Dostun dəlidirsə...
"Azərbaycan" nəşriyyatında olanlar İlyas Ərnəfəsi yəqin ki,
tanıyır. Çünki yaz-yay İlyas nəşriyyatın qabağında var-gəl eləyir,
əliylə kiməsə nəyisə göstərir.
Hətta hərdən danışa-danışa gülür də. Bura onun, necə deyərlər,
"toçkas"ıdı, heç kimin qabağına qaçıb pul istəmir, kim nə versə,
alıb cibinə qoyur.
Əlbəttə, onu əvvəllər tanıyanlar üçün bu mənzərə çox ağrılıdır,
ancaq şəxsən mənim üçün daha məşəqqətlidir. Gənc yaşlarımızda Həmid
Herisçi, İlyas və mən çiynimizdə çanta Bakının küçələrində də çox
veyillənmişik. Çayxanalarda oturub söhbətləşmişik, kafelərdə
yeyib-içmişik, jurnal-qəzetlərdə çap olunmuşuq. Onda İlyas nəsr
yazırdı, bizsə şer. Onun anası uşaqlığından rəhmətə getmişdi, atası
isə onu evdən qovmuşdu. Nənəsi saxlamışdı.
Yadımdadır, bir hekayəsində yazmışdı ki, bir dəfə nənəm mənim
üstümdə qonşularla dalaşanda əlinə balta götürmüşdü, mənsə onun
tumanından tutub ayağına qısılmışdım.
O, kimsəsiz, istedadlı, əyilməz və yaraşıqlı oğlan idi. Onun
kimsəsi elə Həmidlə mən idim. Vədələşib görüşərdik. Gəlirdim ki,
Həmidlə çayxanada oturublar. Salamlaşan kimi İlyas deyirdi ki,
gedək kafedə yemək yeyək. Həmid dəli olurdu: "A kişi, indicə adama
bir dənə plov yemədikmi, sən yenə acsan?" Mən də gülüb deyərdim ki,
əşi, istəyirsə gedək.
Arıq cüssəsinə baxmayaraq o, heç vaxt yeməkdən doymurdu. Bəlkə
də bu, onda bir yetimlik xəstəliyi idi. İçəndə isə çox şən olurdu.
Familiyası Əfəndiyev idi. Mən biləni, "Ərnəfəs" təxəllüsünü ona
Xəlil Rza Ulutürk vermişdi. Bu yolla da "İlyas Əfəndiyev" olmaqdan
qurtulmuşdu.
Sonralar mən Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul
oldum. Bir də eşitdim ki, bəs, yazıçı Elçin İlyasla Vəli Səyyadini
öz təşkilati və şəxsi dostluq xətti ilə Riqa Universitetinə təhsil
almağa göndərib. Həmidi tanıyanlar bilir, o, çiyni heybəli köhnə
dərvişlərdəndi. Dəfələrlə mənim yanıma Moskvaya gəlmişdi.
Tələbə yoldaşlarım Həmidi yaxşı tanıyırdı. Həmid dəfələrlə
İlyasla Vəliyə dəyməyə Latviyaya da getmişdi. Neyləsin, hərəmiz bir
şəhərdə yaşayırdıq, Bakı da indiki kimi çox darıxdırıcı idi. Həmid
hərdən Moskvaya mərhum rusdilli şair Aydın Əfəndi ilə də gəlirdi.
Bir dəfə lap gül vurmuşdu, İlyası götürüb Moskvaya mənim yanıma
gəlmişdi.
İlyas bir-iki il oxuyandan sonra təhsilini yarımçıq qoyub Bakıya
qaçmışdı. Nə qədər eləmişdilər bir də geri qayıtmamışdı. Həmid
deyir ki, İlyas orda kök bir rus qadını ilə yaşayırdı, ikinci dəfə
gedəndə gördüm ki, o qadının İlyasdan bir oğlu olub. İlyas qadının
evində qalırmış. Deyir, bir gün getdim ki, İlyas su tökür, qadın
isə uşağın arxasını yuyur. Deyir, məni görəndə İlyas o qədər güldü
ki, məni də gülmək apardı.
Mən institutu qurtarandan sonra bir az Bakıda işlədim. Bir də
1993-cü ildə, Surətin üsyanı vaxtı təsadüfən Azərbaycandan çıxdım.
Bir də 1996-cı ilin yazında Bakıya qayıtdım. Rusiyaya getməmişdən
əvvəl həmişə nəşriyyatın mətbəəsinin kafesində yığılardıq. İlyas da
ora tez-tez gəlirdi. 1996-cı ildə Bakıya qayıdanda bir ilə yaxın
idi ki, arağı atmışdım.
Fikirləşdim ki, gedəcəm kafeyə, tanışlardan birinci kimi görsəm
onunla yüz qram araq içəcəm. İçəri girdim ki, İlyas ortadakı
sütunun böyründəki stolda dirsəklənib. Üç il qabaq onu harada qoyub
getmişdimsə, elə oradaca tapdım. Məni görəndə o qədər sevindi ki...
Qucaqlaşıb görüşdük. Oturan kimi yüz qram vurmaq məsələsini dedim.
"Harda itib-batmısan?" - dedi. Mən də ordan-burdan danışdım. Arağın
400 qramını İlyas içdi, dedik-güldük.
And olsun Allaha, yalan danışmıram, birdən İlyasa dedim ki, ayə,
nə yaxşı indiyə qədər dəli olmamısan. İlyas xeyli güldü. Sonra dedi
ki, sən burda olmayanda mən sənin şerlərini bir neçə dili tərcümə
eləmişəm. Yapon dilinə, fars dilinə, bir də fransız dilinə. Dedim,
İlyas, yekə oğlansan, məni dolama. İlyas sifətini ciddiləşdirib
"dolamaq nədi?" dedi: "Mən o şerlərə hələ musiqi də bəstələmişəm".
Sonra da İran müğənnisi Ququşun hansısa mahnısına uyğun, guya
farsca, ancaq anlaşılmayan sözlərlə bir mahnı oxudu. Onun oxuduğu
bu mahnı məni o qədər kədərləndirdi ki, bildim, artıq İlyas dəli
olub.
İndi, isti vaxtlarda nəşriyyatın çölündə, soyuq vaxtlar isə
şüşəbəndin içərisində var-gəl eləyir İlyas. Pul toplayıb kafeyə
girir. Bir yemək götürür, bir də 250 qramlıq bir araq. Heç vaxt
sərxoş olmur. Nitqində rabitə pozulub. Xırdaca bir cümlə deyirsə,
arxasında çoxlu rabitəsiz sözlər deyir. Bu yaxınlarda gedib onunla
kafedə üzbəüz oturdum. Bilmirəm söhbətimiz alınırdımı. Onun dediyi
sözləri başa düşə bilmirdim. Mənim dediklərimi bilmirəm İlyas başa
düşə bilirdimi.
Ancaq orada mənə dedi ki, bilirəm (sonra rabitəsiz sözlər),
sənin iki uşağın var (yenə rabitəsiz sözlər). Həmidin də (rabitəsiz
sözlər) bir oğlu var (rabitəsiz sözlər). Məni ağlamaq tutdu, göz
yaşlarımı ona bildirmədən yaylıqla yox, stolun üstündəki cod
kağızla silmək istədim. İlyas cibindən bir dənə salfet çıxarıb
kirimişcə qabağıma itələdi.
2009