Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbəb olub.
Axar.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Qurumdan qeyd edilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında balıq və balıq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 1.9% artıb.
"2025-ci ilin sentyabr ayı ilə müqayisədə qiymətlər 8.5%, 2026-cı ilin yanvar-sentyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.3% yüksəlib.
Ayrı-ayrı balıq növləri üzrə bazar məlumatlarına əsasən, sentyabrın 18-də çəki balığının kiloqramı 6-8 manata, ağ amurun 8-10 manata, forelin isə 10-13 manata təklif olunub. Oktyabrın 9-da isə çəki balığının kiloqramı 4-7 manata, ağ amur təxminən 7 manata, forel isə 9-12 manata satılıb.
Bu rəqəmlər çəki balığı, ağ amur və forel üzrə qiymətlərin aşağı düşməsi ehtimalını göstərsə də, eyni satış məntəqələri üzrə müqayisəli məlumatlar olmadığından ucuzlaşma rəsmi şəkildə təsdiqlənmir. Ümumilikdə, rəsmi statistik göstəricilər balıq və balıq məhsullarının qiymətlərində artım olduğunu təsdiqləyir. Lakin ayrı-ayrı növlər üzrə bahalaşma və ya ucuzlaşmanı dəqiq müəyyənləşdirmək üçün əlavə müqayisəli məlumatlar tələb olunur", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, iki həftə öncə həm Monqolustandan Azərbaycana gətirilən quzu əti, həm də ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.