Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət
göstərilməsi üçün akkreditasiya olunan qeyri-dövlət yardım
mərkəzlərinə akkreditasiya attestatları təqdim olunub.
Bu barədə "Axar.az"a nazirliyin ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov
vətəndaşların sosial hüquqlarının səmərəli müdafiəsi sisteminin
qurulmasının, eyni zamanda çətin həyat şəraitində yaşayanların,
məişət zorakılığından zərər çəkən şəxslərin sosial xidmətlərlə
əhatə olunmasının dövlətimizin sosial siyasətinin prioritetlərindən
biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, son illərdə qəbul
olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" və
"Sosial xidmət haqqında" qanunlar məişət zorakılığından zərər
çəkmiş şəxslərin kompleks sosial xidmətlərlə təmin edilməsini bir
vəzifə kimi qarşıya qoyur:
"Əsas məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya
əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən
zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial
nəticələrin qarşısının alınmasına, məişət zorakılığından zərər
çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin
edilməsinə, habelə məişət zorakılığına səbəb olan halların aradan
qaldırılmasına yönəlib".
Qeyd edək ki, Akkreditasiya Komissiyasına Əmək və Əhalinin
Sosial Müdafiəsi, Daxili İşlər, Ədliyyə, Səhiyyə və Təhsil
nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin məsul əməkdaşları daxil edilib. İndiyədək komissiyanın
3 iclası keçirilib və akkreditasiya üçün müraciət etmiş 8
qeyri-dövlət yardım mərkəzinin sənədləri yoxlanılaraq
qiymətləndirilib. Yekun olaraq 4 qeyri-dövlət yardım mərkəzinin -
"Təmas" Regional İnkişaf İctimai Birliyinin, "XXI Əsrin Qadınları"
İctimai Birliyinin, "Təmiz Dünya" Qadınlara Yardım İctimai
Birliyinin, və "Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə
Yardım" İctimai Birliyinin akkreditasiya olunması qərara
alınıb.