Bakı
Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsinin nəticələrini açıqlayıb.
Axar.az xəbər
verir ki, nəticələr İdarənin saytında fərdi qaydada yerləşdirilib.
Müəllimlər iş nömrəsi və məktəb kodunu daxil etməklə qiymətlərini
öyrənə bilərlər.
Nəticələr
uyğun gəlmədi
Artıq bir
çoxları öz nəticələrini əldə edib və narazılıqlarını Bakı Şəhər
üzrə Təhsil İdarəsinə bildirib. Müəllimə Gülnur Əbdulhəsənli
səhvlərinin düzgün hesablanmadığını deyib:
"Mənim ixtisas suallarım səhv yoxlanılıb. İxtisasdan 1 səhv
cavabım var, amma 3 səhv yazıblar. Neçə gündür cavab gözləyirik,
hələ bir səhv yoxlayırsız. Mən nəticələrdən narazıyam".
Cavab kartındakı qeydlərinə yenidən baxaraq səhvlərinin
araşdırılmasını tələb edən G.Əbdülhəsənli İdarəyə etdiyi telefon
zənglərinə və sosial şəbəkə vasitəsilə müraciətlərinə cavab
verilməməsindən narazıdır.
"Mən işimə baxmaq istəyirəm. Bu mənim haqqımdır. Şərait
yaradılsa, yaxşı olar. Düzgün cavablar yerləşdirilsin, baxaq. Mən
cavablarıma əminəm".
BŞTİ
fikrini dəyişdi
Onun bu
fikirlərini digər həmkarları da dəstəkləyib. Sevinc Əzizova,
Pərvanə Piriyeva, Fərid Fərruxlu, Nicat Nəsirov və başqa müəllimlər
öz səhvlərinə baxmaq istədiklərini, hesablamaların uyğun
gəlməməsinin səbəbini araşdırmağı tələb ediblər.
Qeyd edək ki, BŞTİ imtahanlar ərəfəsində düzgün cavabların
İdarənin saytında yerləşdiriləcəyini, hər kəsə öz səhv və doğru
cavablarını analiz etməyə şərait yaradacaqlarını bəyan etmişdi.
Lakin sonradan fərdi nəticələri yerləşdirəcəklərini bəyan etdilər.
Bu gün açıqlanan nəticələr isə ciddi narazılıqlara səbəb olub.
İyunun 10-13-də keçirilən Sınaq Qiymətləndirilməsində Bakı
şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində
çalışan 29 min nəfərə qədər müəllim (ümümi kontingentin 95
faizindən çoxu) iştirak edib. Elə ilk günlərdəcə müəllimlərin bu
yoxlamadan narazı qalması ortaya çıxıb. Onların əksəriyyəti sınaq
qiymətləndirmənin səmərəli olmaması barədə fikirlər
səsləndiriblər.
İmtahanı TQDK keçirsə, daha yaxşı olar
Maştağa qəsəbəsindəki məktəblərədən birində ibtidai sinif
müəlliməsi işləyən Gülnarə Əliyeva bizimlə söhbətində imtahanın
texniki təminatının çox aşağı oduğunu, nəzarətin düzgün
qurulmadığını vurğulayıb:
"Sınaq yoxlaması aparılan otaqda səs-küydən qulaq tutulurdu.
Nəzarətçilər səriştəli deyildi. Ona görə də savadı olmayan
müəllimlər öz həmkarlarının cavablarını köçürdərək vəziyyətdən
birtəhər çıxa bilirdilər. Hesab edirəm ki, belə qiymətləndirmə
obyektiv deyil. Kimin bilib, kimin bilməməsi bəlli olmadı. Daha
effektiv üsullarla yoxlamalar aparmaq lazım idi".
Müəllimə bu tipli yoxlama və imtahanların da TQDK tərəfindən
keçirilməsini təklif edib. Onun fikrincə, bu qurum artıq həmin
sahədə kifayət qədər təcrübə və kadrlar qazanıb. Ona görə də əksər
müəllimlər digər sahələrdə olduğu kimi, müəllimlərin biliyinin
qiymətləndirilməsinin də TQDK-ya həvalə olunmasının daha səmərəli
olacağı qənaətindədir.
Məsələyə BŞTİ-nin münasibətini öyrənmək cəhdlərimiz baş
tutmadı.