20-ci əsrin 80-ci illərində
kəndimizdə - Muğan torpağında, Salyanın Varlı kəndində Novruz necə
qarşılanırdı və necə keçirilirdi? Bunları yazmaqda fayda görürəm.
Nədəni bu ki, artıq bu adətlərin bəziləri unudulub və unudulmaqda
davam edir və əminəm bunları yazmasam, kimsə yazmayacaq. Həm də
uşaqlıq illərim ötən əsrin 80-ci illərinə düşüb deyə, bu dövrdə
Novruzun qarşılanma sürəcinin davamlı olaraq "fəal iştirakçısı"
olmuşam.
Novruz kəndimizə martın 21-də yox, bundan bir ay əvvəl gələrdi;
lakin insanların çöhrəsinə, davranışına, duyğularına gələrdi.
Özəliklə bu bayramın gəlişi bir ay öncədən çocuqların həyatında
daha çox duyulurdu. Beləliklə;
Yumurtadığırlatdı
– bir ay öncədən yumurtadığırlatdı yarışı başlardı. Uşaqların ən
sevimli oyunu idi. Kəndin bəlli yerlərində yumurtanın rahatlıqla
2-3 metr məsafədə dığırlana biləcəyi yerlər seçilirdi. Növbə ilə
2-2 olmaqla yumurta dığırlatmağa başlardıq. Seçim uşaqların
özlərinə buraxılardı. Növbə ilə əvvəl uşağın biri yumurtanı
dığırladır, digəri isə onun yumurtasını hədəf seçərək dığırladardı.
İstəkdən aslı olaraq bu 3-5 dəfə təkrar olunardı. Yəni rəqibin
dığırlatdığı yumurtanı nişan alaraq dığırlatmalı və dığırlatdığın
yumurta onun yumurtasına toxunmalı idi. Kim rəqibinin yumurtasını
daha dəqiq nişan almış olsaydı o, qazanmış sayılardı. Uşaqlardan
kimisi bu oyundan əliboş, kimisi də bir neçə yumurta "qazanaraq"
sevinclə geri- evlərinə dönərdi.
Yumurtadöyüşdü
– həm dığırlatmaq, həm də döyüşmək üçün yumurtalar xüsusi olaraq
seçilirdi. Dığırlatmaq üçün seçilən yumurtaların daha çox dairəvi
olmasına, daha çox dığırlana biləcəyinə, "yoldan çıxmayacağına"
üstünlük verilirdisə, döyüşmək üçün möhkəm, daha gec sına biləcək
yumurtalar seçilirdi. Bunun üçün əvvəlcə evdə olan bütün
yumurtaları döyüşdürər və ən sona bərk yumurtaları seçərdik. Bu
üzdən həmin dönəmdə soyuducularda sınmamış yumurta tapmaq müşkül
məsələ idi. Bu oyun üçün 1-2 ay öncədən yumurta seçib saxlayanlar
da olurdu. Belə ki, yumurtadöyüşdü oyunu üçün seçilən yumurtalar nə
qədər köhnə olardısa, "döyüş qabiliyyəti" bir o qədər yüksək
olardı. Bəzən öncədən uduzub-uduzmayacağımızı bəlli etmək üçün
rəqibin yumurtasını dişimizə vurar, özəlliklə qaynanmış
olub-olmadığını yoxlayar və bundan sonra yumurtalarımızı
döyüşdürüb-döyüşdürməyəcəyimizə qərar verərdik. Yumurtanın
qaynanmış olmadığına əmin olmaq üçün onu hamar yerin üstündə
fırladardıq. Bu zaman yumurtanın qaynanmış olub-olmadığını
asanlıqla bəlli edərdik. Çiy yumurta 1-2 dəfədən artıq fırlanmaz.
Əyər yumurta 3-4 dəfə və bundan daha artıq fırlanardısa, qaynanmış
olduğuna qərar verərdik.
Maşalatdı
- ən sevimli adətlərimizdən idi. Köhnə parçaları bir yerə
toplayıb məftillə möhkəm-möhkəm sıxardıq. Sonra onu neft dolu
qablara qoyardıq. Burada bir neçə gün qalan maşal (bəziləri ona
lopa da deyirdi) nefti canına çəkərdi və bu da həmin maşalın xeyli
müddətə yanmasını təmin edərdi. Bayram günü maşallarımızı (məşəl)
götürüb dəstə-dəstə kəndin çöllərinə dağılışardıq. Maşalı bir neçə
dəfə fırladar və mümkün qədər daha yuxarı tullamağa çalışardıq. Hər
məhlənin uşaqları maşal atmaq üçün ayrı-ayrı yerlər seçərdi.
Hərəmizin 1-2 ehtiyat maşalımız da olardı. Bizdən xeyli uzaqda bir
neçə yerdə uşaqların bizim kimi səs-küylə maşal atmasını da seyr
edərdik. Gecə yarısına qədər maşalatdı oynardıq.
Qurşaqatdı
- bu sevimli adəti də icra edərkən dəstələr şəklində olardıq.
Kənd yerində geniş həyət-baca var deyə, özümüzü ələ verməmək üçün
gətirdiyimiz torbaları qapının ağzına qoyar və bir az aralıdan
qapını balaca daşla vurardıq. Bu gecə qurşaq atılacağına hazır olan
ev adamları dərhal səsi duyar və qapıya çıxardı. Torbaya Novruz
bişmələri, qoz-fındıq, meyvə qoyduqdan sonra yenidən qapının ağzına
qoyar və evə - gizlinə çəkilərdi. Uzaqdan bütün bunları gizlicə
seyr edərdik. Ev əhli içəriyə çəkilən kimi torbanı götürüb digər
evlərə "hücum çəkərdik".
Tonqalqaladı
- Çərşənbələrdə həyata keçirilən adət idi. Tonqal qalamaq və
üstündən tullanmaq işində kimsə geri qlmazdı. Evdə lap bələkdə
körpə varsa belə, o da həyətə gətirilər, "balamın ağırlığı-uğurluğu
odda qalsın" - deyə üç dəfə tonqalın üstündən keçirilərdi. Əyər
evdə həyətə düşə bilməyən xəstə varsa, onun əvəzindən tonqalın
üstündən üç dəfə tullanmaq digərləri üçün vacib əməl idi. Bu işdə
əsgərlikdə və səfərdə olanlar da unudulmazdı. Mütləq onların da
əvəzinə tonqalın üstündən tullanar və "filankəsin ağırlığı-uğurluğu
odda qalsın" – deyilərdi. Çərşənbə ocağının külü müqəddəs
sayılardı. Səhər yuxudan duran kimi axşam qalanan tonqalın külünü
bir qaba yığar və bağlara səpərdilər ki, bağ ruzili, bərəkətli
olsun.
Qapıpusdu
- bu adət uşaqların o qədər də marağında deyildi. Qapı pusmağa
əsasən ağlıkəsən adamlar və nisbətən böyük uşaqlar gedərdi.
İnanırdılar ki, qapını pusarkən evdən xoş söhbət eşitsələr, növbəti
il onlar üçün çox yaxşı keçəcək. Ev adamları bu adətə də hazır
olarlardı. Evdə uşaqlar ərköyünlük edəndə, bir-birinə qışqıranda
evin böyüklərindən kimsə: "A bala, bir-birinizlə xoş danışın, xoş
söz deyin, birdən qapı pusan olar", – deyərdi. Bu sözü evdə
danışılanların açığa çıxmasından qorxduğu üçün deyil, qapıpusanın
kefsiz halda geri qayıtmaması üçün deyərlərdi.
Bayramlaşma
- bu Novruz bayramı günü həyata keçirilərdi. İnsanlar
dəstə-dəstə bütün evlərə gedər və hər kəsə xoş arzularını
bildirərdilər. Hətta il uzunu bir-birinin evinə getməyən, yolda
rastlaşanda dilucu salamlaşan adamlar həmin gün bir-birini əziz
adamları kimi dindirərdi. Bu prosesdə ilk olaraq kənddə olan
xəstələr və keçən Novruzdan sonra evində dünyasını dəyişmiş kimsəsi
olanlar ziyarət olunardı. Bu zaman insanlar evlərdə çox oturmaz,
uzaqbaşı bir-iki qoz-fındıq yeməklə kifayətlənərdi. Çünki bu gün
hər kəs ən azı 25-30 evdə olmalı, bayramlaşmalıdır. Hər kəs
gələnləri xoş üzlə qarşılar, gələn də xoş üzlə evə daxil olardı.
Nişanlı qızlara oğlan evindən bayramlıq - yaşlılar buna
"bayramcalıq" da deyərdi - gələrdi.
Bayramcalıq axır çərşənbədə, yaxud Novruzdan
bir gün əvvəl və ya bir gün sonra da ola bilirdi.
Şərçıxarma
- bu, Novruzun bizim üçün ən sirli və maraqlı adəti idi. Evlərdə
maşal düzəldilər və həmin maşal bir-bir bütün otaqlarda
gəzdirilərdi. Bu ayini əsasən analar gerçəkləşdirərdi. Od
vasitəsilə evlərdən şər ruhları qovardılar. Kürsülü evlərdə od evin
altında da gəzdirilərdi. Bu zaman mal-qaranın yatıb-durduğu yerlər
və hətta toyuq hinləri də unudulmazdı. Mal-qaranın və toyuq-cücənin
çıxdığı qapının hər iki tərəfində ocaq qalanar və bütün heyvanlar
iki odun arasından keçirilərdi. Bununla heyvanları şər ruhlardan
qoruyardılar.
Evtökmə
- bayram öncəsi xalça-palazı, yorğan-döşəyi təmizləmək üçün
evdən həyətə çıxaradılar. Buna el arasında "evtökmə" deyilirdi. Bu
günlərdə "əlimdə işim çoxdu, evləri tökmüşəm", yaxud böyüklərin "ay
bala, işinizi qurtarın, evləri tökün, qabaqdan əziz gün gəlir", –
kimi ifadələr eşitmək olardı. Yaşlılar bu təmizliyi ilahi borc kimi
həyata keçirərdilər. Bəzən də Novruzun dini bayram olduğuna
inandıqları üçün "Əlinin qırmızı bayramı gəlir, ev-eşiyi təmiz
saxlayın" – kimi sözləri ağbirçəklərin dilindən eşidərdik. Əlbəttə,
o zaman bu bayramın milli, yoxsa dini bayram olması biz uşaqlar
üçün önəmli deyildi. Önəmli olan bu bayramın varlığı və bizim
yerə-göyə sığmayan sevincimiz idi. Evləri tökərkən qapı-pəncərənin
boyanması, divarların ağardılması, evlərin silinib-süpürülməsi,
həyət-bacanın səliqəyə salınması yaddan çıxarılmazdı.
Səmənigöyərtmə
- bu işdə əsasən evin qızları fəal olardılar. O
zamanlar kəndimizdə çox adamın evində ayrı-ayrı buğda və arpa
anbarı olardı. Səməni göyərtmək üçün ötən il zəmilərdən yığılmış
buğda arıtlanar və əkmək üçün isladılardı. Bəzən səməni göyərtmək
üçün arpa və ya qarğıdalı da seçilərdi. Ağsaqqallar və ağbirçəklər
arasında qarğıdalıya peyğəmbər buğdası deyənlər də vardı. Bayram
günü belinə qırmızı kəmər bağlanmış səməni xonçaya və süfrəyə
xüsusi gözəllik verərdi. Bayramdan bir neçə gün sonra səməniləri
axar suya – Kür çayının kəndimizdən keçən qollarından birinə
atardılar.
Erkənqalxma
- Novruz bayramı günü kəndin ən tənbəl adamı belə səhər yerindən
erkən qalxar, bu gün yuxudan gec duranın il uzunu yatağan olacağına
inanılardı. Kimsə erkən oyanmazdısa mütləq evdən başqa biri onu
oyadar, əsla günçıxana qalmasına izn verilməzdi. Hər kəs hava tam
işıqlaşmamış yerindən qalxar, öncə əl-üzünü yuyar və bütün ailə evə
toplanardı. Bundan sonra evdə olan hər kəs bir-birinin bayramını
təbrik edər, çoxdandı bir-birlərini görmürmüş kimi mehribancasına
görüşüb öpüşərdilər. Hər kəs bir-birinə xoş arzularını və
niyyətlərini bildirərdi.
Qəbirüstü
- elin hamılıqla icra etdiyi adətlərdən biridi. Adətən Novruza
yaxın şənbə və ya bazar günü icra olunur. El arasında buna
qəbirüstü günü də deyilir. Həmin gün el bir araya
gəlir. Hamılıqla qəbiristanlığa gedilir. Bizim kənddə
Qəbirüstü günü xüsusi təmtəraqla qeyd olunur. Belə
ki, kəndimizin böyük hissəsi 55-60 il öncə Şamaxının Dağ Kolanı
kəndindən gəldiyi üçün hələ də dünyasını dəyişənləri Dağ Kolanının
Girdə və Qışlaq qəbiristanlığında dəfn edirlər. Kənddən Qışlaq
qəbiristanlığına qədər 70 km. məsafə var. Öncədən bir-birilə yola
düşəcəyi vaxtı dəqiqləşdirən kənd adamları səhər tezdən eyni vaxtda
qəbiristanlığa üz tutardılar. Maşın karvanında ən azı 10-12, bəzən
15-20 maşın ard-arda düzülərdi. Yolun uzaq olduğunu bilən hər kəs
evdən hazırlıqlı çıxardı. Özləri ilə su, çay, yağ, kartof-soğan, ət
və sair götürərdilər. Qabaqcadan hazırlanmış bişmiş yemək
götürənlər də olurdu. O gün bəlkə də elin ən çox birləşdiyi, bir
arada olduğu gün olardı. Qəbiristanlıqda öncə hər kəs öz dünyasını
dəyişənlərinin məzarını və bundan sonra digər qəbirləri ziyarət
edir. Qəbir daşlarının üstünə bayram bişmələri qoyulur, qəbirlərə
su səpilir. Qurandan surələr oxunur, sonra isə uzaq yoldan gələn bu
adamlar süfrə açır. Dünyasını dəyişənləri söhbətlərində yad edə-edə
samovar çayı içir, gətirdiyi və burada bişirdiyi yeməkləri
yeyirlər. Səhər hava işıqlananda kənddən çıxan adamlar bir də axşam
geri qayıdardı. Ayrılanda ölümdən sonra həyatın varlığına inanan
Kolanı elatının bəzi ağbirçəkləri qəbiristanlığa üz tutaraq "Biz
getdik, siz də salamat qalın" – deməyi də unutmur. Kənddə ayrılanda
isə hər kəs bir-birinə "Allah ziyarətini qəbul eləsin", – deyərdi.
İnsanlar dünyasını dəyişənlərin qəbirlərinin ziyarət olunmasının
Tanrı qatında savab olduğuna şübhə etməzdilər.
Qeyri-rəsmi bayram
Novruz günü kəndimizdə qeyri-rəsmi iş günü
olmazdı. Hər kəs işini bayrama qədər yekunlaşdırmağa
çalışardı. Həyətində inək, dana, qoyun-quzu saxlayan adamlar belə
bu günə qədər bütün ehtiyatlarını görərdilər. Çünki bilirdilər,
bayram günü uşaqlara iş buyurmaq olmaz. Növbə ilə dövlət işində
işləyən adamlardan başqa kimsəni bayram günü işləyən görməzdin. Bu
gün işləmək hətta günah sayılardı. Kiminsə övladını bağda-bağçada
işləyən görsəydilər, onun valideyni ciddi qınaq obyekti olardı. Bu
da əsasən cavanların işinə yarayardı. Həmin gün evdə olan
heyvan-qaraya ikiqat ot atılar, toyuq-cücəyə verilən arpa-buğdaya
isə hədd qoyulmazdı. Bundan əlavə mütləq toyuq-cücəyə bayram
aşından verilərdi. Hətta həyətdə saxlanan it-pişik belə, bu
bayramın gəlişini hiss etməli idi. O gün onlara da bol-bol ət və
digər yeyəcək verilərdi. Savabı daha çox olsun deyə, itə və pişiyə
verilən ətin üzərinə duz səpməyi də unutmazdılar. Bayram günü
inəklər sağılmaz və bütün günü balası ilə bir yerdə olardı. Həmin
günü buzovlar anasından bol-bol süd əmərdi. Bu gün inəkləri sağmaq
günah iş tutmağa bərabər sayılardı.
Namiq Hacıheydərli
(Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin
sədri) 10 mart 2014-cü il