9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilmişdir. İclasda müxtəlif məsələlər müzakirə olunub.
Bu barədə Axar.az-a Audiovizual Şuradan məlumat verilib.
İlk olaraq Azercell Telekom MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla Azercell Telekom MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Bundan sonra, iclasda Neftçi TV kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunmuşdur ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən Neftçi TV kanalı ilə bağlı Audiovizual Şura tərəfindən Neftçi Media MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıq olunub. Nəticədə Neftçi Media MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura Neftçi TV kanalı üçün Neftçi Media MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.
İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub:
14 noyabr 2025-ci il tarixdə Dünya TV kanalında yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək Dünya TV televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.
27 noyabr 2025-ci il tarixdə MTV kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək MTV televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.
3 dekabr 2025-ci il tarixdə, "Speys FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək "Speys FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.
İclasda, ən son, keçən ilin 25 dekabr tarixində Speys TV kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Speys TV kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə Speys TV televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar vermişdir.