Rusiyada yaşayan azərbaycanlılara qarşı başlanan "əcinnə ovu"
kampaniyası getdikcə genişlənir. Hələ seçkidən xeyli öncə başlanan
bu diskriminasiya prosesi ilə bağlı o zaman belə gümanlar vardi ki,
Rusiya bu yolla Azərbaycan iqtidarına təsir göstərib, ona öz
şərtlərinini qəbul etdirmək istəyir. Putinin seçki ərəfəsi
səfərindən sonra ölkədə antirusiya ritorikasına son verməsi belə
təəssürat yaratdı ki, şimal qoşumuzla diplomatik problem aradan
qalxıb və demək, Rusiyada yaşayan azərbaycanlılara da münasibət
dəyişəcək.
Ancaq proqnozlar doğrulmadı: Orxan Zeynalov hadisəsi ilə
azərbaycanlıların sıxışdırılması və təzyiqlərə məruz qalması
yenidən gündəmə gəldi. Əlbəttə, bu baş verənlərə kriminal olaylar
kimi baxmaq doğru olmazdı. Düzdür, Rusiya cəmiyyətinin kriminal
göstəriciləri kifayət qədər yüksəkdir. Bu ölkədə əvvəllər də ruslar
və başqa millətlərin nümayəndələri cinayətin qurbanı olublar. Lakin
Orxan Zeynalovla bağlı baş verənlər və bu işin Rusiya Daxili İşlər
Nazirliyi səviyyəsinə qədər qaldırılması onu göstərdi ki, olayın
arxasında siyasi məqsələr güdülür.
Rusiyanın azərbaycanlı (həm də qafqazlı, Orta asiyalı)
miqrantlara qarşı başlatdığı bu sıxışdırma kampaniyası ilə
həmvətənlərimizi oradan çıxarmaq istədiyi o qədər də inandırıcı
görünmür. Çünki sayı iki milyona çatan azərbaycanlı miqrantların bu
ölkədə xidmət sektoru sahəsində xüsusi ağırlığı var və bu boşluğun
yaranması Rusiya üçün diqqətə alınmayacaq problem sayılmır. Daha
çox ehtimal olunur ki, bu təzyiqlərin son vaxtlar daha da
intensivləşməsi qarşıdan gələn Vülnüs samiti ilə bağlıdr. Rusiya
Azərbaycanın Avropa Birliyinin təklif etdiyi assosasiya sazişini
imzalamasından çox narahatdır və bu, strateji baxımdan Qərbin
Qafqazda söz sahibi olması, Rusiyanın yaxın maraq dairəsi saydığı
ərazilər üzərində təsirini itirməsi deməkdir. Ona görə də
miqrantların sıxışdırılması ilə Azərbaycan təhdid olunur.
Azərbaycanı bu təhdidə açıq edən səbəb ölkəmizdəki mövcud
durumdur. Çünki bu gün Rusiyaya üz tutan yüz minlərlə
azərbaycanlının əsas məqsədi qazanmaq, iş sahibi olmaqdır.
Azərbaycanın son illər iqtisadi vəziyyəti öz vətəndaşlarını yüksək
səviyyədə saxlamağa imkan versə də, mövcud vəziyyət - korrupsiya,
inhisarçılıq, məmur özbaşınalığı – bu imkanları vətəndaşlardan alır
və nəticədə, Rusiya yüz minlərlə narazı insanı geri qaytarmaq
təhdidi əldə edə bilir.
Demək, bu gün ölkədə mövcud olan problemlər aradan
qaldırılmazsa, ölkədən didərgin düşmüş həmvətənlərimiz Rusiyanın
əlində daimi təzyiq vasitəsi olacaq.
Demək, bu gün xarici təhdidlərdən qurtulmağın yolu ilk növbədə
bütövlükdə Azərbaycan vətəndaşlarının rahat həyatına imkan yaradan
dəyişikliklərin edilməsindən keçir. Çünki Rusiya azərbaycanlı
miqrantlardan bu gün təzyiq vasitəsi kimi istifadə edirsə, sabah
daha radikal qərarlara əl atmayacağına da təminat yoxdur.