Millət vəkili Etibar Hüseynov son günlər mətbuatda
haqqında gedən yazılara münasibət bildirib. O, şəxsi Feysbuk
səhifəsində adının qalmaqalda hallanmasının müəllifi olduğu
"Sitatın sonu" verlişi ilə əlaqələndirib:
"Veriliş efirə çıxanda da söylədim ki, indən belə qarşı tərəf də
öz şər-böhtan maşınını işə salacaq. Elə də oldu. Az qala elə bir
həftə olmur ki, mətbuatda bu qəbildən şər-böhtanlar yazılmasın. Bir
çoxlarına əhəmiyyət vermirəm. Bəzilərinə reaksiya vermək
məcburiyyətindəyəm. Dostlar, artıq neçə gündür ki, Rauf Qubadov
adlı birisi Fb-də haqqımda olmazın təhqir və böhtan dolu statuslar
yazır. Guya ki, onun əmlakını zorla mənimsəmişəm. Neçə müddətdən
bəridir ki, ölümlə hədələyirəm. Guya ki, bu "yazığı" söymüşəm,
döymüşəm, üstünə bıçaq çəkmişəm, silahla havaya güllə atmışam – özü
də harada-harada?.. Amerika səfirliyinin qarşısında. Çox təəsüflər
olsun ki, bir çox saytlar da bu cəfəngiyyatı araşdırmadan, böyük
səxavətlə paylaşırlar. Heç kəs də bu "köməksiz yazıqdan" soruşmur
ki, ay ADAM, əgər əmlakın zorla mənimsənilibsə, dəfələrlə söyülüb,
döyülüb, təhqir olunub, ölümlə hədələnibsənsə, nədən polisə,
məhkəməyə deyil, "Facebook"a üz tutubsan. Bu sualı ondan soruşan
olacaqmı görəsən?"
Millət vəkili onu ittiham edən Rauf Qubadov haqda da
ilginc məlumatlar açıqlayıb: "Dünən bu şəxs haqda ölçü
götürülməsiylə bağlı polisə ərizə verdim. Və elə buradaca Rauf
Qubadovun kifayət qədər "populyar" birisi olması aydın oldu. İndi
diqqət yetirin: Adam 47 illik həyatı boyu heç harada işləməyib.
Yalnız bir neçə il Rusiya bazarlarında xırda ticarətlə məşğul olub.
Tüfeyli həyat tərzi keçirir. 2 dəfə ailə həyatı qurub və hər
ikisindən də 2 uşaqla ayrılıb. Evini, əmlakını satıb. Nə ilə
dolanması məlum deyil. Hal-hazırda Salyan kazarmasında işləyən
yeznəsinin evində yaşayır. (Ad və rütbəsini bilərəkdən yazmıram).
İşi-peşəsi ona-buna böhtan atıb şantaj etməkdən ibarətdir. Hətta
bir neçə il bundan əvvəl bələdiyyədə işləyən doğma qardaşını belə
şərləyərək tutdurmaq istəyib (onun da adını və iş yerini bilərəkdən
yazmıram). Bu barədə istintaq araşdırmaları polisdə durur. Və daha
nələr... nələr. Ona görə də polis işçiləri yanımdaca dəfələrlə zəng
edib onu izahat verməyə dəvət etsələr də, "Gəlməyəcəyəm. Prezident
Aparatına gedəcəyəm. "102"-yə zəng edəcəm və s. bu kimi hədə-qorxu
gəldi. İndi gizlənir. Amma xeyri yoxdu, tapılacaq".
Son olaraq Etibar Hüseynov Rauf Qubadovun
təlimatlandırıldığını iddia edib. Millət vəkili sifarişçinin
tezliklə ortaya çıxacağını da bildirib:
"Və bir məqama da toxunmaq istərdim. Dünən saytlarda yayılan
müsahibəsində Qubadov deyib ki , bəs "Etibar Hüseynov mənim
əmlakımı zorla mənimsədiyinə görə, mən də ona məxsus ərazini
mənimsəmişəm". Mənimsəyibsə, deməli, ərazi var və ondadır. İndi mən
də deyirəm - əgər həqiqətən varsa və ondadırsa, göstərsin sizlərə,
elə sizin yanınızdaca heç bir bəhanə, şərt gətirmədən ona
bağışlamayan heç kişi deyil. Yox, əgər bu da başda olmaqla bütün
dediklərini sübut edə bilməsə, qanun qarşısında cavab verməli
olacaq. Rauf Qubadovun kim tərəfindən öyrədilib ortaya atılmasını
dəqiq bilirəm. Ad çəkmirəm. Zatən hamınız tanıyırsız. Və tezliklə
özü ortaya çıxacaq. Bu qədər. Elə bilirəm ki, mövzuya kifayət qədər
aydınlıq gətirdim. Ona görə də hörmətli həmkarlarımın cavab haqqımı
tanıması ümidiylə bu mövzunu qapadıram. Diqqətinizə görə
təşəkkürlər".
"Axar.az" saytı olaraq bizi maraqlandıran bəzi məqamlara
aydınlıq gətirmək üçün hörmətli millət vəkili Etibar Hüseynovla
əlaqə saxladıq. Millət vəkilinə ilk sualımız Rauf Qubadovla hər
hansı bir mülk alış-verişinin olub-olmadığı haqda idi. Təəssüf ki,
Etibar Hüseynov suala cavab verməkdən yayındı və məsələnin onunçün
qapandığını bildirdi.
Millət vəkili mediadakı həmkarlarına etiraz da ünvanladı: "Siz
qeyri-ciddi insanın barəmdə cəfəngiyyat səsləndirməsinə şərait
yaradırsınız. Orda bir peşəkar jurnalist ondan soruşa bilmirdi ki,
təhqir olunub, döyülübsə, niyə polisə yox, feysbuka üz tutur?"
Yasamal rayonundan deputat olan Etibar Hüseynov Xirdalanda hər
hansı bir əmlakının olub-olmaması haqda sualmızı isə cavabsız
qoydu.
Hörmətli Etibar Hüseynovun nəzərinə çatdırırq ki, 11.10.2013-cu
il tarixində "Axar.az" saytına istinadən xəbər portallarında
"Etibar Hüseynov mülk üstündə dava saldı" başlıqlı yazı gedib.
Həmin yazıda jurnalistika prinsiplərinə uyğun olaraq hər iki
tərəfin mövqeyi dərc edilib və heç bir qeyri-peşəkarlığa yol
verilməyib. Etibar Hüseynovun peşəkar jurnalist məntiqi isə
anlaşılmazdır. Biz əvvəlcə hörmətli deputatın münasibətini
öyrənmişik və Etibar Hüseynov dava-dalaşı birmənalı olaraq təkzib
edib. Rauf Qubadov isə hadisə ilə bağlı müxbirimizə verdiyi
açıqlamada ona qarşı Etibar Hüseynovun təzyiq etdiyini açıqlayıb.
Yalnız bundan sonar Etibar Hüseynov sosial şəbəkədə status
yazmaqla, belə bir şəxsin mövcudluğundan xəbərdar olduğunu
təsdiqləyib.
Etibar Hüseynovun Xırdalanda şəxsi mülkünün doğrudan da
olub-olmamasını isə araşdırmağa çalışırıq.