Xankəndi şəhərinin giriş postunun suyunu kəsən sahibkar həbs edilib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Əsədov (ad və soyad şərtidir) 10 OL 016 dövlət qeydiyyat nişanlı "Rənc Rover" markalı avtomobilində 5 nəfər ailə üzvü ilə Şuşadan Xankəndi şəhərinə gedib.
Girişdəki postda yoxlanılarkən məlum olub ki, avtomobildəki 2 nəfərin şəhərə giriş icazəsi yoxdur. Bu səbəbdən polis əməkdaşları onların Xankəndi şəhərinə girişinə icazə verməyiblər.
Bundan əsəbiləşən avtomobil sahibi Xankəndi şəhərinə gedərək, icarə əsasında işlətdiyi otelin həyətindən polis postuna gələn su xəttini bağlayıb. Nəticədə Xankəndi şəhərinin girişindəki post 24 saat susuz qalıb.
Faktla bağlı protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə sahibkar 4 sutka müddətinə inzibati qaydada həbs edilib.