Lənkəranın Şovu kəndində arıçılığa fərqli baxış gətirən maraqlı məkan fəaliyyətə başlayıb. Burada yaradılan Azərbaycanın ilk Arıçılıq Muzeyi təkcə balın və digər arı məhsullarının nümayiş olunduğu yer deyil, həm də bu qədim peşənin tarixini, mədəniyyətini və müasir yanaşmalarını bir araya gətirən layihədir.
Muzeyin yaradıcısı, 59 yaşlı arıçı Səyavuş Yaqubov Axar.az-a açıqlamasında bildirib ki, 2015-ci ildən bu işlə məşğuldur.
“İllər ərzində ənənəvi arıçılıqla yanaşı, innovativ üsulları da tətbiq etməyə başladıq. Fikirləşdik ki, niyə Azərbaycanda arıçılıq muzeyi olmasın?!” - o deyib.
Səyavuş Yaqubov bu ideyanı həyata keçirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin "Şəhərdən Kəndə" layihəsinə müraciət edib. Layihə müsbət qiymətləndirilib və muzeyin yaradılması üçün binanın təmirindən dizaynına qədər bütün işlər həyata keçirilib.
Muzeyə gələn ziyarətçilər burada yalnız arıçılığın tarixi ilə tanış olmurlar. Eyni zamanda müxtəlif arı məhsullarını əldə etmək imkanı da qazanırlar. Satışa təqdim olunan bal, propolis, arı südü, çiçək tozu, güləm və digər məhsulların hamısı təsərrüfatın öz istehsalıdır.
Muzeyin diqqət çəkən yeniliklərindən biri isə apiterapiya xidmətidir. Burada “arı evi” adlandırılan xüsusi məkan yaradılıb. Ziyarətçilər həmin məkanda dincələ və “ApiAir” adlanan arı havası terapiyasından yararlana bilirlər.
Səyavuş Yaqubovun sözlərinə görə, bu üsul apiterapiyanın bir qoludur. Xüsusi hazırlanmış pətəyə 15 çərçivə arı yerləşdirilir, xüsusi sistem vasitəsilə pətəkdən gələn hava tibbi maska ilə nəfəs yollarına ötürülür. Bildirilir ki, bu hava ağciyərlərə daxil olduqdan sonra orqanizmə yayılır və bronxial astma, eləcə də immun sisteminin gücləndirilməsi kimi sahələrdə faydalı təsir göstərə bilər.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində bu istiqamətdə sağlamlıq mərkəzlərinin fəaliyyət göstərdiyini deyən arıçı hesab edir ki, Azərbaycanda da apiterapiyaya maraq ildən-ilə artır.