3
milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal
edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən
tədarükündə heç bir ciddi problem müşahidə olunmur: "İstehsalın
artımı ilə yanaşı, Zati-aliniz tərəfindən ixracın
stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə
aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı
yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı
məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə
ixracını kəskin şəkildə artırmışdır. Belə ki, cari ilin 6 ayı
ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5
faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları
ixracı üzrə isə 33,1 faiz artıma nail olunmuşdur".
Nazir vurğulayıb ki, Rusiya mənbələrində bu ölkənin bazarlarında
satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü
bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil
etmişdi: "Əlamətdar hal ondan ibarətdir ki, ilk dəfə olaraq
ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin,
heyvandarlıqda isə ət və süd məhsullarının ixracına başlanılmışdır.
Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı
ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və
Türkmənistanı da əhatə etmişdir".
Onun sözlərinə görə, yerli istehsalın artımı heyvandarlıq
məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə
azalmasına səbəb olmuşdur. İdxalın həcmi keçən ilin müvafiq dövrü
ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd
məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı
üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq
cücə üzrə 51,6 faiz azalmışdır:
"Bununla yanaşı, devalvasiyaya baxmayaraq, daxili bazarda həm
iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti
manat ifadəsində 20 faizdən çox azalmışdır ki, bu da yaddaqalan
nailiyyətlərdən biridir. Analoji vəziyyət süd məhsullarının
idxalında da müşahidə olunmuşdur. Belə ki, azalma xama üzrə 18
faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil
etmişdir".