"Media forum" saytının suallarını politoloq Hikmət
Hacızadə cavablandırır.
- Vilnüsdə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının
sammiti başlanır. Bu toplantı Azərbaycana nə vəd edir?
- Vilnüs sammiti demokratiyanın, insan haqlarının, sağlam
düşüncənin, plüralizmin yayılmasının növbəti mərhələsidir və
toplantını tarixi hadisə kimi qiymətləndirirəm. Bəlkə də dünya
miqyaslı bir addım deyil, amma bizim üçün çox əhəmiyyətlidir. Hesab
edirəm ki, keçmiş sovet ölkələri, o cümlədən Azərbaycan Avropa
yolunu gedəcək.
- Avropa İttifaqı 2009-cu ildən 6 ölkədə Şərq tərəfdaşlığı
proqramını həyata keçirir. Proqramın müsbət nəticələri varmı?
- Azərbaycan, demək olar ki, bu proqramda iştirak etmir.
Baxmayaraq ki, sənədlərə qol çəkmişdik. Amma bir iş, nəticə
görmədik. Bu da təəssüf doğurur. Avropa İttifaqı proqramlarının
hamısı dayanaqlı inkişafa, şəffaflığa yönəlib. Biz bu proqramlardan
mütləq yararlanmalıyıq.
Proqramların icrası demokratiya, sağlam rəqabət, ədalət,
şəffaflıq, azad seçki, korrupsiyasız, rüşvətsiz cəmiyyətinin
olmasını tələb edir. Bunlar da Azərbaycan hakimiyyətinin
məqsədlərinə daban-dabana ziddir. İqtidar nümayəndələri isti
yerlərdə oturublar, yağlı yerləri tutublar və xımır-xımır yeyirlər.
Onlara heç bir dəyişiklik lazım deyil, bunu istəmirlər. Təəssüflər
olsun ki, vəziyyət belə ağırdır.
- Niyə Avropa İttifaqı öz proqramının yerinə yetirilməsini tələb
etmir? Qurumun buna təsir imkanları varmı və ondan istifadə
edibmi?
- Avropanın gücü çatmır. Ona görə də proqramın yerinə
yetirilməsi üçün Azərbaycana təzyiq edə bilmir. Şərq tərəfdaşlığı
proqramı könüllü şəkildə demokratiya, inkişaf, şəffaflıq istəyən
ölkələr üçündür. Kim istəyir könüllü şəkildə proqrama qoşulur, onu
həyata keçirir, faydasını da götürür. Başqa bir təzyiq aləti
yoxdur. Seçkilərin azad, demokratik olması üçün Avropa İttifaqı
Azərbaycana qoşun göndərməyəcək ki!
Hazırda Qərbdə də vəziyyət yaxşı deyil, iqtisadi böhran davam
edir, İran, Suriya, beynəlxalq terrorçuluq problemləri var. Hələlik
Qərb öz problemləri ilə məşğul olur. Ona görə də demokratiyanı
ayaqlar altına atan, korrupsiya, rüşvətlə məşğul olan rejimlərə
təzyiq göstərə bilmir. Təəssüflər olsun ki, günümüzün reallığı
belədir.
- Şərq tərəfdaşlığı proqramının uğur qazanması yalnız dövlətdən
asılı idi, yoxsa vətəndaş cəmiyyəti, demokratik institutlar da
burada hansısa rol oynaya bilərdi? Vətəndaş cəmiyyətinin proqramda
iştirakını necə qiymətləndirirsiniz?
- Azərbaycan kimi ölkələrdə hökumət hər şeyi nəzarət altında
saxlayır. Hazırda bizdəki vəziyyət Leonid Brejnevin SSRİ-ni idarə
etdiyi dövrdəki kimidir. Tərpənmək mümkün deyil. Vətəndaş
cəmiyyətinin nümayəndələri, gənclər, fəallar ciddi təzyiqlə
üzləşirlər, köklü dəyişikliyə nail ola bilmirlər. Hökumət ölkəyə
xarici dəstəyi azaltmaq siyasəti yürüdür. Vaxtilə Bakıda Soros
Fondu vardı, vətəndaş cəmiyyətinin formalaşmasına kömək edirdi,
amma bu fond fəaliyyətini dayandırdı. Başqa xarici təşkilatların da
fəaliyyətini məhdudlaşdırıblar. "Azadlıq", "Amerikanın səsi", "BBC"
radiolarının FM dalğasında yayımını qadağan etdilər. 2014-cü ilin
yanvarından ATƏT-in Bakı ofisinin statusunu azaldacaqlar. Hökumət
bütün qüvvəsi ilə mütərəqqi xarici təsirlərin qarşısını almağa
çalışır. Ona görə də heç bir nəticə yoxdur. Buna baxmayaraq mərd
fəallar, jurnalistlər, demokratiya fədailəri qəhrəmancasına
işlərini davam etdirirlər.
- Qeyd etdiniz ki, hökumət mütərəqqi xarici təsirləri
məhdudlaşdırır. Amma hökumət hesab edir ki, bu, ölkənin daxili
işlərinə müdaxilənin qarşısının alınmasıdır...
- Birincisi, belə yanaşma kökündən səhvdir. İkincisi, Azərbaycan
Helsinki Yekun Aktını imzalayıb. Aktın insan haqları bölməsinin
girişində qeyd olunub ki, demokratiya, insan haqları heç bir
ölkənin daxili işi deyil, hər kəs bu haqda ön narahatlığını bildirə
bilər. Sənəddə yazılıb ki, Helsinki Yekun Aktını imzalayan ölkələr
xarici dövlətlərin, beynəlxalq təşkilatların tənqidini anlayışla
qəbul edəcəklər, buna etiraz bildirməyəcəklər və demokratiya, insan
haqları sahəsində xaricdən edilən yardımlar tam qanunidir. Mərhum
prezident Heydər Əliyev həmin sənədi imzalayıb.
- Vilnüs sammitində ən yüksək və ən aşağı qiyməti hansı ölkələr
alacaq? Azərbaycanın öhdəliklərini yerinə yetirməsi necə
qiymətləndiriləcək?
- Azərbaycan sammitdə yalnız vizaların sadələşdirilməsi sazişini
imzalayacaq. Rəsmi Bakı Şərq tərəfdaşlığı proqramının digər
istiqamətlərinə qoşulmayıb və tərəfdaşlıq, assosiativ üzvlüklə
bağlı proqramda iştirak etmirik. Proqramın yerinə yetirilməsi
sahəsində ən yüksək balı Gürcüstan, Moldova ala bilər. Ukrayna ilə
bağlı vəziyyət aydın deyil, proseslər davam edir. Azərbaycan isə
kənarda qalıb. Bu, çox məyusedici durumdur.
- Azərbaycan ya Avropa İttifaqı, ya da Gömrük İttifaqı seçimi
qarşısında qalıbmı?
- Hökumət rəsmiləri bəyan ediblər ki, bizim işimiz yaxşı gedir,
öz problemlərimizi həll etmişik, gəlirli yerləri tutmuşuq,
qismətimizdən narazı deyilik, yavaş-yavaş yeyib dağıdırıq. Rəsmilər
açıq şəkildə deyirlər ki, nəyə görə dəyişməliyik? Biz buradayıq,
buranın ağasıyıq. Niyə harasa birləşib oranın şərtlərini qəbul
etməliyik? Ona görə də Azərbaycan nə Avropa İttifaqını, nə də
Gömrük İttifaqını seçir. Amma Rusiya prezidenti Vladimir Putin
Azərbaycanla bağlı hansısa qərar versə və təzyiqləri artırsa,
vəziyyət dəyişəcək. Bir nüansı da unutmaq olmaz ki, ölkəyə təzyiq
etmək asan deyil. Əvvəla, bizim neftimiz, qazımız və pulumuz var,
Ukrayna kimi xarici borc içində batmırıq. İkincisi, Azərbaycan Qərb
üçün vacib ölkədir, çünki Avropa və ABŞ-ın strateji maraqları var,
onları həyata keçirmək lazımdır. Qərb bizim ölkəyə münasibətdə
xüsusi strategiya tətbiq edir. Həmin strategiya rəsmi xarakter
daşıyır və mahiyyəti ondan ibarətdir ki, Qərb demokratiya və insan
haqları məsələsində Azərbaycanı dəstəkləmir, amma ölkənin
müstəqilliyini tam dəstəkləyir. Avropa və ABŞ açıq şəkildə bəyan
edir ki, Azərbaycanın hərbi aeroportlarının, strateji obyektlərinin
Rusiyanın əlinə keçməsinə imkan vermərik, çünki onların özlərinə də
lazımdır.
- Gömrük İttifaqının perspektivi varmı və Azərbaycan bu ittifaqa
qoşula bilərmi?
- Gömrük İttifaqına qoşulması üçün rəsmi Bakıya təzyiqlər var.
Amma bununla Azərbaycanı nəyəsə məcbur etmək mümkün deyil. Çünki
hələlik güclü təzyiqlər yoxdur. Bir müddət sonra necə olacağı məlum
deyil. Təzyiqləri artıra, hətta Qarabağda müharibəyə başlaya
bilərlər. Azərbaycanı Gömrük İttifaqına daxil etmək istəyənlər
bunun hər ikisini edə bilərlər. İndiki vəziyyətdə isə Azərbaycanı
nəyəsə məcbur edə bilməzlər.
Gömrük İttifaqının perspektivinə gəlincə, mən bununla bağlı
optimist deyiləm. Çünki ittifaqı Moskva idarə edir. Rusiya isə
bütün sahələrdə iflasa uğrayıb. Rusların siyasəti, iqtisadiyyatı,
strategiyası, mədəniyyəti uğursuzluğa düşür olub, işləyə bilmirlər,
konsepsiyaları yoxdur. Hər gün bir təyyarələri qəzaya uğrayır,
partlayışlar baş verir. Bütün bunlar böyük bir səhvin nəticəsidir.
Qərb Moskvaya təklif edir ki, imkan verin işləri biz quraq,
Rusiyanı iflasdan xilas edək. Amma Moskva bununla razılaşmır, deyir
ki, lazım deyil, hər şeyi biz özümüz həll edəcəyik. Əslində isə
özləri heç nə bacarmırlar. Belə bir vəziyyətdə Rusiya iflasa
uğramış həyat tərzini, bacarıqsızlığını Azərbaycana da yaymaq
istəyir. Biz onsuz da problemlər içindəyik, iflasla üz-üzə
qalmışıq, ağır sınaqlar astanasındayıq, indi bircə ruslar
çatışmır.
- Şərq tərəfdaşlığı proqramının növbəti mərhələsində
Azərbaycanın daha çox iş görməsi, Avropaya inteqrasiyanı
sürətləndirməsi mümkündürmü?
- Yaxın zamanlarda heç nə dəyişməyəcək. Bir qədər zaman
lazımdır. Üç-dörd ildən sonra Gürcüstanda durumun necə olacağını,
Ukrayna assosiativ üzvlük sazişini imzalasa nələr baş verəcəyini
görəcəyik və bunlar bizim üçün örnək rolunu oynayacaq. Amma
Azərbaycanın təhlükəsizliyi məsələsini də unutmamalıyıq. Dağlıq
Qarabağ münaqişəsində Rusiya ermənilərə kömək edir, bizə isə heç
kim yardım etmir. Belə olan halda Azərbaycan Qarabağı necə geri
qaytarsın, ermənilərin işğal etdiyi torpaqları necə azad etsin? Biz
təkbaşına Rusiya-Ermənistan ittifaqına qarşı vuruşa bilmərik.
Deməli, Azərbaycan başqa yerlə birləşməlidir. Bu tamamilə aydındır,
bunu görmək üçün alim olmağa ehtiyac yoxdur. Azərbaycan da özünə
dost tapmalı, onunla birləşməlidir.
- Bu dostu harada tapmaq, kimlə birləşmək olar?
- Qərblə. Avropa İttifaqı, ABŞ və NATO Azərbaycana yaxşı dost
olar. Əgər orayla birləşsək, bir qədər balans yaranar, vəziyyət
dəyişər, Rusiya da Ermənistanla başqa formada danışar. Amma biz
hazırda acizik. Milyardlarla dollar xərcləyib silah almağımız da
səhv addımdır. Bunu çox nahaq yerə etmişik. Hətta indikindən beş
qat artıq silah alsaq da, Rusiyayla döyüşməyə gücümüz çatmaz.
- Ukraynada baş verənlər Azərbaycanın balanslı və ehtiyatlı
siyasətinin doğru olduğunu təsdiqləyirmi?
- Ukraynanın vəziyyəti başqadır və Azərbaycanla müqayisə oluna
bilməz. Ukraynanın qazı, nefti, pulu yoxdur, borcun içində batır.
Rusiyaya bir neçə milyard dollar borcludur. Rusiyaya ehtiyat
hissələri satır, buradan qazanc götürür.
Azərbaycana da təzyiq rıçaqları tapacaqlar, Rusiyada yaşayan
soydaşlarımızı oradan çıxaracaqlar, yaxud da bizi Dağlıq Qarabağın
müstəqilliyini tanımaqla təhdid edə bilərlər. Belə çətinliklər
yaşaya bilərik. Mübarizə gedir, kim daha güclüdürsə, qalib
çıxır.
- Azərbaycanın hansı addımı Rusiyanın Dağlıq Qarabağın
müstəqilliyini tanımasına gətirib çıxara bilər?
- Burada Azərbaycanın siyasəti və hərəkəti əhəmiyyətli deyil.
Mübarizə Qərblə Rusiya arasında gedir. Qərb Moskvanın xoşuna
gəlməyən addım atsa, onda Rusiya Dağlıq Qarabağın müstəqilliyini
tanımaqla təhdid edə bilər.