Redaktorların
Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə görüşündə
diqqətdən kənarda qalan, amma olduqca maraqlı bir məqam da baş
verib.
Bu da ondan ibarətdir ki,
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov öz çıxışında
qəzetlərin, saytların bir sıra yanlış, yoxlanılmamış, hay-küylü,
dezinformasiya tipli xəbərləri çap etmə səbəbi olaraq İP (elektron
və yeni medianın tiraj göstəricisi, neçə unikal girişi olduğunu
göstərir - S.T.) yarışmasını göstərib. O, qeyd edib ki, xüsusilə də
tanınan saytlar İP yarışında qabağa çıxmaq üçün tiraj gətirə
biləcək hər bir xəbəri ağına-bozuna baxmadan yayırlar. Digər
tərəfdən, bu zaman bir sıra "pripiska" hallarına da yol verilir.
Əli Həsənov deyib ki, Prezident Administrasiyasına bu yarışın
xarakteri və hansı oyun qaydalarını pozaraq aparılması
məlumdur.
Belə ki, o, bəzi saytları tiraj saxtakarlığında ittiham edib.
Deyib ki, onlar hansı redaksiyalarda robot kompüterlər olduğunu,
eləcə də hansı saytların digər proqramlar və ödənişli "qara bazar"
şərtləri ilə bir sıra proqramlara qoşulması barədə məlumatlıdırlar.
Bu yarışma nəticəsində də saytlar bir-birini qabaqlamaq və daha çox
İP yığmaq üçün gözlərinə görünən, özlərinə maraqlı gələn, daha çox
oxucu gətirə biləcək məlumatlardan istifadə edirlər. O, bu cür
halların yığışdırılması zərurəti haqqında danışıb. Qeyd edib ki, bu
cür oyun qaydaları, yarış media mühitini korlayır. Nəticədə də
ölkəyə zərər verən dezinformasiyalar ortaya çıxır.
Bu iddiaların faktoloji tərəfi olaraq 3 günlük müharibə dövründə
hərbi məlumatların, sərhədyanı bölgədən olan məlumatların
yoxlanılmadan yayımlanmasını göstərib.
Biz də bu durumla bağlı "yeni media" təmsilçilərinin, eləcə də
mütəxəssislərin rəyini öyrəndik.
"Yeni
Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, nadir
hallarda iqtidar məmurlarının dedikləri ilə razılaşır və onları
bölüşür. Onun sözlərinə görə, Əli Həsənovun dedikləri həmin nadir
hallardan biridir: "Bu, bizim də yaralı yerimizdir. Mən hesab
edirəm ki, bir sıra saytlar son vaxtlar gerçəkdən də oyun
qaydalarını pozurlar. Onlar sponsorlarından əlavə maliyyə almaq
naminə robot kompüterlərə, bir sıra oyunlara ödənişli əsaslarla
qoşularaq tirajlarını artırmağa, sayğaclarını yuxarı qaldırmağa
çalışırlar. Bu da bizim haqqımız olan yerimizi əlimizdən alma
təşəbbüsü, bizim haqqımıza girmək deməkdir. Mən bundan çox
narazıyam. Ona görə də Əli Həsənovun dediyi kimi, oyun qaydalarının
bu cür pozulmasına etiraz edirəm".
Baş yazar dedi ki, "Yeni Müsavat" qəzeti hər cür təftişə
açıqdır. O, 10 və ya daha çox KİV təmsilçisinin, rəhbərlərinin
iştirakı ilə komissiya qurulmasını təklif etdi: "Unikal İP-lər
təftiş edilsin – "google analitiks" və digər mütəxəssislərin
vasitəsilə. Bu komissiya müəyyənləşdirsin ki, oyun qaydalarını
pozan kimdir. Kim bu fırıldaqlara əl atır, kim ölkə mediasında
yalançı yarış mühiti yaradaraq, bütövlükdə mühiti korlayır. Bu cür
saxta tiraj məsələləri bağlı ötən illərdə kağız versiyalar
nümunəsində də xeyli mübarizələr aparıb, buna nail olmuşuq. Amma
"nyu-media" nümunəsində bunu etmək bir qədər mürəkkəbdir, lakin
mümkündür. Ona görə də təklif edirəm ki, bir komissiya qurulsun və
bu komissiya şəffaflığı yoxlasın. Kim hansı fırıldaqlara əl atır,
kimin unikal İP-i təmizdir. Hətta razıyam ki, bunlar elan
edilməsin. Amma müəyyənləşdirilsin və hər kəsə öz yeri
göstərilsin".
"Yeni Müsavat" isə xatırladır ki, bir zamanlar Azərbaycan çap
mediasında da tiraj savaşı gedirdi. Və bu, təkcə savaş olaraq
qalmır, bir çox hallarda oxucular arasında populyarlığı olmayan
qəzetlərin tiraj "pripiskası"na çevrilirdi. Məsələn, heç 1500 tiraj
real satışı olmayan qəzetlər öz arxa səhifələrində 7000-8000
rəqəmini həkk edir, bununla da öz aləmində oxucunu, eləcə də
bazardakı rəqiblərini aldatmağa çalışırdı.
Hazırda media dünyasında qəzetlər öz yerini saytlara verməyə
başladıqca bir çox tendensiyalar da mahiyyətini saxlayıb, formasını
dəyişdi. Yəni, girişdə danışdığımız saxtakarlığa saytlar yol
verir.
Detallara diqqət edək: Mail.ru-da qeydiyyatdan keçən saytlar
orada olan sayğacın göstəricilərini saxta yolla artırırlar. Bunun
üçün yetərincə pul xərclənir. Ekspertlər bildirir ki, bunu
maliyyəsiz etmək mümkün deyil. Mail.ru-da iki cür hesablama var:
birincisi İP sayını göstərir, digəri isə sayta giriş sayını. Əsas
məsələ də elə burdadır. Saxtakarlıq edən adamlar saytın ümumi İP
göstəricilərini dəyişə bilirlər. Lakin sayta gün ərzində giriş
sayına müdaxilə edə bilmirlər.
Sadə bir misal: gün sonunda mail.ru-da musavat.com üçün 55-60
min İP göstəricisi göstərir. Vizit - yəni sayta giriş sayı
571,796-dır.
Amma bəzi saytlarda bu göstərici tamam əksinədir. Belə ki, gün
sonunda 60-70 min arası İP göstəriciləri olduğu halda, sayta vizit,
yəni, giriş sayı cəmi 280 mindir. Bu isə heç internet bilicisi
olmayanlar üçün də saxtakarlığı göz önünə sərir.
Heç kimə sirr deyil ki, bunun üçün müxtəlif şirkətlərə də pul
ödənilir. Təkcə Azərbaycanda yox, bu saytların oxunduğu bütün
ölkələrdə.
Daha bir saxtakarlıq nümunəsi isə gündəlik saytlardakı oxunma
sayı ilə bağlıdır. Məsələn, bəzi saytlar F5, yəni refreş
funksiyasını açıq qoyurlar. Bu, o deməkdir ki, biz f5 düyməsini 5
dəfə vursaq, bu, 5 oxunma sayı verir. Bu da oxucunu aldatmaq
deməkdir.
Bununla da ilk növbədə sponsorlarına, reklam verənlərə, daha
sonra isə oxucuya "bizim filan xəbərimiz 10-20 min dəfə oxunub",
tipli yalan mesaj verməyə çalışırlar.
Son dövrlər internet media sektorunda yaranan daha bir mənfi
tendensiya isə "+18", eləcə də zorlama, söyüşmə tipli xəbərlərə
"video" elanının əlavə edilməsidir. "Ata qızını zorladı", "14 yaşlı
qızı 5 nəfər zorladı", "Rəqqasənin yandırıb-yaxan fotoları" tipli
başlıqlar da bu "şərəfli" yolda istifadə edilən ən populyar
vasitələrdir. Bu isə avtomatik olaraq oxucunu ucuz üsulla sayta
cəlb etmə, bu yolla İP artırmaqdır.
Ölkə ərazisində saytların "şəriksiz lider" ünvanına sahib olmaq
üçün yol verdikləri bu saysız-hesabsız, "at işləməz" saxtakarlıqlar
dünya media bazarı üçün əsla qəbuledilməzdir. Demokratiya və bazar
prinsiplərinin örnək olduğu ölkələrdə bu kimi hallara haqsız
rəqabət prinsipindən yanaşıb, sadaladığımız əməlləri edənləri
məhkəməyə də cəlb edirlər.
"Azərbaycan
internet mediasında son dövrlər özünü göstərən bu xoşagəlməz
halların qarşısını almaq üçün öncə vicdan meyarı önə çıxmalıdır".
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz belə hesab edir. Onun
sözlərinə görə, texnologiyadan istifadə edərək süni surətdə saytın,
xəbər resursunun sayğacının daha böyük rəqəm göstərməsinə nail
olmaq olar. Onun sözlərinə görə, hazırda bununla bağlı geniş
imkanlar var: "Həm özünüz onu süni surətdə artıra bilərsiz, ya da
başqa internet resurslarla əlaqə yaratmaqla bunu edə bilərsiz.
İnternetdə elə servislər təklif olunur ki, 5-10 dollar ödəməklə
sizə filan qədər İP artırılması təklif oluna bilər. Texniki
cəhətdən internetdə bununla bağlı hər hansı problem yoxdur.
O qalır internet resursun sahibinin vicdanına. Yəni, o, istəsə,
bunu süni surətdə istənilən qədər artıra bilər. Bunun qarşısını
necə almağa gəlincə, bu, bir etika məsələsidir. Reklamla bağlı
agentliklər, bazarın tendensiyasını ölçən xüsusi qurumlar var ki,
reytinqi ölçə bilir. Hətta hansısa xəbərin oxunma sayını belə ölçə
bilir. Onlar bir qədər aktivləşməlidirlər. Azərbaycan bazarında
reklam qurumları var və bunlar yavaş-yavaş artmağa doğru gedir.
Bunlar müəyyən ictimai rəy formalaşdıra bilərlər. Hansı internet
resursların bazardakı xüsusi çəkisinin nə qədər olmasını bu
qurumlar bilirlər".
O.Gündüz dedi ki, Azərbaycanda bu işlə məşğul olan monitorinq
sistemləri var. Müsahibimizin sözlərinə görə, Netreds, Media
Monitorinq Mərkəzi, Top News, Media Servis şirkətləri artıq bazarı
analiz edirlər: "Onlar real vəziyyətin necə olduğunu, süni
vəziyyəti ölçə bilirlər. Ona görə də hesab edirəm ki, burda ictimai
qınaq anlamlı məsələlərdən istifadə etmək daha doğrudur. Bununla
bağlı ictimai rəy formalaşdırmaq, hesabatlar dərc etdirmək
lazımdır. Yəni, bu metod burda daha keçərli ola bilər. Düşünmürəm
ki, qanunvericilik qaydasında bunun qarşısını almaqla bağlı nələrsə
var. Bu istiqamətdə Azərbaycanda formalaşan, onun onlayn bazarını
monitorinq edib, real vəziyyəti üzə çıxaran qurumlar
aktivləşməlidir".
Mütəxəssis bunu hakerlik hesab etməsə də, sayt rəhbərinin
məsuliyyətində olan saxtakarlıq adlandırdı. Onun fikrincə, bu əmələ
yol vermək üçün haker biliklərinə malik olmağa ehtiyac yoxdur:
"Konkret hansısa şirkət hansısa bir resursun bazardakı
populyarlığını, reytinq göstəricisini, xəbərlərin oxunma sayını
öyrənmək istəsə bunu edə bilər. Bunun üçün həmin sistemin
monitorinqini aparmaq kifayətdir. Bu monitorinq kiminsə tərəfindən
aparılırsa bu informasiya onun özünə məxsus olur, o, ictimailəşmir.
Yəni, hansısa sayta reklam vermədən öncə öyrənir ki, onun
auditoriyası nə qədərdir. Bununla da öz reklam işini qurur. Amma
konkret işi monitorinq aparmaq olan qurumlar bunu edib,
ictimaiyyətə məlumat verməlidir. Mətbuat Şurası, media ilə bağlı
olan qurumlar belə monitorinq apara bilər".