Bakı Metrosunun ziyanı niyə hər il artır? Bakı Metropoliteninin yığılmış zərəri 3 milyard manatı keçib. QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Razi Abasbəyli bildirib.
Onun sözlərinə görə, səhmdar cəmiyyətin maliyyə hesabatında qeyd edilir ki, 2024-cü ildəki ziyan 2023-cü illə müqayisədə 81,6% çoxdur:
“Rəsmi statistik məlumatlara görə, Bakı Metropoliteni QSC-nin ziyanı 2022-ci ildə 65 mln, 2023-cü ildə 77 mln, 2024-cü ildə isə 139,6 mln manat olub.
Bəs Bakı Metropoliteninin rəhbərliyi nə deyir? Hər zamankı əzbərlədikləri cavab: “Metro sosial nəqliyyatdır, gediş haqqı maya dəyərini ödəmir”.
Bakı Metropolitenində illərdir ki, ictimai şəffaflıq yoxdur. Maliyyə hesabatlarında xərclərlə bağlı detallar əldə etmək mümkün deyil. Məsələn, aşağıdakı cədvəldə Bakı Metropoliteninində şəffaflıq dərəcələri göstərilib.
Harada şişirtmə ehtimalı nə qədərdir?
Xərc növü | Risk səviyyəsi
Əməkhaqqı və sosial ödənişlər | Orta
Elektrik enerjisi | Orta
Təmir və texniki xidmət | Yüksək
Satınalmalar və tenderlər | Yüksək
Amortizasiya və əsas vəsaitlər | Qeyri-şəffaf
İndi biz bilmirik ki, Bakı Metropolitenində təmir və texniki xidmət, satınalmalar və tenderlər, amortizasiya üçün hər il nə qədər xərclənir. Xüsusilə təmir, satınalma və amortizasiya xərcləri üzrə açıq və detallı ictimai hesabat yoxdur. Məhz bu sahələr korrupsiya risklərinin ən yüksək olduğu sahələrdir.
Son 3 il ərzidnə, yəni 2022-2025-ci illərdə Bakıda yeni metrostansiyası da istismara verilməyib. Hətta istifadəyə verilsə belə, yeni stansiyanın inşası üçün vəsait dövlət büdcəsindən ayrılır. Yəni yeni stansiya inşa edib istifadəyə vermək Bakı Metropoliteninin xərc və gəlirlərinə aid deyil.
Başqa bir mühüm məqam
Son 3 ildə neçə vaqon alınıb? Neçəsi yenilənib? Bir vaqonun real maya dəyəri? Məlum deyil.
Düzdür, bir neçə ildir ki, rəsmi olaraq Hesablama Palatası Bakı metrosunda müxtəlif illərdə səmərəsiz xərclər və prosedur pozuntuları haqqında açıqlamalar yayıb. Lakin geniş və detallı olan açıqlanmış heç bir audit haqqında məlumat almaq mümkün deyil.
Zərər isə hər il çox sürətlə yüksəlir...
İndi isə gələk 2024-cü ildə 140 milyon manatlıq ziyana... Ziyan varsa, bu barədə açıqlama verilməlidir. Çünki Bakı metrosu dövlət büdcəsindən dotasiya alan qurumdur. Eyni zamanda metroda gediş haqqı da artırılıb. Normalda ziyan cəmi bir ildə bu qədər niyə artsın?
İndi isə əsas məqama diqqət edək - Bakı metrosunda illik sərnişin sayı: 215–230 milyon nəfər olur.
Göstərici | Məbləğ
Real xərc (gəlir + zərər) | **249,6 mln manat**
Faktiki gəlir | 110 mln manat
Dövlət vəsaiti / zərər | 139,6 mln manat
Hesablamalara görə, 1 sərnişinin Bakı Metrosunda xərci 1,10 – 1,15 manatdır. Bu vəsaitin 0.60 manatını sərnişin ödəyir. Qalan 55 qəpik isə büdcədən ödənilir. Yəni metroya minən hər vətəndaş üçün dövlət büdcəsi də “bilet alır”. O zaman açıq bir sual ortaya çıxır - əgər yeni stansiya tikilmirsə, vaqon parkı köklü yenilənmirsə, xidmət keyfiyyəti artmırsa, 1,13 manatlıq xərc niyə 0,90–1,00 manata endirilmir?
Müqayisə üçün qeyd edək ki, 1 sərnişin üçün bir gediş üzrə maya dəyəri Tiflis metrosunda 0.80 manat, İstanbul metrosunda 0.90 manatdır.
Deməli, xərclər maddəsində şişirtmələr, elektrik enerjisinə qənaət etmək üçün yeni texnologiyalardan istifadə və sair etmək illərdir Bakı metrosunun rəhbərliyinə sərf etmir”.