Məhəmməd Hadi küçəsində yaşayan vətəndaşlar İlham
Əliyevə müraciət etdilər; "Siz Bakını günü-gündən
gözəlləşdirirsiniz, amma bəziləri xalqın yolunu kəsib bazar
açır"
Bakının Xətai rayonu, Məhəmməd Hadı küçəsinin sakinləri
prezident İlham Əliyevə müraciət edib. Sakinlər M.Hadi küçəsində
mart ayından bəri fəaliyyət göstərən bazardan narazılıqlarını
bildirir.
Məktubda bildirilir: "Möhtərəm Prezident! Sizin yürütdüyünüz
siyasətin nəticəsidir ki, bu gün ölkəmiz sürətlə inkişaf edir.
İnsanların həyat şəraiti getdikcə yaxşılaşır.
Əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi
məqsədilə keçirilən yarmarkalar da insanlar tərəfindən rəğbətlə
qarşılanır. Belə yarmarkalardan biri "Həzi Aslanov" metrostansiyası
istiqamətində, yolun bağlanması hesabına təşkil olunub. Məhəmməd
Hadi küçəsində açılan yarmarka orada yaşayan sakinlərə xidmətlə
yanaşı, həm də çox böyük haqlı narazılıqlar və çətinliklər yaradır.
Belə ki, yarmarkanın fəaliyyət göstərdiyi şənbə və bazar günləri
üçün hazırlıqlar bir gün əvvəldən başlayır. Bu da Məhəmməd Hadi
küçəsində nəqliyyatın hərəkətini dayandırır. Nəticədə minlərlə
vətəndaşın gediş-gəliş problemi yaranır. Sözügedən küçənin
sakinlərinin isə problemləri daha ciddidir. Səs-küydən,
antisantariyadan evimizdə otura bilmirik. Gecələr bazarda satış
həyata keçirən şəxslərin bir-biri ilə mübahisəsindən, söyüşündən,
maşınların səsindən ciddi şəkildə narahatlıq keçiririk. Yarmarka
yığışdırıldıqdan sonra isə yaranan antisanitariya ətraf mühiti
çirkləndirməklə yanaşı, ərazinin zibillənməsinə səbəb olur. Bu da
ətraf binalarda yaşayan sakinlərə əlavə problemlər yaradır".
Məktubda daha sonra deyilir: "Cənab prezident. Siz son illər
Bakının gözəlləşməsi, abadlaşması üçün ciddi işlər görürsünüz.
Hətta paytaxta gələn qonaqlar da inkişafdan sözün yaxşı mənasında
təəccüblənirlər. Hazırda Bakı dünyanın ən böyük və qədim şəhərləri
ilə rəqabət aparır. Paytaxta son illər tikilən körpülər, binalar,
salınan yollar bir vətəndaş olaraq bizə də zövq verir. Amma təəssüf
ki, Sizin bu böyük miqyaslı və faydalı işinizə xələl gətirənlər də
tapılır. Cənab prezident, hətta ən geridə qalmış ölkələrin paytaxt
şəhərlərində belə böyük bir prospekti bağlayıb bazar açmazlar. Amma
təəssüf ki, Bakı kimi gözəl və müasir bir şəhərdə bu, baş verir.
İnanırıq ki, Siz bundan xəbər tutsanız dərhal həmin bazarın
yığışdırılması haqda göstəriş verəcəksiniz. Çünki Əhmədli kimi iri
bir yaşayış məntəqəsinin ən böyük küçəsini günlərlə bağlayıb bazar
açmaq heç bir məntiqə və mədəniyyətə sığmır. Əhmədlidə Sizin
göstərişinizlə 2006-cı ildən başqa bir kənd təsərrüfatı mallarının
satış yarmarkası fəaliyyət göstərir. Üstəlik yaxınlıqda 8-ci km
bazarı kimi nəhəng bir ticarət mərkəzi fəaliyyət göstərir.
Fikrimizcə, bu qədər bazar bolluğunda növbəti bir yarmarka açmağa
heç bir ehtiyac yox idi. Əminik ki, Bakı kimi gözəl, füsunkar bir
şəhərin böyük bazara çevrilməsinin qarşısını ilk növbədə Siz
alacaqsınız".
Sakinlər yekunda ölkə başçısına xitabən yazırlar: "Ümidimiz
Sizədir, cənab prezident. Biz sakinlərin səsini ancaq Siz eşidə
bilər, üzləşdiyimiz çətinliyin aradan qaldırılmasına yalnız Siz
göstəriş verə bilərsiniz.
Bir daha xahiş edirik ki, həmin yarmarkanın yığışdırılması və
daha münasib yerə köçürülməsi üçün, aidiyyatı qurumlara göstəriş
verəsiniz.
Öncədən Sizə öz təşəkkürümüzü bildiririk".
Xatırladaq ki, sözügedən yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi
ilə Xətai rayon İcra Hakimiyyəti birgə açıb.
Musavat.com