Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə dövlətə xəyanətdə təqsirləndirilən Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəməsi keçirilib.
Axar.az lent.az-a istinadla xəbər verir ki, məhkəmədə şikayətin dəlilləri araşdırılıb, müvafiq vəsatətlər dinlənilinib və ardınca iş məhkəmə baxışına verilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.