Bakının məşhur restoranlarından sayılan "Oazis"də baş
verən kütləvi dava ilə bağlı hər gün ortaya yeni xəbərlər çıxır.
Restoran rəhbərliyi davanın səbəbkarları kimi bir ailə məslisinə
toplaşanları günahlandırmışdı.
Musavat.com sentyabrın 4-də qarşı tərəfin
hadisə ilə bağlı dediklərini, habelə onların yaydığı videonu
oxuculara təqdim etdi. Sentyabrın 5-də isə əməkdaşımız ad günü
məclisinin təşkilatçısı Zaur Əsgərovun müalicə olunduğu 1 saylı
Təcili Tibbi Yardım Xəstəxanasında olub, məclis iştirakçıları ilə
görüşüb. Bir neçə nəfərin yaralanıb, iki nəfərin polis tərəfindən
saxlanması ilə nəticələnən davanın təfərrüatlarını onların
təqdimatında oxuculara çatdırırıq.
Vasif Şəfiyev: "Bizə dedilər ki, bura sizin üçün ....
deyil..."
Öncə ondan başlayaq ki, xəstəxanadan bizi görüş saatı olmaması
bəhanəsi ilə Z.Əsgərovla şəxsən görüşməyə qoymadılar. Amma məclisin
iştirakçılarından, Z.Əsgərovun dostu, ailənin yaxını olan Vasif
Şəfiyev bizi məlum hadisə günü baş verənlərlə bağlı
məlumatlandırdı. Onun sözlərinə görə, əslində bütün hadisə restoran
mühafizəçilərinin tərbiyəsizliyindən sonra başlanıb: "İlk dəfə
zalda oynayanda mühafizəçi mənimlə Emilə yaxınlaşdı. Dedi ki, bura
sizin üçün - çox əxlaqsız bir ifadə işlətdi - deyil. Biz də dedik
ki, bilirik, ailəmizlə gəldiyimizi dedik. Ondan sonra əl-üzümüzü
yumaq üçün getdik. Qayıdandan sonra bizim Zaur Əsgərovla - hansının
ki, oğlunun ad günü idi - iki mühafizəçinin çölə çıxdığını gördük.
Çöl qapısının yanında söhbətləşməyə başladılar. Zaur onlardan
soruşdu ki, mənim qonaqlarımdan nə istəyirsiz, axı biz ailə ilə
gəlmişik. Öyrəndik ki, Zaurgil bayıra çıxmazdan əvvəl içəridə də
bəzi söhbətlər olub. Bütün ailə, Zaurun anası, digər qohumlar da
bunu təsdiqləyə bilərlər. Hər şey qaydasında getdiyi bir vaxtda
çöldə bir nəfər kənar adam çıxıb Emil Tumasova (məclis
iştirakçılarından biri, ciddi xəsarət alıb-müəl.) təhqiramiz bir
söz dedi və yumruq atdılar. Ondan sonra hər şey idarədən çıxdı və
Emilin qaşını partlatdılar. 6-7 santimetr qaşı açıldı. Bu zaman
yenə vəziyyət nəzarətdən çıxdı. Biz çöldə 5 nəfər idik. Heç kimimiz
yox idi, hər tərəfdən vururdular. 5-5, 3-3 tökülüşürdülər".
Müsahibimiz restoran sahibi olan Mirtalıb Mirioğlunun hadisə
yerində olduğunu bildirdi. Onun sözlərinə görə, hadisəyə müdaxilə
edən restoran sahibi öncə öz mühafizəçilərini qovub və onlara
"müştərini döymək olmaz" deyib. Amma ardınca yenə də hadisələr
nəzarət altından çıxıb: "Hacı gedəndən sonra hər şey sakitləşdi.
Keçdik stol arxasına, su içdik, Zaurun atası ilə danışdılar.
Dedilər, qoy restoran boşalsın, danışaq. Lazım olsa sabah gələrsiz.
Lazım olar bağışlayarsız, olmaz bağışlamazsız. Bu an biz stola
keçdik. Emilin qanlı köynəyini dəyişdilər. Orda ona başqa köynək
verdilər. Biz masa arxasına keçən kimi tortumuzu verdik ki,
kəssinlər. Masaya oturan kimi Emildən yenə qan açıldı. Hacı
yanımızda idi. Emil qanının açılmasından əsəbləşib dedi ki, mən də
qanımı yerdə qoymayacam. Bu yerdə ofisiant qayıtdı ki, ə, qoduq,
bəsdirin də, siz qudurdunuz artıq". Müdirin yanında butulkanı vurdu
və ondan sonra dava davam etdi. Həmin vaxt Zaurun yoldaşı yerə
yıxıldı".
"Zaurun yoldaşı o qədər qısqancdır ki, o, heç zaman
başqa xanımla rəqs etməz... "
Müsahibimizdən insidentin başlanmasına səbəb olan rəqs
məsələsini soruşduq. Məlumdur ki, restoran rəhbərliyi bu qrupun,
xüsusən də ad günü sahibi Zaur Əsgərovun yan masada əyləşən gənc
xanımları narahat etdiyini, onlarla rəqs etdiyini, üstəlik, rəqs
edərkən köynəyinin yaxasının açıq olduğunu iddia etmişdi. V.Şəfiyev
bu iddianın gülməli olduğunu bildirdi: "Zaur bəyin yoldaşı çox
qısqancdır. Məktəb vaxtlarından bir-birini sevib evləniblər. O
qədər böyük sevgi və təbii qısqanclıq qarşısında heç vaxt Zaur
gedib yan masadan hansısa xanımla rəqs etməz. Masamızdakı subay
oğlanlardan biri - Emil Tumasov meydanda oynayanda orda xanımlar da
olub, birgə oynayıblar. Amma yaxasının açıq olması iddiası ağ
yalandır. Fotolardan da göründüyü kimi, yaxası iki düymə açıq olub.
Lap ondan bir düymə də aşağı açıq olsa, onların dediyi kimi biədəb
görüntü ola bilməzdi. Biz İranda yaşamırıq ki, xanımlarımıza zorla
hicab geyindirək. Kim necə istəyər, elə geyinər".
"Aşpaz manqaldan şişi çıxarıb Zavidin qoluna
keçirdi"
Keçək digər iddiaya. Məlum, restoran rəhbərliyinin ilkin
iddiasında bu masadakıların menyüdə içki olmamasına baxmayaraq,
ofisiantdan içki istəməsi və davanın bu səbəbdən baş verməsi yer
alırdı. Hərçənd ki, sonradan iddialar "açıq yaxa" və "qonşu
masadakı qadın" məcrasına yönəldi. V.Şəfiyev bunu da inkar edir:
"Biz içkini özümüzlə gətirmişdik. O boyda məclisdə cəmi iki ədəd
yarım litrlik arağımız vardı. Özü də biz getdiyimiz bütün
restoranlara özümüz içki də aparırıq. Biz onlardan niyə içki
istəyək ki? Hacı adamdır, restoran açıb, içki vermir. Amma bunun
əvəzində restoranda göbək rəqsinə qədər hər şey oynayırlar. Daha
sonra deyirlər ki, guya biz hesabı ödəməmək üçün əvvəlcədən dava
salmışıq. Bu, biabırçı bir iddiadır. Daha bir yalan da odur ki,
içkili olduğumuz üçün dava salmışıq. Axı o saatda insan o qədər
içkili ola bilməzdi. 8-ə 15 dəqiqə qalmış biz restoranda oturduq.
9-da narazılıq başladı. Biz orda ailə ilə idik. Nə qədər içsək də,
o dərəcədə keflənə bilməzdik. Zaurun atası nəvəsi ilə oynayır,
içəridə həbs olunan Ravid Zaurun anası ilə vals oynayırdı. Heç kəs
onların dediyi kimi içkili deyildi".
Bu yerdə üz-gözü sarğıda olan, aldığı zədələrdən dolayı
danışmaqda çətinlik çəkən Emil Tumasov (fotolara diqqət) söhbətə
qısa bir əlavə etdi: "Oranın mühafizəçiləri Avropa və dünya
çempionlarıdır. Bizə də deyirlər ki, guya biz onları döymüşük. Onda
gərək gələn il çempionata biz çıxaq".
"Davanın böyüməməsi üçün bizi niyə polisə
vermədilər?"
V.Şəfiyev ofisiantın hovuza atılması iddiasına da aydınlıq
gətirdi. Dedi ki, "Oazis" ancaq özünə sərf edən görüntüləri yayır:
"Amma onlar Ravid Abdullayevin şişlə vurularaq, sonra da hovuza
atılmasını demirlər. Kamera eyni şeyi çəkə bilirsə, hər iksini
çəksin. Əsas kadrı çıxarsınlar ortaya. Aşpazın manqaldan şişi
çıxararaq Ravidi necə vurmasını göstərsinlər. Adamın qolu
yaralandı, ikinci dəfə hovuza düşdü. Ona baxmayaraq, qoluna tikiş
qoydular. Bölmədə izahat verəndən sonra ondan heç bir xəbər
çıxmadı. Hardadır, necədir, yarası hansı vəziyyətdədir, bilinmir.
Hətta öyrəndiyimizə görə, sarğısı baxılmaq üçün açılıb, sonra
yenidən bağlanmayıb. Videoda bizimkilərdən iki nəfər var - Zaur və
Ravid görünür. İkisi də yaralıdır. Axırda o da gəlib dizi üstə
çöküb yıxılır".
V.Şəfiyev deyir ki, restoranın o qədər sayda mühafizəçisi,
ofisiantı 4-5 nəfərin üstünə hücum çəkmək yerinə, polisə,
xəstəxanaya müraciət etməliydi: "Olmazdı ki, davanın böyüməməsi
üçün bizi tutaydız, verəydiz polisə? Niyə polisi, təcili yardım
maşınını içəri buraxmırdılar? Emilin kadrları niyə çıxmır ortaya?
Çünki Emil hər yerdə ayaq altında, qan içində idi. Bizdən 3 nəfər
yaralı idi. Biri Emildir, bu gün Tusi adına Klinikada
tomoqrafiyadan keçib. Beynində iki qan laxtalanması var. Bu, artıq
çox ciddi nüansdır. Beyinə olan xəsarətləri restoran müdiriyyəti
heç nə ilə ödəyə bilməz. Ailənin tək oğludur, bunun arxasında
dayanmaq var... Zaur - 3 yaşlı uşağın atası xəstəxanada müalicə
alır. Gipsdə qalıb, onurğa sümüyündə ağrılar var. Ravid qolundan
xəsarət alıb, amma həbsdədir. Ondan heç bir xəbər yoxdur. Həqiqətən
də təəccüblüdür ki, biz ordan sağ çıxa bildik. Amma bunlar yaralı
adı ilə başının arxasına bir pambıq yapışdırılmış ofisiantı
qoyublar ortaya ki, guya ona xəsarət dəyib. Lənət şeytana, mən
hamıdan soruşuram: 3 nəfər 60 nəfəri necə döyə bilər? Bu, nə
məntiqlə mümkündür, nə fiziki güclə".
Xəstəxanada Z.Əsgərovun xalası (adının çəkilməsini
istəmədi-müəl.) ilə də söhbətləşdik. Bildirdi ki, o qədər xanımın
oturduğu masada heç kim ədəbsiz hərəkət edə bilməzdi: "Emil cavan,
subay oğlandır, ortaya çıxıb oynayanda qızlar da bununla
oynayıblar. Əgər bizdən kiminsə o xanımlara qarşı nəsə pis bir
hərəkəti olsaydı, dərhal onu da yayardılar. Orda sataşma olsaydı,
çəkib verərdilər. Hətta masadakı dostları zarafatla Emilin qızlarla
oynamasını çəkdi ki, nişanlına göndərəcəyik. Hər şey bu qədər
səmimi olmuşdu. Bu rəqs söhbəti davadan bir saat qabaq olmuşdu,
davaya nə aidiyyəti var idi ki?"
Zaur Əsgərovun atası Mahir Əsgərov: "Hacının əmrindən sonra
aşpazlar əllərində şişlə çıxdılar bayıra"
Z.Əsgərovun atası Mahir Əsgərov isə hadisənin günahkarı kimi
restoranın sahibini görür. Müsahibimiz bildirdi ki, məclis çox
sakit, şad əhval-ruhiyyədə başlayıb: "Mənim nəvəmin ad günü idi.
Hardasa yarım saatdan sonra gəlinlə oğlum durub oynadılar. Mən də
bu zaman öz nəvəmi gəzdirirdim. Sonra gördüm ki, Zauru bayıra
çıxardılar. Mən də arxasınca çıxdım. Gördüm ki, oğlumla birgə 3-4
nəfər mühafizəçi orda dayanıb. Məsələnin nə olduğunu soruşdum. Zaur
dedi ki, ona "yanındakı o qadının geyiminə fikir ver" deyiblər.
Zaur da deyib ki, qadın mənim yoldaşımdır, geyimi də açıq deyil. Bu
söhbətin üstündə mübahisə başlandı. Mən hiss elədim ki, onlar bizə
sataşmaq istəyirlər. Özü də orda mühafizəçilərin bir neçəsi içkili
idi. Bunu polisdə də dedim, ərizəmi götürmədilər. Mən tələb
etmişdim ki, bu insanlar yoxlanılsın. Ərizəmin yerinə məndən izahat
aldılar. Sonra mübahisə böyüdü. Onların bütün personalı - 60-70
insan birdən-birə davaya necə qoşuldular. Siz gərək orda o
işçilərin bizə boşqab atmalarını görəydiz. Hacı müəllim (restoranın
sahibi Hacı Mirtalıb Miroğlu) onlara boşqab atmağı öyrədib. Hacı
müəllim bilməliydi ki, 3 yaşlı uşağın, gəlinlərin qabağında bunu
etməzlər. O uşağın 3 yaşı var, hələ danışa bilmir. Amma mən sizi
inandırıram ki, 10 yaşına qədər o uşaq danışa bilməyəcək. Heç bir
ataya, anaya qismət olmasın".
"Deyir, mənim pulum var, varım var... "
M.Əsgərov söhbət zamanı daha bir yeni detalı açıqladı. Dedi ki,
dava zamanı Hacı Mirtalıb Miroğlu şəxsən işçilərinə göstəriş verib:
"Hacı işçilərinə əmr verdi ki, qırın bunları. O, bunu deyəndə mən
Hacının yanında idim. Ona dedim ki, Hacı, ayıbdır, bunları
yığışdırın, siz müəssisənin müdirisiz. Onun bu əmrindən sonra
aşpazlar da əllərində şişlərlə bayıra çıxdılar. Dayandım baxdım.
Bir də ki, 102-yə məlumatı mən verdim, onlar yox. Hacı insanlarla
pulla danışır. Deyir, mənim pulum-varım var. Mən Azərbaycan
vətəndaşıyam, dövlətimə də inanıram. İmkanım da zəif olsa, özüm də
fəhlə insan olsam, dövlətimə inanıram. Hacının dediyi pul bu
dövlətdə keçməyəcək. Hacı bilməlidir ki, biz də insanıq. Biz
balamızı qanın içində gördük.
Maraqlanın görək, onların yaralıları nə zaman xəstəxanaya
yerləşdirilib. Başının arxasına bir pambıq yapışdırılmış ofisiantı
yaralı kimi təqdim edirlər. Amma bizim uşaqlar ciddi travmalarla,
beyin silkələnməsi ilə qalıb ortada. Onlar eşidəndən sonra ki,
bizdə yaralılar var, öz adamlarını göndərdilər xəstəxanaya. Ora
düşmə tarixləri, kağızları var".
Bütün bu olanları qarşı tərəfin dilindən dinlədikdən sonra bir
çox oxucunun ağlına gələn o məlum sualı verdik: "Oazis"
rəhbərliyinin sizinlə nə kimi qəsd-qərəzliyi vardı ki, belə bir
qanlı olayın baş verməsinə səbəb oldular? M.Əsgərov dedi ki, bu,
"Oazis"də baş verən saysız-hesabsız davalardan sadəcə biridir:
"Restoranın qabağında taksi sürücüləri dayanıb. Siz onlarla
maraqlansaz eşidəcəksiz ki, ayda ən azı 3-4 belə böyük dava baş
verir, amma sonradan bağlanır. İnternetdə "Oazis"də dava
videolarını axtarın, görün neçə belə video çıxacaq".
Yaralanmış Emil Tumasovun atası Rafiq Tumasov da bizimlə
söhbətində restoran sahibini ittiham etdi. "Biz İran İslam
Respublikasında yaşamırıq" deyən ata insanların geyiminə
qarışılmasını, onlara bu yolla zor edilməsini qanunsuzluq
adlandırdı: "Sabah bu hadisə hamının başına gələ bilər. Birinin
qıçını sındırıblar, mənim oğlum beyin travması alıb. Bu uşaqların
səhhəti sıradan çıxsa, iş qabiliyyətlərini itirsələr, kim onlara
cavabdeh olacaq? Hərə bir qoçu dəstəsi saxlayacaqsa, onda qanunlar
nəyə lazımdır? Oğlumun 5 dişi qırılıb, beynində gimatoma var. Bunun
hesabını kim verəcək?"
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.