"Erkən nikahlar
savadsızlığın nəticəsi olmaqla bərabər həm də onun səbəbidir.
Təsəvvür edin ki, Azərbaycanda 16-17 yaşlı qızların 20 faizi,
Türkiyədə isə 48 faizi təhsildən uzaqdır. Bu, ölkənin təhsil
səviyyəsinin potensialını əhəmiyyətli dərəcədə azaldır. Belə
yanaşma nəticəsində Qazaxıstan, Türkmənistan, Özbəkistanda
savadsızlıq baş alıb gedir".
Bu fikirləri Axar.az-a açıqlamasında Turan Yaradıcılıq
Mərkəzinin rəhbəri Şəfəq Ağacan səsləndirib. Onun sözlərinə görə,
erkən nikah halları daha çox təhsilin zəif olduğu və qadınlar üçün
iqtisadi imkanların məhdud olduğu bəzi əyalətlərdə, eləcə də dağlıq
rayonlarda geniş yayılıb.
Tez evlənənlər tez də ayrılırlar
Qeyd edək ki, 2013-cü ildə 289 min qadın doğuş zamanı dünyasını
dəyişib. Burada Azərbaycanın da payı az deyil. Mütəxəssislərin
fikrincə, bunun əsas səbəblərindən biri erkən nikahlardır. Bu, həm
də ailələrin dağılma hallarını çoxaldır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq
Sosial Tədqiqatlar Mərkəzi və UNICEF-in 4 regionda 488 respondenti
əhatə edən tədqiqatı nəticəsində məlum olub ki, aşkarlanan erkən
nikahların təxminən 58 faizi qızların tam razılığı olmadan baş
verib. 16 yaşınadək qızlar heç bir hüquqi zəmanət olmadan nikah
qurur, çünki onların nikahı rəsmi qaydada deyil, dini qaydada
qeydiyyata alınır. Bundan başqa, həmin qızlar sağlam ailənin
qurulmasına töhfə vermək üçün müvafiq bacarıq və biliklərə malik
deyillər və onların fiziki inkişafı da buna imkan vermir.
Erkən nikahlar çox vaxt gizli saxlanır
Son illərdə Türk dövlətlərinin əksəriyyətində boşanma hallarının
kəskin surətdə artdığını deyən Ş. Ağacan bunun həmin ölkələrdə
demoqrafik böhrana gətirib çıxardığını qeyd edib:
"Uşaq Hüquqları Konvensiyasında 18 yaşına çatmamış şəxslərin
uşaq sayıldığı müəyyən olunduğundan, onların nikaha daxil olması
əslində uşaq nikahı sayılır. Burada müzakirə etdiyimiz bu fenomen
Azərbaycanda "erkən nikah" adlanır. "Mülki Məcəllə" qızlara 17
yaşında nikah qurmağa icazə verir, lakin dini və mədəni adətlər,
eləcə də yoxsulluq üzündən bəzi regionlarda azyaşlı qız uşaqlarının
nikah qurması geniş qəbul edilmiş bir haldır. Bu nikahlar qanunsuz
olduğundan, onlar dövlət orqanlarında qeydiyyata alınmır və
beləliklə də, bu problemin miqyasını asanlıqla müəyyən etmək mümkün
deyil".
Qadınlara səlahiyyət vermək
lazımdı
Ş.Ağacanın fikrincə, sadalanan problemlərin aradan qaldırılması
üçün xüsusilə kənd yerlərində məktəblərdə yeniyetmələrin
maarifləndirilməsinə ciddi ehtiyac var:
"Hazırda QHT-lər müəllimləri erkən nikahlar üzrə təlimləndirmək
üçün UNİCEF-lə birgə işləyirlər. Bu təlimlərdə onlara erkən nikahın
qanun pozuntusu olması ilə yanaşı, erkən hamiləliyin fiziki
risklərini və valideynlərdən tez ayrılmanın emosional stressləri
izah edilir. Eyni zamanda nikah qurmağın yubadılmasının təhsili
başa çatdirmaq, eləcə də ali təhsil almaq kimi üstünlükləri təşviq
olunur. Erkən nikahlar ilə mübarizə uşaq hüquqlarının müdafiə
edilməsinə və gənc qadınların səlahiyyətləndirilməsinə önəmli
dərəcədə töhfə verən amildir".
Ekspert erkən nikahların qarşısının alınmasında maariflənmə ilə
yanaşı səlahiyyətlərin artırılmasının da vacib olduğunu
vurğulayıb:
"Erkən nikahlar dağıdıcı təsirə malik sosial fenomendir. Lakin
qanunvericiliyə dəyişikliklərin edilməsindən tutmuş qadınların
səlahiyyətləndirilməsinədək geniş çeşidli tədbirlər həyata
keçirildiyi təqdirdə onların qarşısının alınması mümkündür".