Bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar
Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan bir sıra
qurumlarda anım mərasimləri keçirilib.
Bakı şəhər Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük
İdarəsi və "Azərterminalkompleks" Birliyində keçirilən mərasimlərin
iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər.
Həmin tədbirlərdə Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi,
general-mayor Vüsal Novruzov, Hava Nəqliyyatında Baş Gömrük
İdarəsinin rəisi Sadiq Abduyev və "Azərterminalkompleks" Birliyinin
direktoru Qambay Əliyev giriş sözü ilə çıxış ediblər.
Bildirilib ki, erməni cəlladları tərəfindən xalqımıza qarşı
törədilmiş Xocalı soyqırımı aktının ildönümü hər il Azərbaycanın
hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və
hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir.
Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma
Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq.
Mərasimlərdə vurğulanıb ki, dövlətimiz Xocalı faciəsi haqqında əsl
həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu
faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün
zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətin ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdandan sonra başlandığı qeyd edilib, məhz ulu öndərin təşəbbüsü
ilə həmin bəşəri cinayətə siyasi-hüquqi qiymət verildiyi, fevralın
26-sının isə "Xocalı soyqırımı günü" elan edildiyi bildirilib.
Öz növbəsində, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər
ölkələri bu faciə ilə bağlı həqiqətlərlə tanış olur və ona öz
qiymətini verirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında
Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və
tədbirlər keçirilir.
Bakı şəhər Baş Gömrük İdarəsində Xocalı soyqırımının növbəti
ildönümü ilə bağlı keçirilən mərasimdə çıxış edən Bakı şəhər Baş
Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Xocalı soyqırımının dəhşətli
nəticələri haqqında məlumat verib.
İdarə rəisi bildirib ki, bu mənfur cinayətin iştirakçıları öz
cəzalarına çatmayana qədər şəhidlərimizin ruhu rahatlıq tapmayacaq.
Onun sözlərinə görə, xocalılar fevralın 25-dən 26-na keçən gecəni
və ondan sonrakı günlərdə erməni qəddarlığına, azğınlığına qarşı
həyatları bahasına ölüm-qalım mücadiləsini böyük ürək ağrısı ilə,
faktlarla xatırlayır.
V.Novruzov deyib: "Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı
törədilmiş ən böyük cinayətlərdən biridir. Ermənistan Silahlı
Qüvvələri 22 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalı şəhərini işğal edərək bu faciəni törödiblər. Bu faciə Dağlıq
Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən
biridir. Xocalı soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid
verib".
İdarə rəisi qeyd edib ki, indi dünyanın böyük və nüfuzlu
dövlətlərinin parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə və
qərarlar qəbul olunub, bu faciəni törədənlər pislənilib: "Bütün
bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu
siyasətin nəticəsidir. O cümlədən Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət"
kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur.
Bütün bunlar bizdə belə bir əminlik yaradır ki, Allahın köməyi ilə
tezliklə işğal olunmuş torpaqlarımız azad olunacaq. Çünki
gündən-günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi də məhz
budur".
Mərasimdə belə bir inam ifadə olunub ki, Xocalı soyqırımı
bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma
torpaqlarından didərgin düşmüş insanlar evlərinə
qayıdacaqlar.Xocalı soyqırımı ilə əlaqədar geniş məruzə ilə isə
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix
İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə çıxış
edib.
Professor bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq
normalarının ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi
yazılıb. Ermənilər son iki əsrdə Azərbaycana qarşı açıq ərazi
iddiaları ilə çıxış edərək bu məkrli niyyətlərini gerçəkləşdirmək
üçün terror, soyqırımı və deportasiya siyasəti yürüdüblər.
22 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan
Xocalı soyqırımına məruz qalıb, həmin müdhiş gün yüzlərlə
soydaşımız qəddarlıqla qətlə yetirilib, şikəst edilib, işgəncələrə
məruz qalıb. Lakin xalqımız öz azadlığı uğrunda mübarizədən geri
çəkilməyib, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda
mücadilədə daha əzmkar olub. ("Publika.az")