Paytaxtın mərkəzində istifadəyə verilən Dədə Qorqud
parkına gələnlər övladını bu parka gətirməyə ehtiyat
edir.
Axar.az xəbər verir ki, buna səbəb 2013-cü ildən istifadəyə
verilən parkın azyaşlı uşaqlar üçün təhlükəli hesab
edilməsidir.
Paytaxt sakini Ramid Nəzərov əməkdaşımıza bildirib ki, yaradılan
su hövzəsi parka xüsusi yaraşıq versə də, əslində körpələr üçün çox
təhlükəlidir: "Mən bu ərazidə yaşayıram. Demək olar ki, hər gün
axşam bu parka dincəlməyə gəlirəm. Amma körpəsiz. Çünki yaradılan
süni göldə maneələr qoyulmayıb. Uşaqların bir neçə saniyə
nəzarətsiz qalması faciəyə səbəb ola bilər".
Şəhər sakini Zakir Bayramov isə problemin qabaqcadan aradan
qaldırılmalı olduğunu deyir: "Bunu park inşa ediləndə fikirləşməli
idilər. Gərək kiminsə övladı hovuza düşüb boğulsun, sonra bunu
düzəltsinlər?! Mən nəvələrimi parka gətirmirəm. Çünki bilirəm ki,
ani ehtiyatsızlıq və nəzarətin yayınması uşağın hovuzda boğulmasına
səbəb ola bilər".
Qeyd edək ki, 2013-cü ildə paytaxtın mərkəzi hissəsində
istifadəyə verilən Dədə Qorqud parkının ümumi sahəsi 6 hektardan
çoxdur. Burada müxtəlif bitkilər, ağac növləri göz oxşasa da,
təqribən 3 hektar ərazidə yaradılan göl uşaqlar üçün kifayət qədər
təhlükəlidir.