Sağlamlıq imkanları məhdud olan və bu səbəbdən evdə
təhsil alan uşaqların yolpulunun verilməməsi ilə bağlı məlumat
vermişdik. Problemin çözümü ilə bağlı "Axar.az"ın araşdırması
yekunlaşıb.
Xatırlatma üçün deyək ki, Nazirlər Kabinetinin "Xüsusi təhsilə
cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə
uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya
mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin
həcminin müəyyən edilməsi haqqında" 25 dekabr 2001-ci il tarixli,
200 nömrəli qərarına əsasən, həmin kateqoriyadan olan uşaqların
valideynlərinə ayda 20 manat həcmində müavinətin ödənilməsi nəzərdə
tutulub. İndiyədək həmin pulu həm məktəbə gedən, həm də evdə təhsil
alan şagirdlərin valideynləri alıb. 2013-cü ilin avqustundan isə
uşaqları evdə təhsil alan bütün valideynlər həmin yol pulundan
məhrum olublar. Eyni zamanda həmin uşaqlara evdə dərs keçən
müəllimlərin aldığı əlavə müavinətlər də dayandırılıb. İlkin
araşdırmalardan məlum oldu ki, bu barədə Hesablama Palatası qərar
verib. Qurumda hesab edirlər ki, həmin uşaqlar evdə təhsil
aldıqları üçün onlara yolpulu gərək deyil.
3 min yoxsa 9 min?
Məsələyə aydınlıq gətirmək üçün aidiyyəti dövlət qurumlarına
sorğu verdik. Nəticədə bir-birini təkzib edən cavablar, fərqli
rəqəmlər ortaya çıxdı.
Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsindən "Axar.az"a
bildirdilər ki, respublikada TN-nin tabeliyində sağlamlıq imkanları
məhdud uşaqlar üçün 14 internat məktəbi fəaliyyət göstərir. Həmin
internat məktəblərində 2 min 908 nəfər sağlamlıq imkanları məhdud
uşaq təlim-tərbiyə alır. Sorğumuza Hesablama Palatasından verilən
cavabda deyilir ki, ölkə üzrə sağlamlıq imkanları məhdud olan 9 min
nəfərə yaxın uşaq evdə fərdi təhsillə əhatə olunub:
"Evdə təhsil Bakı və Sumqayıt şəhərlərinin hər birində bir
məktəbdə, bundan başqa adi ümumtəhsil məktəblərində də həyata
keçirilir. Evdə təhsil Nazirlər Kabinetinin 2002-ci ildə təsdiq
etdiyi "Evdə təhsil almaq hüququ verilən xəstəliklərin siyahısı və
evdə təhsilin təşkili qaydalarına uyğun aparılır. Sağlamlıq
imkanları məhdud olan uşaqlar tam dövlət təminatındadırlar. Xüsusi
təhsilə cəlb olunan uşaqların valideynlərinə mövcud qanunvericiliyə
görə hər ay 20 AZN müavinət ödənilməlidir. Bu pul ödənilmədiyi
halda yerli maliyyə idarələrinə müraciət etmək lazımdır".
Müəllimlərin 50 faizi də kəsildi
Evdə dərs deyən müəllimlərin məvacibinə gəlincə, Palatanın
mövqeyi qeyri-müəyyən qalıb:
"Evdə dərs deyən müəllimlərin əməkhaqqına 50 faiz əlavə ödəniş
olmalıdır. Bu məsələ "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu"nda
əksini tapmışdır"....
Bu məsələyə TN aydınlıq gətirib: "Maliyyə Nazirliyi tərəfindən
2012-ci ilin oktyabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsində
aparılan yoxlama nəticəsində adı çəkilən Qanunun 28.2-ci maddəsində
qeyd olunan 50 faiz əlavənin evdə təhsil verən müəllimlərə şamil
edilmədiyi əsas gətirilib və həmin əlavənin ödənilməsi
dayandırılıb".
Valideynlərin təlabatını və qanunvericiliyin tələblərini nəzərə
alaraq bu problemin necə həll olunacağını da araşdırdıq. Bu
məqsədlə Hesablama Palatasına etdiyimiz ikinci müraciətimizə cavab
qısa oldu:
"Sizin məktubunuz Təhsil Nazirliyinə göndərilib. Məsələni
araşdıraraq əlavə məlumat veriləcək".
Hələlik sonuncu ünvan
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov
bildirib ki, Hesablama Palatasından evdə təhsilə cəlb olunan
sağlamlıq imkanları məhdud şəxslərin təhsil müəssisələrinə
getməkdən azad olunduğunu əsas gətirilərək "Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunun 26.3-cü
maddəsində nəzərdə tutulmuş vəsaitin onlara ödənilməsi
dayandırılib:
"Bununla əlaqədar evdə təhsilə cəlb olunan sağlamlıq imkanları
məhdud uşaqların ailələrinə qeyd olunan ödənişlərin təyin olunması
məsələsi sosial müdafiə xarakterli olduğu üçün bu barədə aidiyyəti
orqanlar qarşısında vəsatətin qaldırılması ilə bağlı Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edilib".
Təbii olaraq bəzi suallar da yarandı. ƏƏSMN bu məsələyə necə
reaksiya verib? Məsələ ilə bağlı hər hansı araşdırma aparılıbmı və
nə nəticə əldə edilib? Müavinətlərin bərpası, onun məbləğinin
artırılması mümkün olacaqmı?
Problem yenə Təhsil Nazirliyinin üstünə
gəldi
Sorğumuza cavab verən ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Elman Babayev bildirib ki, Nazirlər Kabinetinin sözügedən
qərarının icrası Təhsil Nazirliyinin səlahiyyətlərinə aiddir.
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili)
haqqında" qanunun tələbi ilə Nazirlər Kabineti xüsusi təhsilə cəlb
olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə
sağlamlıq imkanları məhdud uşaqlarını xüsusi təhsil müəssisəsinə,
sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb müəssisələrinə aparıb
gətirmək üçün ayda 20 manat həcmində müavinət müəyyən edilib. Bu
qərarın icrası Azərbaycan Respublikası Təhsil Nazirliyinin
səlahiyyətlərinə aiddir. Belə ki, sağlamlıq imkanları məhdud
uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya
mərkəzlərinə, tibb müəssisələrinə aparıb gətirilməsi üçün müəyyən
olunan 20 manat həcmində həmin müavinət xüsusi təhsil müəssisəsinin
arayışı əsasında şəhər (rayon) təhsil şöbələri tərəfindən ödənilir.
Qeyd olunan 20 manat həcmində müavinət müvafiq qanunvericiliyə
uyğun olaraq, yalnız xüsusi təhsil müəssisələrinə aparılıb
gətirilən sağlamlıq imkanları məhdud uşaqlara şamil olunur və evdə
təhsil alan uşaqlar üçün müəyyən edilməyib".
Ayda cəmi 180 min manat lazımdı
Ancaq qərarda yazıldığı kimi və E.Babayevin də qeyd etdiyi kimi
həmin müavinət təkcə məktəbə gedib-gəlmək üçün deyil, həmçinin,
həmin uşaqların sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb
müəssisələrinə aparıb gətirilməsi üçün nəzərdə tutulub. Evdə təhsil
alsalar da, onlar tibb müəssisələrinə gedirlər. Bu baxımdan maddi
sıxıntılar içində çabalayan həmin ailələrin ayda cəmi 20 manat
yolpulundan məhrum edilməsi ədalətsizlikdir. Həm də bunu ödəməyə
dövlət büdcəsinin imkanları da yol verir. Cəmi 9 min nəfərə ayda 20
manat məbləğində vəsaitin ödənilməsinə bir ay üçün 180 min manat
tələb olunur. İstər təhsil, istərsə də sosial xərclərin hesabına bu
vəsaiti ödəmək o qədər də ciddi dəyişiklik tələb etmir. Yəqin
aidiyyəti strukturlar bu məsələyə bir daha baxacaqlar.