"Bu günki toylar Azərbaycan xalqının mədəniyyətini
deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ
edir".
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
yas və toy mərasimlərində edilən israfçılığa öz Feysbuk səhifəsində
münasibət bildirərkən deyib.
"İki gündür bir neçə hüzür yerində oldum. Hüzür yeri ona görə
deyirəm ki, bizdə işlənən "Xeyir-Şər" ifadəsinin şər hissəsini yasa
aid etmək doğru deyil. İnsan ölümü Şər deyə xarakterizə oluna
bilməz, səbəbsiz yerə ölüm Haqqdır demirlər ki... Son illərdə ən
çox məmnun qaldığım mənzərənin şahidi oldum. Açığı illərdir bu
mövzuda danışmaqdan da yorulmuşduq ki, təkrar-təkrar israfçılığın
qarşısının alınmasını vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar
üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya ki, illər
boyu həlli təxirə salınan bu problemi yarı inzibati üsullarla da
olsa çözməyə başladı. Tam qətiyyətlə deyirəm, ağlı başında olan hər
bir Azərbaycan vətəndaşı üzdə də, içində də bu addıma sevinir. Yas
sahiblərinin işi xeyli yüngülləşib. Artıq kiminsə qarnını doyurmaq
əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini
düşünməyə daha çoxt vaxt ayıra biləcəklər. Hələ qəbir yerlərinin
ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbirstanlıqlar
movzoleyden çox səliqəli ziyarət məkanlarına çevrilsə bu faydalı iş
daha çox rəğbətlə qarşılanar. Narazı qalanlar da təbii ki, olacaq.
Çadır mafiyası, Qəbirstanlıq mafiyası, bəzi geriçi mollalar və.s.
Əsas vətəndaşın razı qalmasıdır.
Millət vəkili həmçinin Toy və Şadlıq evlərinə narazılığını
bildirib və qətiyyətlə pisləyib.
"İndi sıra gəlir Toy və Şadlıq evi mafiyasına qarşı qətiyyətli
hərəkətlərə. Məncə bu məsələlərlə də birbaşa Mədəniyyət nazirliyi,
şəxsən nazirin özü məşğul olmalıdır. Niyə? Çünki bu günki toylar
Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa
mədəniyyətsizliyini dünyaya təbliğ edir. Bəlkə də Qobustanda
qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən,
şənlənməkdən utanardılar. Məcburi insanlara menyu adı ilə on-on iki
növ yeməyi zibil kimi yedirdilər. Bir salat 6-7 toyu yola verir.
Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən. Bir
dəfə xatırlayıram, toy sahibi təkid etmişdi ki, stollara Viski
qoymayın, Şadlıq evi sahibi bildirmişdi ki, menyudan bunu çıxa
bilmərəm. Məclisin gedişində toy sahibi viskiləri yığıb evə
göndərmək istəyəndə, icazə verilməmişdi ki, ancaq burada içə
bilərsiniz. O zaman toy sahibi hər stola yaxınlaşıb qonaqlara
içdi-içmədi ucdantutma viski süzəndə Şadlıq evinin sahibi
yaxınlaşıb bildirmişdi ki, xahiş edirən ikisini götür apar, amma
məni ziyana salma. 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun
yarısı bişirilmir. Bəzən Şadlıq evinə çatacaq yetərli pul da
yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov
saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur,
insanların səsdən tez toyu tərk etməsinin qəsdən düşünürlər ki,
yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər
yolla Şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik
deyil, nədir? Buyur Mədəniyyət Naziri, siz də bu sahədə vətəndaşı
razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük
əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu
Menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt
Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı
adamının toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ
yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını
yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada
insanla sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir
və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də
inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq
düzəltməliyik, həqiqətən də yasına, toyuna görə borca düşən,
problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır"