"5 saylı şəhər klinik xəstəxananın tərkibindən çıxarılıb
Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və
Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilib. Lakin
iki ay müddətində hələ də İnstitutun tərkibinə daxil edilməmişik.
Bunun nəticəsi olaraq əməkdaşlar iki aydır əməkhaqqı almadan
işləyir. Bu azmış kimi yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond
adı ilə iyul və avqust ayları üçün həkimlərdən 300, tibb
bacılarından 50, sarğı otaqlarından 100 AZN tələb edir. Fond pulunu
verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla
hədələyir".
Bu barədə yanıq şöbəsinin əməkdaşları Publika.az-a göndərdikləri
şikayət məktubunda deyirlər.
Şikayətdə bildirilib ki, V.Ələkbərov əməkdaşlar məzuniyyətdə
olarkən onları işdən çıxarır, onların əvəzinə gənc, təcrübəsiz tibb
bacılarını işə qəbul edir:
"Özün ərizəni yaz, çıx, yoxsa mən biyabırçılıqla çıxaracam.
Buranı Ziya Əsədovun işə qəbul etdiyi işçilərdən təmizləyəcəm" kimi
sözləri deyir. İşə kimi istəyir qəbul edir, kimi istəyir çıxarır.
20-30 il çalışan tibb bacılarını işdən heç bir səbəb olmadan
çıxarıb, əvəzinə gənc işçiləri götürür, hansı ki həmin gənclər
şpris belə tuta bilmirlər, hətta heç bir tibbi savadı olmayan
xadimələr tibb bacısı kimi fəaliyyət göstərir. İşçilərdən yığılan
fond pulu azmış kimi, xəstələrdən də 30 AZN alınır, ayrıca palatada
yatmaq istəyirsə, yerpulu olaraq 20 AZN alır. Uzun sözün qısası,
şöbədə alver gedir.
Yanıq 2-nin böyük tibb bacısını vəzifədən qeyri-qanuni
uzaqlaşdırıb, heç bir təhvil-təslim olmadan başqa tibb bacısını
vəzifəyə gətirib. Həmin tibb bacısı da heç bir səlahiyyəti olmadan
dərman qəbul edir, dərman verir. Yanıq-1 şöbəsində isə nəinki böyük
tibb bacısı, tibb bacısı olaraq əmri verilməmiş birini böyük tibb
bacısı vəzifəsinə təyin edib. Onlar da heç bir səlahiyyətləri
olmadan qiymətli dərmanları və narkotik maddələri təhvil alıb,
təhvil verir. Yanıq-1 və Yanıq-2 şöbələrinin təsərrüfat
bacılarından birini məzuniyyətdə olarkən, digərini isə iş başında
heç bir qüsuru və səbəbi olmadan işdən uzaqlaşdırıb, hətta Vüqar
Ələkbərovun özü də məzuniyyətdə olarkən bu qərarı qəbul edib və
təhvil-təslim olmadan kənar iki işçini əmrsiz vəzifəyə gətirib.
Onların yerinə isə iki nəfəri işə götürüb, onlardan biri Yanıq-1,
digəri isə Yanıq-2 şöbəsində təsərrüfat bacısı vəzifəsini icra
edir. Bu haqsızlığa etirazını bildirən işçilərə isə "Get, kimə
müraciət edirsən et, mənim arxam möhkəmdir, mən heç kimdən
qorxmuram" deyib otaqdan qovur. Təbii ki, sadalamaq istədiklərimiz
bununla bitmir, xahiş edirik, özünüz bu vəziyyətə əncam qılasız,
üzə nələrin çıxacağını özünüz görəcəksiz.
1) Yanıq şöbəsinin müdiri fövqəladə hallar üçün daim hazır
vəziyyətdə olmalıdır. Elə isə Vüqar Ələkbərovun hər ayın 10-12
gününü xaricdə -Türkiyədə olması, Bakıda olduğu günlərdə isə iş
yerində 1-2 saat olması nə deməkdir?
2) Xəstənin müalicəsi ilə əlaqədar xəstənin yaxınlarından özünə
yaxın hesab etdiyi 2 həkim vasitəsilə külli miqdarda məbləğ tələb
edir,
3) Şöbənin işçilərinə qarşı saymazyana davranır, onları hər an
təhqir edib, kobud münasibət göstərir,
4) Kollektiv arasında ayrıseçkilik yaradır,
5) Özünü açıq-aşkar bu şöbənin böyüyü hesab edir və heç kimə
(nazir müavini Nigar xanımdan başqa) tabe olmadığını söyləyir,
6) Şöbə müdirinin təşəbbüsü ilə "Albumin" adlı dərman xəstələrə
baha qiymətə satılır, halbuki həmin dərman dövlət tərəfindən pulsuz
verilir. Bunlar şikayət məktubunda qeyd edilir.
Respublika Yanıq Mərkəzinin baş həkimi V.Ələkbərov açıqlamasında
ona qarşı ünvanlanmış ittihamlara cavab verib. O, bütün
ittihamların dedi-qodu, boş söhbətlər olduğunu bildirib:
"Bu cür məsələləri açıb-ağartmaq ayıbdır. Mart ayından rəsmi
olaraq həmin şöbədə işləyirəm. Bəzi tibb bacıları köhnədən yanlış
işlər etməyə öyrəşiblər. Onlara bir neçə dəfə xəbərdarlıq ediləndən
sonra işdən azad ediliblər. Bu da normaldır. Maaşlarını iki aydır
ala bilməmələri də təbiidir, çünki biz 5 nömrəli xəstəxanın
tərkibindən çıxıb, Həkimlərin Təkmilləşdirmə İnstitutunun tərkibinə
keçdik. Sənədləşmə işləri tamamlanmadığına görə, mən də daxil
olmaqla heç kim iki aydır maaş almır".
Həkim, tibb bacıları, xəstələrdən pul alınmasına gəldikdə,
V.Ələkbərov bunun yanlış ittiham olduğunu dedi:
"Kim pul veribsə, çıxsın qabağa. Xəstəxanada bəzi abadlıq işləri
görülüb və bunun üçün də işçilər öz aramızda müəyyən qədər vəsait
toplamışıq. Özüm də bu pul qoymuşam, 100 yataq dəsti almışıq,
kameralar yerləşdirilib, həyətə yeni gül və ağaclar əkmişik. Bunun
üçün də həkim və tibb bacıları, hamımız pul qoyub almışıq. Pulları
mən yox, tibb bacıları özləri yığıb".
Xəstəxanada təmir və abadlıq işlərinə dövlət vəsait ayırırsa,
bunu tibb işçilərinin etməsinin hansı ehtiyacdan yaranmasına
gəldikdə, müsahibimiz bunun bir çox iş yerlərində tətbiq edilən
qayda olduğunu dedi:
"Dövlətin etdiyindən əlavə özümüz də pul yığıb şəraiti daha da
yaxşılaşdırmaq istəmişik. Ora bizim iş yerimizdir, nəsə almaq,
abadlıq etmək ehtiyacı olanda bunları təmin etmək borcumuzdur".
20-30 ilin tibb bacılarının yeniləri ilə əvəzlənməsinə gəldikdə,
V.Ələkbərov yeni işçilərin vakansiyalar əsasında qəbul edildiyini
dedi:
"Kimisə çıxarıb, yerinə yeni işçi qəbul etməyimiz yalan
məlumatdır. Yeni tibb bacıları vakansiya əsasında qəbul edilir.
Yeni işçi qəbul edərkən gənc kadrlara üstünlük veririk. Çünki
onları kurslara göndərib yeni üsulları öyrətmək daha asan olur. 20
ilin tibb bacısına yeni üsulu göstərəndə deyir ki, "illərdir bu
üsulla işləyirəm" deyib, öyrənmək istəmirlər. Bir neçə işçi töhmət
və xəbərdarlıqdan sonra işdən çıxarılıb. Tibb bacısı bir yaşlı
uşağın əlinə termometri verib, o da sındırıb, civə uşağın qulağının
içinə tökülüb. Halbuki, uşağın temperaturunu tibb bacısı özü
ölçməli idi, lakin valideynə tapşırıb ki, özün ölç vərəqə yaz.
Bundan başqa, sabah başqası gəlib edər deyə, gecə açıq yanıqla
gəlmiş xəstəyə sarğı etməyib, xəstə səhərə qədər inildəyədək qalıb.
Belə şəxslər tibb bacısı işləyə bilməz. Onları bağışlamaq olmaz.
Danışmağa qalsa, çox şey danışa bilərik. Məni bu vəzifəyə yanıq
mərkəzini düzəltmək üçün, əhaliyə xidmət göstərmək üçün qoyublar.
Nəyin bahasına olursa-olsun, oranı düzəltmək borcumdur".