Dələduzluqda təqsirləndirilən Elşən Zaxarovun barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Axar.az Pravda.az-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə əvvəlki cəzası da qismən toplanmaqla Elşən Zaxarova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Elşən Zaxarov özünü həkim və klinika rəhbəri kimi təqdim edərək müxtəlif şəxslərin etibarını qazanıb, pasiyentlərə implant və digər stomatoloji xidmətlər vəd edib, həmçinin tibbi avadanlıq şirkətindən məhsulları ödəniş etmədən götürüb.
Belə ki, təqsirləndirilən şəxs işlədiyi "EMV Dent" stomatoloji klinikasında qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə bir neçə epizod üzrə müxtəlif şəxslərin əmlakını ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq materiallarına əsasən, Elşən Zaxarov 2023-cü ilin dekabr ayında klinikada işlədiyi dövrdə pasiyentlərdən birinin qızına diş implantı edəcəyini bildirərək zərərçəkmişdən 2 800 manat pul alıb. Vəd edilən tibbi xidmət göstərilməyib, alınmış vəsait isə geri qaytarılmayıb.
Cinayət işinin digər epizodunda təqsirləndirilən şəxsin müalicə etdiyi pasiyentin ailəsi ilə yaxın münasibətlər qurduğu, özünü klinikanın sahibi kimi təqdim etdiyi qeyd olunur. O, rentgen aparatı alınmasına birgə sərmayə qoyulacağı və gələcəkdə qazanc əldə ediləcəyi barədə zərərçəkmişi inandıraraq ondan 15 000 manat alıb. Lakin sonradan vəd olunan layihə həyata keçirilməyib və vəsait geri qaytarılmayıb.
İstintaqın versiyasına görə, Elşən Zaxarov başqa bir pasiyentə 14 ədəd keramika diş hazırlayacağını bildirərək ümumilikdə 1 400 manat pul alıb. Məbləğin bir hissəsi nağd, digər hissəsi isə bank köçürməsi vasitəsilə ödənilib. İttihama görə, həmin vəsait də mənimsənilib.
Cinayət işinin ən iri epizodlarından biri tibbi avadanlıq təchizatçısı şirkətlə bağlıdır.
İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxs şirkətlə ümumi dəyəri 22 500 manat olan İsrail istehsalı diş implantları, sağalma başlıqları və peşəkar cərrahi dəstinin alınmasına dair müqavilə bağlayıb. Mallar təhvil-təslim aktı ilə klinikaya verilsə də, ödənişin bir ay ərzində ediləcəyi vəd olunmasına baxmayaraq, şirkət pulunu ala bilməyib.
İstintaq hesab edir ki, müqavilə bağlanarkən Elşən Zaxarovun əvvəlcədən əmlakı ələ keçirmək niyyəti olub.
Digər epizodda isə təqsirləndirilən şəxsin bir pasiyentin həyat yoldaşına implant qoyacağını bildirərək əvvəlcə 4 500 manat, daha sonra isə Cənubi Koreyadan keyfiyyətli implant gətirəcəyini vədi ilə əlavə 7 700 manat aldığı göstərilir.
Beləliklə, həmin zərərçəkmişdən ümumilikdə 12 200 manat alınıb, lakin vəd olunan müalicə həyata keçirilməyib.
Məhkəmə iclasında ifadə verən Elşən Zaxarov özünü irəli sürülmüş ittiham üzrə qismən təqsirli bildiyini deyib.
O, ali təhsil aldıqdan sonra stomatoloq kimi fəaliyyət göstərdiyini, əvvəlcə başqa klinikada, daha sonra isə özünün yaratdığı "EMU Dent" klinikasında işlədiyini bildirib.
Təqsirləndirilən şəxs tibbi avadanlıq şirkəti ilə bağlanmış müqavilə üzrə malları qəbul etdiyini təsdiqləyib. O bildirib ki, 100 ədəd diş implantı, 50 ədəd sağalma başlığı və cərrahi dəst klinikaya təhvil verilib və ödənişi sonradan edəcəyini vəd edib.
Lakin ifadəsində etiraf edib ki, həmin avadanlıqları əldə edərkən əvvəlcədən onları istifadə edib gəlir əldə etmək niyyətində olub. Daha sonra isə ölkəni tərk edərək Rusiya Federasiyasının Surqut şəhərinə getdiyini deyib.
Pasiyentlərdən biri ilə bağlı epizodu da təsdiqləyən Elşən Zaxarov bildirib ki, zərərçəkmiş qadının qızına implant qoyacağına söz verərək 2 800 manat alıb, lakin sonradan müxtəlif bəhanələrlə işi uzadıb və implantasiya əməliyyatını həyata keçirməyib. O, həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.
Bundan başqa, digər zərərçəkmişdən həyat yoldaşının implant müalicəsi üçün əvvəlcə 4 500 manat aldığını da məhkəmədə təsdiqləyib.
Qeyd: Elşən Zaxarov daha əvvəl - 29 noyabr 2023-cü il tarixdə implantların alınıb-satılması adı altında Cəmil Bəşirovun həmin dövrün valyuta məzənnəsi ilə 51 min manat təşkil edən 30 min ABŞ dollarını, daha sonra "Skaner Catcam" aparatının alınması üçün 35 min manat, 3 dekabr 2023-cü ildə isə "Ponarama" markalı rentgen aparatı adı ilə 65 min manat pulunu ələ keçirib. O, kommersiya fəaliyyəti görüntüsü yaratmaq məqsədilə klinikanın öz vəsaiti hesabına alınmış və quraşdırılmış tibbi avadanlıqları zərərçəkmiş şəxsə onun vəsaiti hesabına alındığı kimi təqdim edib.
Beləliklə, Elşən Zaxarov vahid niyyətlə ümumilikdə 151 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək Cəmil Bəşirova külli miqdarda maddi ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Zaxarov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmlə yanaşı, mülki iddia qismən təmin olunaraq zərərçəkmiş şəxsə dəymiş 151 000 manat maddi ziyanın və 444 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutulması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Elşən Zaxarov diş həkimi kimi sosial şəbəkələrdə də aktiv olub. Paylaşımlarda Azərbaycanda ilk ağrısız, kəsiksiz, qansız və ən əsası, şəkər xəstələrinə də icra oluna bilən implant dişlərin düzəldilməsi barədə məlumatlar verib.
Həmçinin sosial şəbəkələrdə onun tərəfindən 3 dəqiqəyə ağrısız, qansız implantasiya icra etməsi haqda da reklam xarakterli materiallar yayılıb.