Bakının Nərimanov rayonunda "Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Axar.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə A.Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlə çıxış edib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi A.Cümşüdov bu işdə təqsirkar deyil:
"Biz özümüz də təqsirkar şəxsin müəyyən olunmasında maraqlıyıq. Müstəntiq bu işdə bəzi sənədlərin araşdırılmasına hüquqi qiymət verməyib. 2025-ci ilin mayın 15-də həmin ərazidə çökmə müəyyən edilib və ərazi hasarlanıb, dayanıqlı işarələr qoyulub. Amma cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işinin başlanmasına 10 mart tarixli əmrə istinad edilib. Qeyd olunan ərazidə işlərin görülməsi üçün 27 iyun tarixli əmrlə işin görülməsi barədə sənəd var.
10 mart tarixli sənədə necə istinad etmək olar. O zaman belə bir düşüncə yaranır ki, 10 mart əmri imzalanıb, iki ay 5 gün sonra çökmə müəyyən olunacaq. Buna görə də qeyd etmək istəyirik ki, 10 mart əmri ilə işlərin görülməsi sənədi başqa ünvan üçün nəzərdə tutulub. 10 mart əmri ilə 27 iyun əmrlini heç bir əlaqəsi yoxdur. Bundan başqa Azər Cümşüdovun həmin ərazidə təmir işlərinin aparılması mümkün deyildi. Çünki təmir işlərinin aparılması üçün vəsait ayrılmalıdır, bununla dərkənar olmalı idi. Azər Cümşüdov öz hesabına orada təmir işləri də apara bilməzdi. Hadisədən qısa müddət sonra ərazidə təmir işlərinin aparılması üçün təsdiq gəlib. İbtidai istintaq zamanı bu məsələdə araşdırılmayıb z üstü açıq qalıb. Bundan əlavə iş materiallarına nəzər yetiriləndə görünür ki, ibtidai istintaq zamanı 10-a yaxın məsələ araşdırılmayıb. Bu məsələlərində araşdırılması məhkəmə predmetinə aid deyil. Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən bu məsələlər məhkəmə istintaqı zamanı araşdırılması mümkün deyil, həmin məsələlərə hüquqi qiymət verilməsi üçün iş prokurorluğa qaytarılmalıdır. Buna görə də işin icraatına xitam verilməsini, vəsatətdə göstərdiyimiz məsələlərin həll olunması üçün cinayət işi prokurorluğa qaytarılsın".
Təqsirləndirilən Azər Cümşüdov deyib ki martın 10-da olan əmr başqa ünvanda olan ərazinin təmiri üçün nəzərdə tutulub:
"Mayın 15-də hadisə baş verən ünvanda çökmə çəpərləmə işləri aparılıb. Mən bu işlə bağlı müstəntəq sular verdim ki, nə etməliydim ki, onu yeməmişəm. Bu sualıma cavab verən olmayıb. Müdafiəçimin vəsatəti ilə razıyam".
Zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin vəsatət etiraz etməyiblər. Onlar bu məsələni məhkəmənin mülahizəsinə veriblər.
Daha sonra dövlət ittihamçısı Çoşqun İsmayılov bildirib ki, vəsatətdə göstərilən məsələlər məhkəmə araşdırması zamanı həll olunan hallardır. Onun sözlərinə görə, işə mahiyyəti üzrə baxılmalıdır ki, bu məsələlər həll olunsun:
"Buna görə də işin məhkəmə baxışına verilməsinə heç bir maneəyə yoxdur. Əgər məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmasa, buna yekunda hüquqi qiymət verilə bilər. Buna görə də vəsatət təmin edilməməsin istəyirik. İşin məhkəmə baxışına verilməsini xahiş edirik".
Daha sonra hakim hazırlıq iclasının qərarını açıqlayıb. Təqsirləndirlilən şəxsin vəkili tərəfindən verilən vəsatət təmin edilməyib, işin məhkəmə baxışına verilməsi qərara alınıb.
Növbəti məhkəmə iclası dekabrın 23-ə təyin edilib.
Qeyd edək ki, bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.