14:10
Hacı Cavad məscidi mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra dayanıqlığının zəif olduğu nəzərə alınaraq, qorunan abidələr siyahısından çıxarılıb.
Bunu Axar.az-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi haqda danışarkən deyib. O, hazırda həmin ərazidə yerləşən iki məscidin sökülməsinin nəzərdə tutulduğunu bildirib:
“Həmin ərazidə sökülməsi nəzərdə tutulan iki məscid var ki, bunlar Mustafa Sübhi və Abdulla Şaiq küçəsindəki məscidlərdir. Hazırda hər iki məscid Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan abidələr siyahısına daxil deyil.
Yasamal rayonu Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidi Nazirlər Kabinetinin siyahısından sonradan çıxarılsa da, Mustafa Sübhi küçəsindəki məscid, ümumiyyətlə, qorunan abidələr siyahısında olmayıb”.
Xatırladaq ki, Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunaraq tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdi. Hazırda məscidin sökülməsi prosesinə başlanılıb. Məsciddə ibadət edən dindarların söküntüyə etiraz etməsi barədə məlumata isə Bakı şəhər Baş Polis İdarəsinin rəsi müavini, general Səhlab Bağırov aydınlıq gətirib. O bildirib ki, həmin ərazidədir və heç bir gərginlik yoxdur, qanun nə tələb edirsə, o da olacaq.
***
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Sovetski” adlanan ərazidə çəkilməsi nəzərdə tutulan yolun üzərinə düşən iki məscidin danışıqlar yolu ilə sökülməsi barədə məlumatlara münasibət bildirib.
Trend-in məlumatına görə, A.Paşazadə ümumiyyətlə məscidlərin sökülməsinə tərəfdar olmadığını bildirib:
“Sökülməsi nəzərdə tutulan məscidlərin heç biri bizim qeydiyyatımızdan keçməyib. Mən o məscidlərin yerini də tanımıram. Söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, mən bunun tərəfdarı deyiləm, ancaq elə şeylər var ki, xalq üçün əhəmiyyətli işlər görülərsə, məsələn, yol çəkilərsə, danışıqlar yolu ilə bu işlər həyata keçirilə bilər”.
“Sovetski”də sökülən 2 məscidlə bağlı məsələyə aydınlıq gətirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya bildirib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.
Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var:
“O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında isə 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.
M. Qurbanlı qeyd edib ki, Bakıda 134 məscid var, Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir:
“Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.