Azərbaycanda geyim insanın cəmiyyətdə hansı təbəqəyə məxsus olduğunu göstərir, insanın statusunu bildirir. Ona görə də fəsillər dəyişəndə ilk növbədə, xanımlarımızı düşündürən nə geyinəcəkləri olur. Çünki dəb hər il, hər mövsüm dəyişir.
Bu ilin payız-qış kolleksiyasında ən çox nələrin üstünlük təşkil edəcəyi dəblə geyinməyə üstünlük verən xanımlar üçün maraqlıdır. Buna görə məsələ ilə bağlı internetdə kiçik araşdırma apardıq.
Axar.az xəbər verir ki, yeni mövsümdə də köhnə dəbin yenidən geri qayıdacağını müşahidə edəcəyik.
Maraqlıdır ki, ildən-ilə yenilənən dəbin birdən-birə geri qayıtması və keçmişi təkrarlaması xanımları qətiyyən narahat etmir. Çünki keçmiş trendin günümüzə gəlməsinin müsbət tərəfləri çoxdur. Ötən illərin geyim tərzi ilə müasir geyim trendlərinin birləşməsi maraqlı “look”ların ortaya çıxmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, ötən ilin dəb tendensiyaları ilə bu ilin trendləri arasında ciddi fərq olmayacaq.
Bu il də modelyerlər öz kolleksiyalarında gülməxmər, velyur, cins, dəri parçalardan məharətlə istifadə ediblər. Geyimlərdə istifadə edilən məxmər, krujeva, dəri və xəz detallarının birləşdiyi obraz sanki orta əsrlərin geyimləri ilə müasir dövrün elementlərini eyni "look"da birləşdirir.
Bu il geyimlərdə ən çox neytral tonlardan istifadə olunacaq. Boz rəng hər zaman olduğu kimi öz gözəlliyini, eyni zamanda yumşaq olduğunu geyimlərdə nümayiş etdirəcək. Parlaq günəş sarısı və yaşıl rəngli çalarlar payız mövsümünün ən dəbli rənglərindən olacaq. Bundan başqa aşağıdakı rənglər üstünlük təşkil edəcək:
Tünd yaşıl və okean tündlüyü
Bu rəng xüsusilə üst paltarlarında, kürklərdə və gödəkçələrdə çox istifadə olunub.
Kərə yağı tonlarında olan rənglər
Bu, isti, yumşaq və payızı xatırladan rənglər bütün payız-qış mövsümü geyimlərdə istifadə olunub. Bu geyimlər il boyu sizi dəbli göstərəcək.
Tünd göy rəng və çalarları
Bütün mövsüm boyu dəbdə olacaq rənglərdəndir.
Bundan başqa ayaqqabılarda da yeniliklər gözlənilir. Əsasən çox yüksək olmayan şəffaf dabanlar, fərqli rənglərin qarışımı bu il dəbdə olacaq. Ayaqqabılarda lentlərdən çox istifadə olunacağını müşahidə edirik. Bu 2016-17 sezonundan bizə tanış olan detaldır. Amma görünür ki, 2017-2018 payız/qış kolleksiyalarında da bu tendensiya davam edəcək. Müasirləşən 1900-lər ayaqqabılarının bu il də çox görəcəyik.
Son olaraq, hər ilin dəbi olan gözəl dəri ayaqqabılar bu ilin vazkeçilməzləri sırasındadır.
Hər zaman dəbli olmağınız arzusu ilə…