Oktyabrın 7-də "Yelo Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Axar.az xəbər verir ki, yığıncağın gündəliyinə cari və təşkilati məsələlər daxildir.
Məlumatlara əsasən, iclasda bankın son maliyyə vəziyyəti müzakirə ediləcək.
Qeyd edək ki, ötən il bankın öhdəlikləri müştərilərin əmanətləri hesabına azalıb. Belə ki, 2024-cü ildə müştərilərin əmanətləri 2023-cü ilə nisbətən 1 milyon 309 min 969 manatdan 949 min 663 manata düşüb. Nəticədə, bankın öhdəlikləri 18,7 faiz azalaraq 1 milyon 262 min 860 manata enib.
Cari ilin ikinci rübündə bankın öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 2,14 faiz artaraq 1 milyon 159 min 906.97 manata yüksəlib. Lakin bu, yerləşdirilən əmanətlərin hesabına baş verməyib. Belə ki, hesabat dövründə bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 8,5 faiz artaraq 123 milyon 62.93 min manata yüksəlib. Bu il də biznes subyektləri bankdakı vəsaitlərini geri çəkiblər. Belə ki, ikinci rübdə hüquqi şəxslərin əmanətləri 154 milyon 742 min manat təşkil edib. İlin əvvəlində bu rəqəm 197 milyon 822 min manat idi.
Bankın xalis mənfəəti də kəskin azalıb. İlin ikinci rübündə 19 milyon 702 min manat mənfəət əldə edib. 2024-cü ilin eyni dövründə bu rəqəm 26 milyon manat olub. Beləliklə, bankın xalis mənfəəti illik müqayisədə 24,3% azalıb. Qeyd edək ki, “Yelo Bank”ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 925 min manat və ya 20,7% azalmışdı.
Güman olunur ki, oktyabrda təşkil olunacaq ümumi yığıncaqda bu məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, “Yelo Bank” fəaliyyətinə 1994-cü ildə “Ülpər” kommersiya bankı kimi başlayıb. 2002-ci ildə bank rebrendinq edərək adını “Nikoil Bank” olaraq dəyişib. 2019-cu ildə isə yenidən rebrendinq prosesindən keçərək hazırda istifadə olunan “Yelo Bank” adını alıb. Bankın hazırda nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şürasının sədri), 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə "İSR Holdinq" MMC-yə məxsusdur. Banka birbaşa olaraq tək fiziki şəxs xanım Marina Kulişova nəzarət edir.