Goranboy rayonunda şəhid ailəsi ilə icra hakimiyyətinin
nümayəndələri arasında gərginlik yaşanıb.
Bu barədə Axar.az-a rayon sakinləri məlumat veriblər. Onların
sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri ilə bir şəhid
ailəsi arasında mübahisə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələrinə
tikilmiş mənzillərin təqdim edilməsi zamanı baş verib.
Mübahisəyə səbəb isə mənzilə ehtiyacı olan şəhid ailəsinin
bölgüdən kənarda qalması olub. Mənzillər paylanan zaman ümumiyyətlə
ailəsində şəhid olmayan vətəndaşa ev verildiyi halda, ağır
vəziyyətdə olan, iki şəhid vermiş bir ailə növbədən çıxarılıb. Belə
ki, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yaşayan şəhid
ailəsi Dursun xanım əlil oğlu ilə birlikdə illərdir ev növbəsinə
durub. Ailə başçısı Musa kişini Qarabağ müharibəsində itirən ailəyə
icra hakimiyyətindən mənzillə təmin ediləcəyi deyilib. Lakin
mənzillər ailələrə verildiyi gün siyahıdan sözügedən ailənin adı
çıxmayıb. Bu da ailə ilə icra hakimiyyətinin nümayəndələri arasında
böyük mübahisəyə səbəb olub.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə
saxladıq. İcra nümayəndəliyinin müharibə iştirakçıları və şəhid
ailələrinə ev verilməsi tədbirində iştirak edən Eldəniz adlı
əməkdaşı hadisədən xəbərsiz olduğunu bildirdi:
"Tədbirdə mən də iştirak etmişəm. Lakin tədbirin sonuna qədər
orada qala bilmədiyim üçün sonda nə baş verdiyini bilmirəm. Ancaq
şəhid ailələri ilə icra nümayəndələri arasında hansısa mübahisənin
baş verdiyinin şahidi olmamışam. Ümumiyyətlə belə bir hadisədan
xəbərim yoxdur".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elman Babayev də Axar.az-a açıqlamasında məsələ
ilə bağlı məlumatının olmadığını bildirdi:
"Sözügedən tədbirdə mən də iştirak etmişəm, lakin elə bir
mübahisənin şahidi olmamışam. Mənzillərin kimlərə verilməsini şəhər
və rayon icra hakimiyyətləri tətbiq edir və bu, onların
səlahiyyətindədir. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin siyahıya alma səlahiyyəti yoxdur. Bu siyahını şəhər və
rayon icra hakimiyyətləri özləri müəyyən edir və nazirliyə təqdim
edirlər".
E.Babayevin sözlərinə görə, adı mənzil siyahısında olanlar
zamanla mənzillərlə təmin edilir. Şəffaflığın təmin edilməsi üçün
isə həmin siyahılar nazirliyin rəsmi saytına da yerləşdirilir:
"Kimsə adının siyahıda olub-olmadığını saytda yerləşdirilən
siyahıdan müəyyən edə bilər. Həmin siyahıya sonradan dəyişiklik
edilməsi də nazirliyin səlahiyyətində deyil".
E.Babayev əlavə edir ki, mənzilsiz qalan sözügedən şəhid ailəsi
bunun üçün rayon icra hakimiyyətinə müraciət etməlidir:
"Nazirliyin burada edə biləcəyi bir şey yoxdur. O ailə icra
hakimiyyətinə müraciət edib, adını siyahıya saldıra bilər".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
sifarişi ilə Goranboy rayonunda inşa olunmuş 6 mərtəbəli 54
mənzilli yaşayış evi müharibədə əlil olmuş vətəndaşların və şəhid
ailələrinin istifadəsinə verilib. Mənzilləri Əmək və Əhalinin
Sosial Müdafiəsi naziri Səlim Müslümov şəxsən təqdim edib.
Xatırladaq ki, əvvəlcədən nazirliyin saytına qoyulan sözügedən
siyahıda həmin şəhid ailəsinin adının olmadığı görünür.
Foto-skrinləri təqdim edirik.