2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq ölkə Prezidentinə təqdim olunub.
Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
"Son dövrdə Prezidentin qəbul etdiyi yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir", - deyə o qeyd edib.
Bundan başqa, hökumət başçısı deyib ki, Strategiyanın qəbul olunduğu 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1% olacağı gözlənilir.
"Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunmuşdur. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2% artıb, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1%, neft-qaz ÜDM-də isə 0,8% azalma olub. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb.
Cari ilin ilk 8 ayında cənab Prezidentin müvafiq Fərman və Sərəncamları ilə kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılması və büdcədən əlavə vəsaitin ayrılması, nəqliyyat-logistika subsidiyasının verilməsi, bəzi ixrac xərclərinin kompensasiya edilməsi və digər istiqamətlərdə iqtisadi aktivliyə dəstək tədbirləri həyata keçirilib. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard ABŞ dolları təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 milyard ABŞ dolları olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 milyard ABŞ dollarından çox olub. 2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olub. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır", - deyə Ə.Əsədov qeyd edib.