Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 21 il
ötür.
1993-cü il
avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər
tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma
torpaqlarını tərk edib.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən
Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi,
Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayonunun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və
məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib.
Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.
Füzuli rayonu 1988-ci ildən başlayaraq mütamədi olaraq ermənilərin
hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid
olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil
olub.
Ərazisi 1050 kv.km olan Cəbraylın Ermənistan Silahlı Qüvvələri
tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5
məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal
altında qalıb.
Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun
2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal
olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə
dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i
işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii
sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra
faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan
Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd
yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd
kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar
tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000
hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
Trend