Yuxarı

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və ADA Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün təşkil olunan “Zəfər” Amerika Yay Düşərgəsi davam edir.15–26 iyul tarixlərini əhatə edən düşərgə çərçivəsində cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universitetinin, Xəzər Universitetinin və Azərbaycan Tibb Universitetinin 10 nəfər şəhid övladı ABŞ-də zəngin akademik, mədəni və maarifləndirici proqramda iştirak edir.

Düşərgənin əsas məqsədi iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların liderlik bacarıqlarını və dünyagörüşünü inkişaf etdirmək, ABŞ-də təhsil və karyera imkanları ilə tanış olmalarına şərait yaratmaq, eləcə də ölkənin tarixi, dövlət quruluşu, mədəniyyəti, elm və innovasiya sahələri barədə biliklərini artırmaqdır.

Düşərgənin açılış mərasimində ADA Universitetinin Vaşinqton Mərkəzinin əməliyyatlar üzrə direktoru Luet Raqusa düşərgənin məqsədi, proqramı və iştirakçılar üçün yaradacağı imkanlar barədə məlumat verib, gənclərə uğurlar arzulayıb. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək şəhid övladlarının şəxsi və akademik inkişafına yönəlmiş bu cür layihələrin əhəmiyyətini vurğulayıb, düşərgənin onların gələcək hədəflərinə çatmasında mühüm töhfə verəcəyini bildirib. Düşərgənin ilk günü çərçivəsində İndiana Universitetinin İqtisadiyyat üzrə doktorantı Xətai Alıyev tərəfindən “Amerikada təhsil imkanları” mövzusunda təlim keçirilib. Təlim zamanı ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

“Zəfər” Amerika Yay Düşərgəsi çərçivəsində iştirakçılar ABŞ-nin tarixi, incəsənəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Proqram çərçivəsində iştirakçılar Ağ Evin tarixi və ABŞ prezidentliyi institutu haqqında interaktiv məlumatların təqdim olunduğu “The People’s House: A White House Experience” muzeyini ziyarət ediblər. Daha sonra Renwick Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunmuş “State Fairs Tour: Growing American Craft” sərgisi ilə tanış olaraq Amerika sənətkarlığının inkişaf yolunu əks etdirən eksponatlara baxıblar. İştirakçılar Lafayette Meydanı və Ağ Ev ətrafında gəzinti edərək şəhərin tarixi məkanları ilə tanış olublar. Səfər çərçivəsində Amerika Tarixi Milli Muzeyi də ziyarət olunub. Burada Prezidentlər pavilyonu, Birinci xanımlar pavilyonu, Yunan tanrısı üslubunda hazırlanmış Corc Vaşinqton heykəli, ABŞ dövlət himninə ilham vermiş tarixi bayraq, eləcə də ölkənin 250 illiyinə həsr olunmuş “Həyat, Azadlıq və Xoşbəxtlik Axtarışında” sərgisi iştirakçılarda böyük maraq doğurub. Ardınca Milli İncəsənət Qalereyasında “Amerika İncəsənətinin Tərənnümü”, “Dear America” və “Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə” sərgiləri ilə tanış olan düşərgə iştirakçıları Amerika incəsənətinin müxtəlif dövrlərini əks etdirən əsərləri yaxından izləyiblər.

Proqramın davamında iştirakçılar Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Torpedo Factory Art Centerdə fəaliyyət göstərən rəssam emalatxanalarını, xüsusilə, “Torpedo” İncəsənət Mərkəzində əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasını ziyarət edib, yaradıcı proseslə tanış olublar. Daha sonra qədim Aleksandriya şəhərinə ekskursiya edərək onun tarixi küçələrini və memarlıq nümunələrini gəziblər.

Proqram çərçivəsində iştirakçılar həmçinin beynəlxalq təcrübə və peşəkar inkişaf istiqamətində müxtəlif görüşlərdə iştirak ediblər. LB International’ın nümayəndəsi Lydia Borlandın iştirakı ilə keçirilən görüşdə iştirakçılar beynəlxalq təcrübə və peşəkar inkişaf istiqamətində məlumatlar əldə ediblər. Həmçinin Türkiyə Respublikasının Vaşinqtondakı Səfirliyinə səfər ediblər. İştirakçılar Smithsonian Milli Təbiət Tarixi Muzeyini ziyarət edərək Almaz və Qədim Misir pavilyonları ilə tanış olublar. Həmçinin Vaşinqton Abidəsi, Linkoln Memorialı və Tomas Cefferson Memorialına səfər edərək ABŞ-nin tarixi və mədəni irsi barədə biliklərini zənginləşdiriblər. Səfər çərçivəsində Baku Delicious restoranında Azərbaycan Evinin rəhbəri Sevda Tahirli və ABŞ-də yaşayan Azərbaycan icmasının nümayəndələri ilə səmimi görüş keçirilib. Həmçinin Amerikada yaşayan mərhum sənətkarımız Səxavət Məmmədovun oğlu Bəxtiyar bəylə görüş iştirakçılar üçün xüsusi və unudulmaz anlarla yadda qalıb.

ABŞ-də keçirilən yay proqramı çərçivəsində iştirakçılar Konqres Kitabxanasını ziyarət edərək onun tarixi və zəngin irsi ilə tanış olublar. Ardınca ABŞ Kapitolu, Ali Məhkəmə və ABŞ Konqresinin inzibati binalarına – Cannon, Longworth və Rayburn binalarına səfər edərək ölkənin qanunvericilik və məhkəmə sistemi haqqında daha yaxından məlumat əldə ediblər. Günün davamında ADA Universitetinin Vaşinqton Mərkəzinin Direktorlar Şurasının üzvü Lesli Şveitzer ilə görüş keçirilib. Görüş zamanı təhsil, gənclərin inkişafı və gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Düşərgə iştirakçıları həmçinin Smithsonian Milli Hava və Kosmos Muzeyini ziyarət edərək aviasiya və kosmik tədqiqatların tarixi ilə tanış olublar. Proqramın növbəti günündə iştirakçılar American University-də hüquq sahəsi üzrə keçirilən görüşdə iştirak edib, universitetin Katzen Arts Centerini ziyarət ediblər. Daha sonra Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyində Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimlə görüş keçirilib. Görüş zamanı iştirakçılar Azərbaycan-ABŞ münasibətləri və diplomatik fəaliyyət barədə məlumat əldə ediblər. Səfər çərçivəsində ABŞ-Azərbaycan Ticarət Palatasına və Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə səfər edən iştirakçılar burada amerikalı iş adamları ilə görüşərək biznes və peşəkar əlaqələr, eləcə də iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Axşam saatlarında iştirakçılar Georgetown Waterfront, Thomas Sweet Ice Cream Shop və M Street ətrafında gəzinti ediblər. Günün sonunda isə Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataş övladlarımızla görüşüb. Səmimi görüş zamanı iştirakçılarla maraqlı söhbətlər aparılıb, onların sualları dinlənilib və dəyərli fikirlər bölüşülüb. Proqramın davamında Corc Vaşinqton Universitetinin Mühəndislik, Elm və Texnologiya istiqaməti üzrə nümayəndəsi ilə görüş keçirilib. Daha sonra iştirakçılar Corc Vaşinqton Universitetinin “Textile Muzeyi” - ni ziyarət ediblər. İştirakçılar Milli Asiya İncəsənəti Muzeyini də ziyarət edərək “Of the Hills” sərgisi ilə tanış olublar. Günün davamında Smithsonian Milli Təbiət Tarixi Muzeyində “Beyond the Exhibition: 250 Years of Messaging” proqramında iştirak edərək kommunikasiya və texnologiyanın inkişafı ilə bağlı təqdimat və eksponatlarla tanış olublar. Proqram çərçivəsində iştirakçılar həmçinin Corc Vaşinqtonun Mount Vernon malikanəsini ziyarət edərək ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun həyatı və tarixi irsi ilə tanış olublar. Düşərgənin yekun günündə iştirakçılar Smithsonian Milli Zooparkını ziyarət edib, daha sonra Planet Word Muzeyində interaktiv proqramda iştirak ediblər.

Düşərgənin yekununda proqramda iştiraklarına görə iştirakçılara sertifikatlar təqdim olunacaq. Qeyd edək ki, 12 gün davam edən “Zəfər” Amerika Yay Düşərgəsi şəhid övladlarının inkişafına, onların potensialının üzə çıxarılmasına və beynəlxalq təcrübə qazanmalarına yönəlmiş layihələrin davamı olaraq iştirakçılara zəngin təcrübə və yeni imkanlar qazandırır.

Tarix
2026.07.23 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla