Müğənninin həbs etdirmək istədiyi baş redaktor: "Əvvəl
barışığa razılaşmışdı, sonra kimsə ona təsir etdi"
Müğənni
Mətanət İsgəndərlinin aznews.az xəbər portalının baş redaktoru
Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam Valehoğlunu
məhkəməyə verməsi barədə yazmışdıq. Nərimanov Rayon Məhkəməsində
keçirilən hazırlıq iclasında müğənninin özü də iştirak
edib.
Bu barədə "Yeni Müsavat"a açıqlamasında E.Zahiroğlu bildirdi.
Hazırlıq iclasında iddianın qəbul olunmaması ilə bağlı vəsatət
verdiklərini xatırladan baş redaktor vəsatətin rədd olunduğunu
vurğuladı. Müsahibimizin dediyinə görə, iş artıq icraata qəbul
olunub. E.Zahiroğlu məhkəməyə qədərki mərhələdə bir neçə dəfə
M.İsgəndərli ilə danışdıqlarını xatırlatdı:
"İzah etməyə çalışdıq ki, ona qarşı hər hansı qərəzimiz olmayıb.
Sadəcə, alınan informasiyalar əsasında belə bir məsələnin olduğunu
ictimai müzakirəyə çıxarmışıq. O özü bu informasiyanı təkzib edib.
Biz isə onun bütüm təkziblərini, hətta bizə yönəlik təhqirlərini də
saytımızda dərc etmişik. Və onun təkzibindən sonra bir də bu
məsələyə qayıtmamışıq. Özü də danışanda bildirdi ki, onun adının
narkoman müğənnilər siyahısında çəkilməsi əsəblərinə ciddi təsir
edib, bundan pis olub. İctimai qınaqdan çəkindiyi hiss edilirdi.
Biz də düşündük ki, əslində hədəfimiz Mətanət İsgəndərli olmayıb.
Onun məhkəmədəki çıxışları və telefon danışıqlarımız məndə belə
qənaət yaratdı ki, o, narkoman olsa belə, ictimai təhlükəsi olan
şəxslərdən deyil. Çünki o, ictimai qınaqdan qorxur... Bunu nəzərə
alıb, bildirdik ki, bir yanlışlıq olub, aradan qaldırarıq, bunu
məhkəməyə daşımayaq. Əvvəl razılaşmışdı. Sonra hiss etdim ki, kimsə
ona təsir edib, davam etmək lazım gəldiyini deyib. Bu işdə kimsə
maraqlıdır. Ona görə də Mətanət İsgəndərli məhkəmə məsələsində
israrını davam etdirdi". Baş redaktor etiraf edir ki, sözügedən
məqalə qeyri-peşəkar hazırlanıb. "Peşəkar adamlar o cür yazını
sayta verməməlidilər" deyən E.Zahiroğlunun sözlərinə görə, yazı
sayta gedəndən sonra onu düzəltmək imkanları da olmayıb: "Çünki
yazı sayta gedəndən sonrakı 5 dəqiqə ərzində əksər saytlar da onu
yaydılar.
Təəssüf ki, yazının son variantına baxa bilməmişdim. Bir məqamı
da deyim ki, həmin yazı da jurnalistin müxtəlif şəxslərdən aldığı
informasiyalar və informasiyalardan çıxan qənaət əsasında
hazırlanmışdı. Amma yenə də bunu sübut etmək çətindir. Çünki əksər
tanınmış şəxslər narkoloji dispanserdə qeydiyyatda olmurlar. Hakim
əvvəlcədən bəyan etdi ki, vəsatət qaldırsaq ki, qanından analiz
versin, bu vəsatəti də qəbul etməyəcək. Belə olduğu halda bu sayaq
informasiyaları təsdiqləmək müşkülə çevrilir. Gərək adam o maddədən
istifadə edən zaman çəkilmiş foto, videogörüntülər olsun. Bu isə
absurddur". E.Zahiroğlunun dediyinə görə, hazırlıq iclasında, eləcə
də ondan əvvəl müğənninin davranışlarında bir arxayınlıq hiss
edilirmiş: "Sonuncu danışıqlarda birbaşa həbsdən danışırdı.
Bilirsiz ki, həm məqalə müəllifindən və sayt rəhbərindən 500 min
manat təzminat, həm də hər ikimizin həbsini tələb edir. Mənə dedi
ki, sizdən alacağım pulu uşaq evlərinə, kimsəsizlərə bağışlayacam".
İş icraata verilib. Müsahibimiz hesab edir ki, növbəti prosesdə
artıq qərar verilə bilər.
Xatırladaq ki, tanınmış müğənni Mətanət İsgəndərli Nərimanov
Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki
jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət
məsuliyyətinə cəlb olunmasını tələb edib. Aznews.az saytında
müğənninin narkoman olması ilə bağlı xəbər yayılmışdı.