Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid Nəriman Hacıyev təqsirləndirilən şəxslərin hamısını tanıdığını bildirib: “İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Uzun müddət rabitə sahəsində çalışmışam. Bir müddət Xətai qovşağında işıq rəisi də olmuşam”.
Şahidin sözlərinə görə, 2006-cı ildən Bayram Vəliyevlə çalışmağa başlayıb. “Təmir Təchizat Servis”də vəzifəsi layihələr uyğun xətlərin çəkilməsi olub: “İşlər görülüb təhvil verilirdi. Bəzi işlər vardı, iş görülməyə-görülməyə rəhbərlik tərəfindən sənədləşdirilirdi. Görülən işlərə əlavə edilib akt hazırlanırdı. Həmin akta qol çəkirdik”.
Bu zaman şahidin ifadəsinə təqsirləndirilən Beytulla Hüseynov şərh verib: “Bəzən işlər çox olurdu. Əslində işlərin hamısı görülürdü, amma bunların xəbəri olmurdu. Aktda hamısı qeyd edilirdi”.
Digər şahid, tele-komunikasiya qovşağının rəisi olmuş Cavanşir Yusifov bildirib ki, təqsirləndirilən Məhəmməd Məmmədovu tanıyıb: “İstintaqa çağırıb suallar verdilər. Həmin suallara tam səmimi cavab verdim. Suallar əksəriyyəti mal-materialların qiymətləri ilə bağlı idi. Şişirdilmiş rəqəmlərlə bağlı suallar verdilər. Nə suallar verdilər, tam dolğun cavablar verdim. Mən həm də “Cahangir” MMC-nin direktoru olmuşam. Tatirovkalarda iştirak etmişəm. Şəmkir telefon qovşağında aparılan işlərlə bağlı tenderdə mənim MMC qalib gəldi. 62 min manatlıq iş gördük”.
Şahid Amin Məmmədov isə bildirib ki, hazırda Sabunçu qovşağında çalışır: “Əvvəl Xəzər rayonunda işləyirdim, baş mühasib idim. Əməkhaqqım əvvəl azıydı, sonra normal oldu. Bayramda əlavə paket də almışıq”.
Hakim şahiddən istintaq zamanı verdiyi ifadəsində hər ay paket alması ilə bağlı dedikləri ilə maraqlanıb. Şahid bu sualla cavab verməkdə çətinlik çəkib. Bu zaman hakim şahidə xəbərdarlıq edib.
Bundan sonra Amin Məmmədov ayda 200-300 manat əlavə pul aldığını deyib. Hakim şahidə məsləhət görüb ki, dövlətdən aldığı əlavə pulları geri qaytarsın.
İsmayıllı telekomunikasiya qovşağının rəisi Elxan Əliyev şahid qismində dindirilərkən bildirib ki, hazırda vəzifəsində işləyir. Qeyd edib ki, 2001-ci ildən həmin qovşaqda rəis vəzifəsinə təyin olunub.
Bu zaman məlum olub ki, Elxan Əliyevin məhkəmədə verdiyi ifadəsində ziddiyyətlər var. Hakim şahidə xəbərdarlıq edib və bildirib ki, adamın bir sifəti olar: “İstintaqa danışırsız, bura gələndə hər şey yadınızdan çıxır. Professor da bura gəlir, deyir, eynəyim yadımdan çıxmışdı, qol çəkmişəm”.
Daha sonra şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Bakı Şəhər Telefon Rabitə İstehsalat Birliyinində investisiya şöbəsinin rəisi Vüqar Mehbaliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Bayramdan bayrama 200-300 manat paket almışam. Həmin pulu mühasibatlıqdan alırdım”.
Bayram Vəliyevin rəhbərlik etdiyi qurumun baş mühasibi olmuş Elvin Cavadov bildirib ki, heç zaman maaşdan əlavə pul almayıb: “Görülən işlərlə bağlı hesabatları işləmişəm. Qaimələr mənə gəlirdi, mən də hesabatlara daxil etmişəm. Heç bir qanunusuz iş görməmişik”.
Onun istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olub. Bu səbəbdən Elvin Cavadovun istintaqa verdiyi ifadəsi elan edilib.
O, istintaqa ifadəsində qeyd edib ki, Bayram Vəliyev və Beytulla Hüseynovun arasında yaxın münasibət olub: “Tender elan olunurdu. Bu tender formal rol oynayırdı. Çünki əvvəlcədən bizim cəmiyyətin qalib olacağı bilinirdi. Cəmiyyətin hesabına gələn pulllar başqa MMC-yə yönəldilirdi”.
Şahid istintaq ifadəsindən imtina edib və yenə də qeyd edib ki, onun ifadəsi təhrif olunuib.
Xətai Telefon Qovşağının rəisi Nazm Əliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Heç bir qanunsuz hərəkətə yol verilmirdi. Tender elan edilirdi. Ən ucuz hansı MMC təklif edirdisə, onunla müqavilə imzalayırdıq”.
Prosesi dekabrın 21-də davam edəcək.