Qrupun iki üzvü həbs olunub, onlardan xeyli silah-sursat
götürülüb
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi
əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədilə
terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və
qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı,
partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan
vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd
Şakir oğlu şübhəli şəxs qismində tutulublar.
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə,
faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət
Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 (terrorçuluq, yəni odlu
silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə
etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə
yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına
zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi
yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq)
və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş
sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi
başlanılıb. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov təqsirləndirilən
şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs
qətimkan tədbiri seçilib.
Məlumatda bildirilir ki, 2013-cü ilin oktyabr ayında İnternetdə
"feysbuk" sosial şəbəkəsində "Enekin Skayvoker" adı ilə
qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda
olan "Əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən
Azərbaycanda şiələrə qarşı "cihad" etmək barədə fətva aldığına dair
bəyanat yerləşdirilib.
Bundan başqa, "Enekin Skayvoker" profilində əlində soyuq silah
qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad
Əl-Qusarinin birlikdə fotoşəkli də yayımlanıb. Həmin fotoşəklin
altında isə Azərbaycanda dini nifrət və ayrı-seçkilik zəminində
qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub
olanlara qarşı "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər
ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş"
məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi
barədə çağırışlar əksini tapıb.
Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində özünü "Fərman
Çətin" kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, "Şeyx Mirzahmad
Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib.
Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri
2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə
edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai
təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə
təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına
zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi
yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa
gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu
məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli
sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və
gəzdirinlər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi
toplaşdığı məkanlardan biri olan - Bakı şəhəri, Yasamal rayonundakı
"Məşədi Dadaş" məscidinin partladılması üçün dini ibadətgah
ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev
cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının
təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün
Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc
yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini
yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün
Nəriman Mirzəyev İnternetdə "facebook" sosial şəbəkəsində şiə
təriqətinə mənsub şəxslərə qarşı "cihada başlamaq", o cümlədən
axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin
onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları
cinayəti başa çatdıra bilməyiblər.
MTN-in keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə Nəriman
Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Cinayət-prosessual
qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış
nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla
dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin
tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd
"Kalaşnikov" avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3
"F-1" tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd
Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd
"Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq
və 8 patron, onun mənzilindən 2 "F-1" tipli əl qumbarası və onlara
aid 2 alışdırıcısı aşkar olunaraq götürülüb.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd
əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, əməliyyatı əks etdirən video-çəkiliş bu gün
telekanallarda nümayiş etdiriləcək.