Azərbaycanda istirahət mərkəzlərində və idman-sağlamlıq
komplekslərinin su hovuzlarında baş verən xoşagəlməz hadisələr
hamını narahat edir. Bu həm istirahət və sağlamlıq mərkəzlərinin
rəhbərliyinin, həm də müştərilərin günahı səbəbindən baş verir. Su
hovuzlarının mühafizəsinin lazımi səviyyədə təşkil olunmaması,
müştərilərin təhlükəsizlik qaydalarına əməl etməmələri sonda
xoşagəlməz hallar və faciələrlə nəticələnir.
Əslində istirahət və idman komplekslərindəki hovuzlarda
təhlükəsizlik hansı qaydalarla və necə tənzimlənir? Azərbaycanın
istirahət mərkəzləri və idman-sağlamlıq komplekslərində bu
qaydalara necə əməl olunur?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə
ekspert Elmar Nurəliyev bildirir ki, Azərbaycanın bəzi istirahət
mərkəzlərində, idman-sağlamlıq komplekslərində və çimərliklərdə bu
məsələlərə nəzarət aşağı səviyyədədir:
"Su hövzələri, idman kompleksləri və istirahət mərkəzlərində su
hovuzlarından istifadə qaydaları ilə bağlı Nazirlər Kabinetinin 22
oktyabr 1998-ci il tarixli 216 saylı qərarı var. Bu qaydalarda su
hövzələri və hovuzlarda hansı təhlükəsizlik tədbirlərinin görülməsi
müfəssəl əks olunub.Qaydalara
görə, istirahət mərkəzləri və idman komplekslərində azyaşlılarla
böyüklərin bir hovuzda çimməsi qadağan edilib. Azyaşlılar üçün
hovuzların dərinliyi 70 sm-dən artıq olmamalıdır. Böyüklər üçün
nəzərdə tutulan hovuzların dərinliyi isə maksimum 150 sm olmalıdır.
Amma bu gün əksər istirahət mərkəzlərində bu qaydalara əməl
olunmur. Belə ki, adətən istirahət mərkəzlərində azyaşlılar da
böyüklər üçün nəzərdə tutulan hovuzlarda çimir. Nə nəzarətçilər, nə
də valideynlər bunun qarşısını almırlar. Bu da sonda xoşagəlməz
hallarla nəticələnir, faciələrə yol açır".
E.Nurəliyev bildirir ki, istənilən şəxs nəzarətçi olmadan hovuza
daxil ola bilməz. İstər azyaşlı, istərsə də böyük şəxslər hovuzda
nəzarət altında olmalıdırlar:
"Bundan başqa, içkili şəxslərin hovuza girməsi qadağandır. Amma
bizdə bu məsələlərə o qədər də diqqət yetirilmir. Hovuza girən şəxs
ona görə nəzarətdə saxlanılmalıdır ki, həmin şəxsin hovuzda
başqalarına qarşı kobud hərəkətlər etməsinin, zarafatlaşmasının
qarşısı alınsın".
Ekspert deyir ki, istər istirahət mərkəzində, istərsə də
idman-sağlamlıq komplekslərində hovuza daxil olan insanların sayına
diqqət yetirilməlidir:
"Hovuzun ölçüsünə görə adamların sayı müəyyən olunmalıdır.
Hovuzda hər adam üçün 5 kv.m sahə müəyyən edilməlidir. Amma
Azərbaycanda əksər istirahət mərkəzlərində balaca bir hovuza 50-60
nəfər birdən daxil olur və bu da həmin insanların normal hərəkətinə
mane olur. Əslində, yuxarı yaşlı insanlar üçün hovuzda 5,
azyaşlılar üçün isə 4 kv.m sahə müəyyən edilib. Bir də görürsən ki,
istirahət mərkəzlərində hətta 200 kv.m-lik hovuza 100 nəfər yuxarı
yaşlı adam daxil olur. Belə hovuzlarda hətta nəzarətçi də olmur.
İstirahət mərkəzlərinin rəhbərləri bu prosesdə canlı qüvvəni
müşahidə kameraları ilə əvəz edir. Halbu ki, idman-sağlamlıq
komplekslərindəki hovuzlarda nəzarətçinin olması vacibdir".
Ekspert qeyd edir ki, bu cür yerlərə hər adamı nəzarətçi təyin
etmək də olmaz. Bunun üçün xüsusi ixtisaslaşmış kadrlar təyin
edilməli və həmin şəxslər təhlükəsizlik qaydalarını bilməlidirlər.
Məsələn, hovuzda kimsə boğularsa və ya hansısa bir təhlükə ilə
üzləşərsə, həmin an nəzarətçi ona ilkin yardım göstərməyi
bacarmalıdır. Hər üzməyi bacaran şəxsdən nəzarətçi təyin etmək
olmaz. Bunun üçün sözügedən sahədə sırf sertifikatlaşmış mütəxəssis
təyin edilməlidir:
"Nəzarətçi ilə yanaşı, hovuzların hər iki kənarında, hər 10
metrdən bir təhlükəsizlik hava şarları olmalıdır. Hovuza daxil olan
hər bir kəs nəzarətçi tərəfindən nəzarətdə saxlanılmalıdır ki,
təhlükə olsa, ilk olaraq həmin hava şarlarını göndərsin. Bununla
yanaşı, hovuz olan yerdə insanlara tibbi yardım göstərmək üçün
ixtisaslaşmış həkim briqadaları saxlanılmalıdır ki, kimsə
boğularsa, ona ilkin tibbi yardım göstərilsin. Boğulma hallarından
başqa, hovuzda insanlarda qıcolma halları baş verir. Həmin an
nəzarətçi və ya həkim briqadası tutması olana ilkin tibbi yardım
göstərməyi bacarmalıdır. İlkin yardım kimi isə, qıcolma zamanı
xəstənin ayağının altına iynə batırmaq lazımdır".
E.Nurəliyev bildirir ki, bu gün istirahət mərkəzlərində qeyd
olunan qaydalara əməl olunmur. Ekspertin sözlərinə görə, belə
məkanlarda divarlarda və ya digər görünən yerlərdə hovuzdan
istifadə üçün təhlükəsizlik qaydaları nəzərəçarpacaq səviyyədə
yazılıb qoyulmalıdır ki, hovuzdan istifadə edən şəxs əvvəlcə həmin
qaydalarla tanış olsun. Ekspert hovuzlarda hər şeydən əvvəl
gigiyenik-təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini də
vurğulayır:
"Hovuzlar hər 12 saatdan bir təmizlənməli, suyun təmizliyi üçün
hovuz dərmanlanmalıdır. Əks halda, hovuzdan istifadə edənlər
dəri-zöhrəvi xəstəliklərinə yoluxa bilərlər".
E.Nurəliyev deyir ki, hovuzların içərisi ilə yanaşı,
kənarlarında da təhlükəsizlik tədbirləri gücləndirilməlidir:
"Məsələn, hovuzların təmizlənməsi üçün nasosxanalar quraşdırılır
ki, bu nasosxanaların adətən üstü açıq olur. Sutəmizləyici
qurğuların quraşdırılmasına diqqət yetirilməlidir. Bu qurğular
düzgün bərkidilməyəndə hovuzda çimən şəxslər üçün təhlükə yarana
bilər. Bu cür xoşagəlməz hadisələr istirahət mərkəzlərində bir neçə
dəfə baş verib. Bu cür halların baş verməməsi üçün istirahət
mərkəzlərində və idman-sağlamlıq komplekslərində belə təhlükəsizlik
tədbirlərinə ciddi nəzarət olunmalıdır. Ümumiyyətlə, hovuza daxil
olan istənilən şəxs təhlükəsizlik qaydaları barədə
təlimatlandırılmalıdır".