Yuxarı

Heydər Əliyevə haqqımda yalan məlumatlar verilmişdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda dünyaya göz açıb. Cəbrayılın müdafiəsində rəşadətlə döyüşən Vaqif bəy ermənilərə əsir düşən bir çox soydaşlarımızın geri qaytarılmasında əlindən gələni əsirgəməyib.

APU–nun filologiya fakültəsini bitirən Vaqif Əlisoy, bir müddət Kəlibəcər rayonunda müəllim işlədikdən sonra, rayonun təhsil şöbəsində metodist işləyib. AXC–nin Cəbrayıl rayon şöbəsinin sədri olub. Rayon özünümüdafiə dəstələrinin formalaşmasında böyük rol oynayıb.

İndi Hövsan qəsəbəsinin 281 saylı orta məktəbində dil-ədəbiyyat müəllimidir.

Bayrağımızı ağ kağıza çəkib tələbələrə yayırdıq

- Vaqif bəy, döyüşmək, savaşmaq, mübarizə aparmaq hər bir insanın insanlıq borcudur, bunu bir az əvvəl özünüz dediniz. Siz nə zaman bu insanlıq borcunuzu yerinə yetirməyə başlamısınız?

- 1973 cü ildən Milli Azadlıq hərəkatının fəallarından olmuşam. Universitetlərdə gizli şəkildə Xəlil Rza Ulutürkün, eləcə də Cümhuriyyət dönəminə aid azadlıq, hürriyyət şeirlərini, şərqiləri təbliğ etməklə məşğul idik. Azərbaycan bayrağını ağ kağızlar üzərində çizərək tələbələr arasında yayırdıq. Rəhmətlik Əbülfəz Elçibəy həbs olunduqdan sonra hərəkatda bir az durğunluq yarandı. Bizə tapşırdılar ki, müəyyən dövrə qədər faliyyətimiz dayandırılsın.

1988 ci ildə, Qarabağda baş verən gərginlikdən sonra, Cəbrayılda özünü müdafiə dəstələri yaratmağa başladıq. Cəbrayıl Hadrut rayonu ilə sərhəd idi. Say baxımından polislərin az olması, Cəbrayılı böyük təhlükə qarşısında qoyurdu. Bilirdik ki, ermənilər saatbasaat, günbəgün silahlanırlar. Buna görə də özünümüdafiə dəstələri yaratmağa məcbur olduq. Cəbrayılın Məzrə, Şıxlar, Dağtumas və təxminən 14 kəndi Hadrutun kəndləri ilə qonşu idi və həmin kəndlərə ermənilər tərəfindən bir neçə dəfə basqınlar olmuşdu. Və bütün bunlar heç də 1988-ci ildən vüsət almağa başlayan hadisələr deyildi, ermənilər çox-çox əvvəllərdən hazır idilər Qarbağı işğal etməyə.

Ermənilər "Kurunq"a hər ay 25 manat bağışlayırdılar

Mənim atamın yanında Yelena adlı erməni mühasib işləyirdi, Xankəndində ermənilərin yaratdığı "Kurunq" təşkilatına aldığı maaşdan hər ay 25 manat bağışlayırdı. Qarabağda yaşayan bütün ermənilər belə edirdilər.

Cəbrayıl camaatı ilə ermənilər arasında ilk toqquşma, ermənilərin Şıxlar kəndinə hücum edərək mal-qaranı aparması ilə başladı. Sonra biz bir neçə ermənini əsir götürdük, mal-qaramız qarşılığında dəyişdik. Və beləcə biz silaha sarılmağa başladıq, özümüzü müdafiə etmək üçün.

- Silahları necə əldə etdiniz?

- 1988 ci ildə qeyd etdiyim hadisələr başlayanda Azərbaycanın birinci katibi Kamran Bağırov sovxozlardan, idarə və müəssisələrdən gözətçilərə verilmiş silahları da yığdırmağa başladı. Hətta evlərdəki ov tüfəngləri də müsadirə edilirdi. Adicə məktəblərdən hərbi dərslər üçün nəzərdə tutulan təlim silahları da yığışdırıldı. Silahları keçmiş Sovet İttifaqının sərhədçilərinə yüksək məbləğlər ödəyərək əldə edirdik və aldığımız silahlarla özümüzü müdafiə etməyə başladıq.

1988-ci ildə Qarabağda Əli və Bəxtiyar şəhid olanda Cəbrayıldan bir çox insan Ağdama, Xankəndinə yürüş eləmək üçün getdi və onların hamısını həbs etdilər. Sonradan biz onları azad etdik. Həmin dövrdə "Kurunq" təşkilatının rəhbərlərindən olan Paqosyan Dağlıq Qarabağ Komitəsinin sədri idi.

Hadrutun 14 kəndindən erməniləri çıxardıq

- O dönəmki Azərbaycan vəzifəliləri, ermənilərin hərəkətlərinə hər hansısa bir şəkildə reaksiya verirdi?

- Əksinə. Reaksiya verəndə bizi incidirdilər. Və Kamran Bağırov öz vəzifəsini qorumaq üçün belə edirdi.

Cəbrayıl rayon Polis şöbəsinin rəisi Rəşid Məmmədov çox qeyrətli kişi idi, Allah ona rəhmət eləsin. Onun və Cəbrayıl camaatının sayəsində Hadrutun 14 kəndindən erməniləri çıxardaraq, Ermənistanın bəzi bölgələrindən zorla çıxarılmış azərbaycanlıları yerləşdirdik.

- İranla həmsərhəd olan Cəbrayılda baş verən hadisələr İranı narahat edirdimi?

-
1988 ci ildə Xüdafərində kütləvi mitinqlər başladı. Əlbəttə, İran rəsmiləri bundan narahat idi. Biz o vaxt dərdlərimizi İran tərəfinə çatdırmaq üçün ruporlarla Arazın o biri tayına müraciətlər edirdik. Artıq ermənilər silahlanıblar, kəndlərimizə hücum edir, Moskova isə burda baş verən hadisələrə etinasız yanaşır. Biz bu müraciətlərin sayəsində baş verən hadisələri beynəlxalq aləmə çıxarmaq istəyirdik. O dövrdə Xüdafərin hərəkatında Azərbaycanın çox görkəmli ziyalıları da iştirak edirdi. Fərman Kərimzadə, Rüstəm Behrudi, Xəlil Rıza Ulutürk və digərləri.

Onların sayəsində azadlığıma qovuşdum

- Qarabağda baş verən qarışıqlıqdan istifadə edən bir çox döyüşçülərin əmrə tabe olmadıqları, eləcə də zorakılıq etdikləri barədə çox şey danışılır. Bu, həqiqətən də belə idimi?

- Mən könüllü döyüşçülərin belə şeylər etdiyinə inanmıram.
Biz o zaman, ermənilərlə mübarizəyə hətda mal-qara oğrularını da cəlb etmişdik. Çünki onlar erməni kəndlərinə giriş-çıxışı, gizli yolları yaxşı bilirdilər.

1990-cı il 20 yanvar hadisələrindən sonra Bakı işğal olunduğu kimi, ruslar Cəbrayılı da işğal etdilər və mən həbs olundum. Məni Rusiyanın Novaçerkasskinin, Krasnodarın müxtəlif həbsxanalarında dustaq etdilər. Həmin həbsxanalarda dəhşətli işgəncələr verdilər. Bir gündə 18 dişimi söküb çıxartdılar damağımdan. Ruslar barmaqlarımı və burnumu qırdılar. Bəstəkar Arif Məlikovun və Tofiq İsmayılovun sayəsində azadlığıma qovuşdum. Hətta məni itgin kimi qələmə vermişdilər. Doğrudan da elə idi. Saxlanıldığım həbsxanalarda qeydiyyata alınmırdım. İran Azərbaycan sərhədinin sökülməsində günahlandırılanlar arasında mən də vardım və bizə qarşı 3 ittiham irəli sürürdülər - sərhədçilərin hərbi hissələrinə basqın və zor tətbiq etmə. Erməni kəndlərinə hücum. 20 yanvar hadisələrindən sonra Cəbrayıl əhalisindən partiya biletlərinin zorla yığılaraq yandırılması.

Döyüşçülər deyir torpaqlar satılıb, televiziyalar deyir satılıb

Mənə ən çox təsir edən odur ki, Qarabağla bağlı televiziyalarda hazırlanan verlişlərdə hamı bir ağızdan durub deyir ki, "torpaqlar satılırdı". Bunlar belə deyən yerdə, hansı işğaldan söhbət gedə bilər? Biz ermənilərlə yox, ruslarla, böyük bir imperiya ilə döyüşmüşük. Hadrutda rusların bir hərbi hissəsi var idi, xüsusi təyinatlı sərhəd qoşunlarına tabe olan hərbi hissə. Panteleyev, Dialovski bu rus zabitləri 1993-cü il avqustun 23 də Cəbrayıla hücum olunanda orda idilər. Mən döyüş yoldaşlarıma da dedim ki, baxın, üstümüzə gələn ermənilər yox, ruslardır.

Elbrus Orucovun əmri ilə Şuşanı tərk etmişdilər

Şuşadan çıxan döyüşçülərin qabağını mən kəsmişəm. Ordan çıxanlar Elbrus Orucovun əmri ilə Şuşanı tərk etmişdilər. Elbrus Orucov Şuşanın komendantı idi. Biz ordan çıxan qüvvələri Cəbrayılda qarşılamışıq.
Laçının özünümüdafiə batalyonu Laçında qalıb döyüşürdü, amma orda olan digər qüvvələr Elbrus Orucovun əmri ilə Laçını da tərk etdilər.

Əsirlikdəki qızlar deyirdi ki, kişiliyiniz çatırsa, bizi öldürün

Mən əsirlərin azad olunması üçün əlimdən gələni əsirgəməmişəm. Sizin saytda əsir Mail Məmmədovla bağlı yazınız da getmişdi. Mən o oğlandan ötrü cibimə qumbara qoyub 40 dənə erməninin içinə girmişəm. Mailin atası gəlib mənə dedi ki, Fizulidə "fantomas" ləqəbli bir Azərbaycan zabiti var, Maili əsirlikdən qurtarmaq üçün bizi "fırladır".

Ermənilərlə əlaqə yaratdım. Erməni döyüşçülər arasında bir uşaqlıq dostum vardı, Edik. Azərbaycanlı əsirlərin geri qaytarılmasında mənə çox kömək edirdi. Ermənilər mənə dedi ki, sizinkilər Ağdamda bir erməni qızını əsir saxlayırlar, onu gətirməsəniz Mailin başını kəsəcəyik.

Ratsiya vasitəsi ilə erməni əsirliyində olan bir çox azərbaycanlı qızlarla da əlaqə saxlamışam. Onlar deyirdilər ki, bizi azad eləməyin, kişiliyiniz çatırsa, bizi öldürün. Hamısı azad olmaqdan çox ölmək istəyirdilər. Hərdən ermənilər o qızları çıxardıb bizə göstərirdilər... (Susur.) Elə göstərirdilər ki... (Qızararaq tələbələrinə baxır.) Mən bunu deyə bilmirəm...
Ancaq bircə bunu deyə bilərəm ki... Xocalının qisasını aldıq onlardan.

Ayaz Mütəllibov nə haqla şəhidlər xiyabanına gedir?..

Ermənilər Xocalıda silahlanırdı, o dönəmki hakimiyyətimiz isə, orda ev tikdirib, yol çəkdirirdi. Ayaz Mütəllibov nə haqla Xocalının anım günündə Şəhidlər Xiyabanına gedir? Orda pak insanlar yatır axı? Heç mən özüm də ora getmirəm. Necə gedim? Gedim deyim ki, rahat yatın, burda toy-bayramdı? Çox təəssüf ki, Azərbaycan bu 20 ildə sadəcə, Mübariz İbrahimovu, Ramil Səfərovu, Fərid Əhmədovu yetişdirə bildi. Çıxın şəhərdə camaatdan soruşun, görün heç 5 dənə Milli Qəhrəman adı deyə bilən olacaqmı? Amma Röyanı, Aygünü, Nadiri, Rəqsanəni yaxşı tanıyırlar. Bu millətin Qubayla Qubadlını səhf salan insanları var. Bu millətin Kəlbəcərin işğal olunmasından xəbəri olmayan sənətçiləri var.
Bu ölkəni qarış-qarış gəzsək, müharibəni xatırladan şuara və ya hər hansısa reklam şitinə rast gəlmərik. Eləcə də ordunu təbliğ edən heç bir təbliğat işləri aparılmır. Şəhərin görkəmli yerlərinə lütlərin şəklini vurunca, ordunu təbliğ edən bir reklam şiti niyə nümayiş olunmur? Axı biz müharibə şəraitində yaşayırıq.

Azərbaycanlı qadın erməni qızına öz qızı kimi baxırdı

- Neçənci ilə qədər döyüşlərdə iştirak etmisiniz?

- 1993 cü ilə qədər, ermənilər Cəbrayılı alana kimi döyüşdüm. Sədərəkdən tutmuş Laçın dəhlizinə qədər döyüşlərdə iştirak etdim.

- Vaqif bəy, əsirlərin azad olunmasında böyük əməyiniz olub və bu mənə təqdim etdiyiniz fotolardan da məlumdur. Bu haqda nə deyə bilərsiniz?

- Gördüyünüz fotoların bir çoxunu, itgin düşənlərin valideyinləri göndərirdi mənə. Mən də bacardığım qədər onları tapmağa çalışırdım. Təxminən yüzə yaxın əsirin azad olunmasına nail oldum. Ermənilər məndən Azərbaycanda əsir saxlanılan azyaşlı qız uşağını istədilər. Həmin qızı Ağcəbədidə, bir azərbaycanlı qadın saxlayırdı, öz qızı kimi baxırdı o qıza. O qadının oğlunu ermənilər əsir almışdılar, oğlu ilə dəyişdirmək istəyirdi. O qızı gətirtdim. 13 yaşı var idi. Elə oldu ki, biz bu qızı həlak olmuş iki döyüşçümüzün cəsədi ilə dəyişəndə,- bir erməni var idi Harutunyan,- mənə lağ eləyib dedi: "Siz döyüşə dəliləri göndərirsiz".
Soydaşımızı nə günə qoymuşdularsa, adam dəhşətə gəlirdi. Həmin o həlak olmuş 2 nəfər - Faiq və Mirələm 30-a yaxın ermənini öldürmüşdü. Cəsədləri tanınmaz haldaydı. Mənə dedilər ki, cəsədlərə baxmayım. Baxdım... (gözləri dolur) Həmin cəsədlərlə birgə, şuşalı bir əsirimizi də bizə verdilər - Teymur İbrahimov. Yazıq bir dəri, bir sümük idi, günlərlə ac saxlamışdılar. Həmin erməni qızı, Moskovada yaşyan görkəmli astranomiya elmləri üzrə akademik Ambartsumyanın nəvəsi idi. Erməni qızıyla Teymur İbrahimovu dəyişəndə, qız qəfil onu gördü və çox qorxdu. Həmin qızın valideyinləri ordaydı, onlar bu mənzərəni görüb çox utandılar, hələ bizdən üzr də istədilər.

Heydər Əliyevə haqqımda yalan məlumatlar verilmişdi

Bundan sonra dəhşətli hadisələrlə, böhtanlarla qarşılaşdım. Mərhum prezidentimiz H. Əliyevə mənim haqqımda yalan böhtan xarakterli məlumatlar vermişdilər. Güya ki, mənim döyüşdüyüm batalyon Cəbrayılı ermənilərə təslim etmək istəyir. Mən adi bir əsgər idim, ancaq yalandan demişdilər ki, batalyon komandiriyəm. O da inanmışdı. Bu yalan məlumatı mərhum prezidentimizə MTN–nin keçmiş rəisi Şirinov vermişdi. Ancaq mən Cəbrayılın boşaldılaraq ermənilərə verilməsi təxribatı haqda bir məktub yazaraq Elçibəyə və Ali Sovetin sədri olan Heydər Əliyevə bildirmişdim. Həmin məktubu sizə göstərdim.

- İzninizlə mən söhbətimizi yekunlaşdırmaq istərdim. Deyəcəyiniz başqa nəsə var?

- Bizim dədə-baba torpaqlarımızda təkcə insanlarımız şəhid olmayıb, oranın ağacları da, suyu da, havası da, dağılmış evləri də şəhiddir. Ermənilər arxayin olmasınlar ki, bu, belə qalacaq. Biz o torpaqları geri alacağıq. Mən də bir əsgər kimi, hər zaman əmrə müntəzirəm.

Tarix
2014.02.28 / 10:06
Müəllif
Elçin Aslangil
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla