Dəm qazından zəhərlənmə hallarının artmasında əsas
məsuliyyət vətəndaşların üzərinə düşür, əhali qaz cihazlarından
düzgün istifadə etmir.
Bu sözləri Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov
Axar.az-a dəm qazından zəhərlənmə halları ilə bağlı danışarkən
bildirib. Mütəxəssisin sözlərinə görə, vətəndaşlar adətən isti
olsun deyə, sobanın yandığı otaqları tam qapalı vəziyyətdə
saxlayırlar. Nəticədə sobadan çıxan zərərli maddələr dar və qapalı
otaqda toplanır, nəticədə isə zəhərlənmə baş verir:
"Vətəndaşlar bilməlidirlər ki, qaz sobalarının borusu yalnız
dəmirdən hazırlanmalı və onun bayıra çıxışı olmalıdır. Vanna
otağında nəfəslik, ventilyasiya kanalı olmalıdır. Qapı bayır tərəfə
açılmalı və qapının aşağısında hava daxil olması üçün dəliklər
qoyulmalıdır. Bundan başqa, otağın havası tez-tez dəyişməli,
bacalar il ərzində təmizlənməlidir. Bəzən yaz-yay mövsümündə quşlar
həmin bacalarda yuva qurur və beləliklə, bacanın ağzı qapanır. Belə
şəraitdə yanma məhsulu otağa daxil olur və karbon qazı insanları
boğur".
Ekspert bildirir ki, qanunla bu işləri çoxmərtəbəli yaşayış
binalarında Mənzil İstismar Sahələri görməli, qışa hazırlıq
tədbirləri çərçivəsində tüstü borularını və şaxtaları, evlərə gələn
qaz xətlərini texniki yoxlanışdan keçirməli və onun qeydiyyatını
aparmalıdır. Fərdi həyət evlərində isə vətəndaşlar özləri
vaxtı-vaxtında istifadə qanunlarına riayət etməlidirlər.
N.Qasımov həmçinin qeyd edir ki, qaz sobalarını mütləq bu işə
bələd olan ustalar quraşdırmalıdır. Kustar üsulla hazırlanan qaz
cihazları da faciəli nəticələrə gətirib çıxarır:
"Bir sözlə, faciədən qaçmaq üçün qazla ehtiyatlı davranmaq
yalnız vətəndaşın öz tədbirliliyi və ehtiyatı sayəsində mümkündür.
Necə deyərlər, öz qayğısına qalanın Allah da qayğısına qalar".